adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

ANLAMAZLIQ MƏRƏZi

OQTAY SALAMOV
21118 | 2008-11-01 01:06
Maşallah, Azərbaycana indi elə tibbi aparatlar gətiriblər ki, pulun varsa bütün xəstəliklərdən, mərəzlərdən qurtulmaq üçün müraciət edə bilərsən. Pulunu mütləq alacaqlar, qurtulub-qurtulmadığın qalır Allaha. İpin üzülməyibsə yaşaya, hətta sağala da bilərsən. Amma bir mərəz var ki, pulunu da versən, pəhrizini də saxlasan, zəlisini, bankasını, küpəsini də qoysan, lap gecədə 5 dəfə tərləsən də candan çıxan deyil ki, deyil. Bu mərəzin adı anlamazlıqdır. Əsasən iki növü olur. Birinci, adamın özünün kütlüyüdür, tərsliyidir, nadanlığıdır. Nə qədər deyirsən, inandırırsan, sübut eləyirsən, anlamır. Belələrinə nadan və qanmaz deyirlər. İkinci növ isə normal adamdır, amma baş verənlər, olanlar o qədər qəliz, o qədər məntiqsiz olur ki, adam bunu dərk eləməkdə, niyyətin nə olduğunu anlamaqda çətinlik çəkir. Anormallıqlardan danışmaq istəyirəm.
   
   Tək bircə günün kriminal xəbərlərindən seçdiyim başlıqları təqdim edirəm: "Ata oğlunun toyunda öldü", "Özünü atasının qəbrinin üstündə asdı", "Oğul atasını döyərək qətlə yetirdi", "Ər arvadını amansızcasına öldürdü", "Qardaşını öldürən 8 il iş aldı", "Oğlunun başını kəsən ata həbs edildi"... Nə baş verir? Doğmalar bir-birinə düşmən kəsilib. Heç kimin tükü də tərpənmir. Hamı pul qazanmağında, analoqsuz işlər görmək sevdasındadır. Bundan da analoqsuz dəhşət olarmı? Başım çatlayır, heç nə anlaya bilmirəm. Küt də deyiləm, savadım, ağlım da var, amma bu boyda dəhşətlərə belə soyuqqanlı, heç nə olmayıbmış kimi reaksiyasız baxılmaları anlaya bilmirəm ki, bilmirəm.
   
   Daxili İşlər Nazirliyi polis orqanlarında xidmət eləmək üçün vakant yerlərə işə qəbul elanı verib. Şərtlər sadalanır: Müsabiqəyə dövlət təhsil müəssisələrində ali hüquq təhsili almış... Şəxsən mən çox gözəl başa düşürəm və anlayıram - Daxili İşlər Nazirliyi müəyyən həqiqi savadı olan işçilərə malik olmaq istəyir. Və bunları da dövlət təhsil müəssisələrini bitirmişlər arasında axtarır. Baxmayaraq ki, onların da savaadı və ixtisaslarını nə dərəcədə bildikləri şübhəlidir, amma gör özəllər nə gündədir ki, onları dövlət qulluğuna qəbul eləmək istəmirlər. Bəs onda niyə möhürünə universitet yazdıran rektor ilk olaraq hüquq fakültələri açır. Az qala kolleclər, litseylər də hüquqşünas buraxır və dünyada ünvanımıza səslənən qınaqlardan birincisi bizim hüquqlarımızı bilməməyimizdir. Kimdən öyrənək, özəl məktəbi bitirən "hüquqşünas"lardan? Ay balam, bir halda ki, onları polisə götürmürlər, prokurorluğa götürmürlər, məhkəməyə götürmürlər, heç adi notarius da götürmürlər, bəs onda bunlar bir ətək pulu niyə verirlər?..
   
   Siyasi partiyalar hökumətdən qərargah, bina istəyirlər. Hökumətimiz də sağ olsun, heç bir müraciəti boş buraxmır, hamısına cavab verir. Amma nəyə görəsə bu müraciətə cavabı bu dəfə hökumət birbaşa yox, YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov verib. Özü də qısa və kəsə: "Yığışıb özünüzə bina tikin! Bu partiyalar özlərinə bina tikməyi bacarmırlarsa, deməli, möhtəkirliklə məşğul olurlar". Partiyalar da deyirlər ki, möhtəkirlik eləsəydik tikə bilərdik, eləmirik deyən istəyirik, tikə bilsəydik hökumətdən istəməzdik ki. İmkanımız olsa yekəsini tikərdik, həm qərargahımız olardı, qalanını da satardıq. Yəni hamı eləyən kimi. YAP özü tikib bəyəm?
   
   Anlaya bilmədiyim zadlardan biri də bu batmış əmanətlər məsələsidir. Əslində hökumətimiz bu söhbətin lap əvvəlində "mən sizin pulunuzu qaytaran deyiləm, gedin kimə vermisiniz ondan da istəyin" deyib yaxasını bu məsələdən kənara çəkə bilərdi. Heç kim də ona heç nə deyə bilməzdi. Amma özünü ədalətli göstərmək istədi, dedi qaytaracam. İndi aylar ötür, illər keçir, heç cür qaytara bilmir. Neft baha olanda ehtiyaclarımız çox idi, körpü, yol, bayraq, fontan, daha nələr. İndi neftin qiyməti də düşüb, bu pensiyaçılar əl çəkmir ki, bəs nə oldu, nə vaxt qaytarırsınız? Gah dedilər qaçqınların sənədləri qaydasında deyil, aydınlaşdırmaq lazımdır, gah indeksasiya məsələsində çətinliklər ortaya çıxdı, gah pul olmadı. İndi deyəsən, tamam başqa bir səbəb tapıblar. Milli Məclisin iqtisadi siyasət komissiyasının keçmiş sədri, iqtisadçı Səttar Səfərov deyir ki, bu qədər pulu birdən qaytarsalar inflyasiya kükrəyib qalxar, camaat pis vəziyyətə düşər.
   
   Mən cəhənnəm, nə əmanətim yoxdur ki, bata, nə də sən deyən pulum yoxdur ki, inflyasiyadan əziyyət çəkəm. Bu zalım oğlu Qasım özünü yırtır ki, sən mənim pulumu qaytar, qoy mənə ziyan olsun. Nətəər olur, biri bir dəfəyə neçə milyon alır, inflyasiya olmur, indi hamımıza bir yerdə bir-iki milyon verəndə inflyasiyaya səbəb olur? Yaman qanmaz adamdı bu Qasım, qandırmaq da olmur.
   
   O dəfə də dünyada neftin qiyməti düşdüyü üçün Amerikada, Avropada, hətta Rusiyada da benzinin qiyməti düşəndə, bizimkilər dedilər ki, bizdə benzinin qiymətinin neftin qiymətinə dəxli yoxdur. Biz oyuncaq deyilik ki, nə isə qalxanda qaldıraq, nə isə düşəndə düşürək. Bizdə stabillikdir. Özü də bizdə bir kərə qalxanın bir də düşməsi "zapadlo" sayılır...
   
   İndi də deyirlər ki, dünya bazarı cəhənnəm, Azərbaycan bazarında da buğdanın qiyməti düşüb, həm öz buğdamızın, həm də Rusiyadan, Qazaxıstandan alınanın qiyməti 20-25 faiz düşüb. Unun da qiyməti müvafiq olaraq düşüb. Amma çörəyin qiyməti düşmür ki, düşmür. Bəhanələri isə gülməlidir: deyir, biz taxılın baha vaxtında ehtiyatımızı almışıq, ona görə çörəyi ucuz sata bilmərik, həm də bilmək olmaz, birdən sabah taxılın qiyməti qalxdı, onda yenidən çörəyin qiymətini qaldıra bilməyəcəyik axı. Niyə bilmirsiniz, bunun nəyi çətindir ki? Bir dənə müraciət eləyirsiniz Tarif Şurasına, o dəqiqə qərar qəbul eləyirlər, qaldırırlar kəlləçarxa vəssəlam, burada nə çətin iş var ki?.. Çörəkbişirənlər deyirlər ki, qiyməti salmasaq da çəkini artırmışıq. Yalançını çörək tutsun! O vaxt qiyməti də qaldırdınız, çəkini də saldınız. Guya camaatın qarğışından, nifrinindən başqa sizə bir kimsə bir söz dedi? İndi çörəyin qiymətinin düşməməsi məsələsində İqtisadi Tədqiqatlar Mərkəzinin iqtisadçı eksperti Vüsal Qasımlı deyir ki, bu məsələ ilə Tarif Şurası da maraqlanmalıdır. Başa düşmürəm, Tarif Şurası kosmosda yaşayır, elə ancaq ikra yeyir, çörək yemir, gözü xəstədir, görmür ki, taxılın qiyməti düşüb, unun qiyməti düşüb, çörəyin qiyməti də düşməyib, keyfiyyəti də yaxşılaşmayıb, çəkisi də artmayıb?
   
   Nəyinsə qiymətini qaldırmaq lazım gələndə Tarif Şurası elan verir ki, bu məsələ ilə bağlı müraciət olunub, baxırıq, qaldıracağıq. Bu dəfə söhbət endirimdən gedir və heç bir çörəkbişirən müraciət eləməyəcək ki, çörəyin qiymətini endirin. Bunlar da müzakirə eləməyəcəklər, olmayan müraciətin nəyini müzakirə eləsinlər ki? Əgər bəhanə müraciətdirsə, elə mən müraciət eləyirəm, buyurun, müzakirə eləyin, çörəyin qiymətini endirin. Amma yox, qorxurlar ki, onda yanacağın da, yaşayışın da, havanın da qiymətini endirmək üçün müraciətlər olacaq axı. Bizim Tarif Şurası da o qədər vicdanlı, diqqətcil, ürəyiyumşaq və rəhimlidir ki, müraciət olsa lap çörəyi pulsuz da eləyər. Özü də deyər ki, Türkmənistan heç inkişafda lider döyül, analoqu olan işləri var, onlar çörəyi, suyu pulsuz eləyir, bizim nəyimiz əskikdir ki? Amma eləmir. Niyə eləmir, anlamıram. 6 ildir şəkər ha əlləşir, məni öldürə bilmir, amma deyəsən, bu anlamazlıq mərəzi məni mütləq öldürəcək. Qoy elə yolüstü Tarif Şurasına bir müraciət də eləyim ki, qəbir yerinin qiymətini də azaltsın, ölüb çöldə qalarıq, qurd-quş yeyər, millət uşaqlarımıza lağ eləyər. Heç yaxşı alınmaz, ayıb işdir...
   
   
   
   P.S.
   
   1 - bu, Tarif Şurasının oturduğu Nazirlər Kabinetidir
   
   2 - bu, bayraq sapıdır
   
   3 - bu da, bir dəfə qalxan çörək bayrağıdır.

TƏQVİM / ARXİV