adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Ağ YOL

VƏSİLƏ USUBOVA
31974 | 2008-11-01 01:06
Mən balaca olanda qonşumuzda bir gəlin ərindən boşanırdı. Əslində özü boşanmırdı, deyilənlərə görə, əri elə toy gecəsindən onu incidir, kiminləsə sevgi macəralarının təfərrüatı barədə normal insan ağlına sığmayan suallarıynan bezdirirmiş. O vaxtlar 9-10 yaşım olsa da, böyüklərin söhbətindən bilirdim ki, əri yalan deyir. Çünki bu gəlini qızlığında həmin o "kimsə"yə verməkdən ötrü çox dilə tutmuş, razı sala bilməmişdilər. Yaşa dolduqca kişilərin belə bəhanələri niyə işlətdiklərinin səbəbini anladım. Arvadını qısqanclıq üzündən, onların diliynən desək, "namus" üstündə boşayanlara, nəinki boşayanlara, hətta döyüb şikəst edənlərə, öldürənlərə belə, yan-yörəsindəkilər bəraət qazandırır, üstəlik, səbəbini bilmədən, araşdırmadan "filankəs kişi adamdı" deyirdilər. Qeyrətimiz dünyaya bəllidi bizim...
   
   Ancaq o gəlin heç nəyi anlamaq istəmirdi. Nə gecəsi gecəydi, nə gündüzü gündüz. Günün çox hissəsini bostanın ortasında bitmiş tənha ərik ağacının altında oturub ağlayırdı. Tez-tez bizə gəlir, dərdini anama danışırdı. Özünün günahkar olmadığını, oturduğu yerdə quru böhtana düşdüyünü, bu söz-söhbətin onu odsuz-alovsuz yandırdığını deyirdi. Söhbətlərinin birində qəribə bir fikir söylədi. Dedi ki, istəyirəm uzun bir yol olsun, mən də sabah açılan kimi yerimdən qalxıb düşəm o yolun ağına. Gedəm, gedəm, bir də qaş qaralıb göz-gözü görməyəndə bir yerə çatam, orada gecələyib, sübh tezdən yenə durub yola düşəm. O yol heç qurtarmasın, mən də ömür boyu onuynan gedim. Təki dayanmıyım, təki fikirləşmiyim...
   
   İnsan kədəri, həsrəti, nisgili barədə çox eşitmiş, çox oxumuşam. Ancaq indiyədək nə oxuduqlarım, nə də eşitdiklərim qəlb boşluğunun ağrı-acısını, çarəsizliyini bu kəlmələr qədər dəqiq, inandırıcı təsvir etməyib, çatdırmayıb mənə...
   
   Hara getmək istəyirdi o gəlin? Ümumiyyətlə, insanın həmişə harasa getmək istəyi nə deməkdi? Nə var bu yollarda, hara aparır adamı bu yollar? Ağlım kəsəndən yan-yörəmdəkilərin sözündə-söhbətində, bayatılarında, oxşamalarında, giley-güzarlarında baş götürüb getmək istəyi görüb duymuşam... Yəqin o yol, elə gəlinin də getmək istədiyi yol tamam bam-başqa bir yoldu. İnsan əllərinin deyil, ruhunun, istəklərinin, yuxularının çəkdiyi ağappaq, qırağında yamyaşıl otlar bitmiş bir yol... Elə bir yol ki, son ucunda həsrətində olduğun, hər gecə yuxularına gəlib səni xoşbəxt eləyən O Adam gözləyir. Sən getdikcə, sən tələsdikcə o da səndən uzaqlaşır, əlçatmaz olur, ancaq gözdən itmir. Sən də hey gedirsən, gedirsən...
   
   Evləri dolub-boşalırdı, adamlar başsağlığı verirmiş kimi gəlib-gedirdilər. Arvadlar canıyananlıqla təsəlli verir, ərini nakişilikdə qınayır, belə gözəl-göyçək gəlini bədnam elədiyinə görə hətta qarğıyır, darvazadan çıxanda başqa sözlər danışırdılar: "Od olmasa, tüstü çıxmaz", "Görəsən, nə varmış ki, əri də şübhələnib. Yoxsa, dəli olmayıb ki..." O da söz-söhbətdən bezib bizə gələr, bir də arvadlar gedəndən sonra evlərinə dönərdi. Dərd əlindən ozana dönmüşdü. Danışdıqca danışır, ürəyi boşalmaq əvəzinə od tutub yanırdı. Bir yandan ayrılıq, bir yandan da şər-böhtan göyüm-göyüm göynədirdi onu. Bir dəfə də dedi ki, cehizi qayıdanda çemodandakı pal-paltarın arasından ərinin burun yaylığını tapıb.
   
   
   
   Fələk bizi ayırdı
   
   Yaylığın məndə qaldı...
   
   
   
   Bu bayatını deyib hönkürdü... O zaman uşaq ağlımla anladım ki, artıq hər şey bitdi, onların ulduzu bir də barışmayacaq. Dəsmal ayrılıqdı, o hönkürtü də gəlinin son ahı, son naləsiydi ki, ərşə qalxdı, fələkləri yandırıb bir də yerə qayıtdı. İndi bu gəlinin bir çarəsi qalmışdı: qəlbindəki Ağ Yolu tutub öz həsrətinin, nisgilinin yolçuluğuna başlamalıydı...
   
   İnsan nəyə öyrəşmir ki?!. O da yavaş-yavaş kiridi, ayrılığın oduna, həsrətin qəm-qüssəsinə alışdı. Alışmayıb neyləyəcəkdi ki... O, nə birinciydi, nə də axırıncı. İnsan çarəsizdi, başına gələnlərlə barışır, bəlkə də barışan kimi görünür. O da belə etdi. Ancaq iki şeyi tərgidə bilmədi, iki vərdiş ömürlük canında qaldı: bir gözlərinin yol çəkməyi, bir də sinəsinin köks ötürməyi. Ağlayanla ağladı, gülənlə gülə bilmədi. Məclislərdən qaçdı, iki-üç adam bir yerə yığışanda şübhələndi, "yəqin mənim sözümü danışırlar" deyə düşündü. Haqlı olanda da haqsıza cavab qaytara bilmədi. Arvadların adətidi keçmişi baş qaxıncı eləmək. Abır, ismət təcəssümüdülər, axı...
   
   Bostandakı tənha ərik ağacını da kəsdilər. Kəsməsəydilər də, gəlinin göz yaşları qurudacaqdı o ağacı. Ya da meyvələri şor dadacaqdı...
   
   Yaxşı anası, qardaşları vardı. Hər şeyi unutmasıyçün əllərindən gələni elədilər. Ərə getdi, ev-eşik qurdu, oğlu-qızı oldu. Hər səhər evindən çıxıb həyət-bacada iş görəndə çox tərəfə cığır saldı - bağa, bostana, təndirin başına... Bir cığırı da əzizlərinin məzarına aparırdı onu. Bu illər ərzində anasını, qardaşlarını, bacısını, qardaşı oğlunu, qardaşı nəvəsini, qardaşı gəlinini itirdi. Ağladıqca ağladı, oxşadıqca oxşadı, bu qədər itki də ürəyindəki boşluğu doldura bilmədi. Qəlbindəki o Ağ Cığıra bir dəfə də ayaq basmadı, iz salmadı...
   
   Kəndimizə yolum düşəndə xeyir-şərdə görürəm onu. Yaşı yetmişə yaxınlaşır. Evlənməli, ərə getməli nəvələri var. Bu gün-sabah nəticəsini də görər, inşallah. Ancaq o, mənə qətiyyən yaşlı görünmür. Nəzərimdə heç vaxt qocalmayacaq, qarı olmayacaq. Yaşanmamış arzular insanı qocalmağa qoymur. Sifətində yaşanmamış bir gəlinliyin həsrətini görürəm həmişə. Bostandakı ərik ağacının altında ağlayan tənha gəlin o uzaq illərdən mənə baxır. İstəyirəm o yaylığı hələ saxlayıb-saxlamadığını soruşam. Ürək eləmirəm. Heç gərək də bilmirəm...
   
   
   
   Yanımızda yatan kimdi,
   
   Yuxumuza girən kim...
   
   
   
   Elə bilirəm, Ramiz Rövşən bu sətirləri yazanda o gəlini tanıyırdı...
   
   Neçə illər bundan qabaq "Azərbaycan qadını" jurnalında Natiq Rəsulzadənin bir hekayəsini oxumuşdum. Doxsan yaşlı qarı can verəndə arxada qalan bütün ömrü xəyalında canlanır. Söz-söhbətdən qorxaraq öz istəklərini necə boğduğunu, gəncliyini, hiss və həyəcanlarını, arzu və istəklərini övladlarının xatirinə qurban verdiyini xatırlayır. Bu xəyallar içində qarı sanki canlanır, qalxıb güzgünün qabağına keçəndə heyrətindən donub qalır. Güzgüdə görür ki, o, uzun illər öncəsi kimi yenə də cavan və gözəldi. Əgər belədisə, daha nə gözləyir?! Niyə buralardan uzaqlaşıb öz həyatını yaşamır? Getmək istəyəndə neçə gündən bəri onun yastığı başında keşiyini çəkməkdən yorulub yatan qızına gözləri sataşır. Yox, o, belə edə bilməz. Bunları kimin ümidinə qoyub gedir?! Və qarı geri qayıdıb yerində uzanır. Beləcə, ömür bitir...
   
   İnsan öz taleyindən qaça bilməz... O da qaça bilmədi... Ömür dediyimiz özündə saysız-hesabsız, çeşidli cığırları birləşdirən nəhəng bir Yoldu. Və bu cığırların xəritəsi bəlkə də biz yer üzünə enməmişdən (məhz enməmişdən) cızılır. Biz ancaq yolçularıq. Ayaqları bir yolla, ürəyi başqa yolla gedən yolçular. İstədiyimiz yolla gedib, istədiyimizə qovuşa bilmirik. Qoymurlar...

TƏQVİM / ARXİV