adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

YENİ TİKİLƏN "NOVASTROYKA"LARIN BƏLASI

FAİQ QİSMƏTOĞLU
21385 | 2015-01-09 01:22


Çoxlarımız bir qayda olaraq yeni tikilən binalarda mənzil almağa böyük maraq göstəririk. Hətta yaxınlarımızla görüşəndə qürur hissi ilə deyirik ki, filan "novastroykadan" təzə mənzil almışam. Maşallah, otaqlar o qədər genişdir ki, loru dildə demiş olsaq, istəyirsən orda futbol oyna. Hələ ad günlərini və digər şadyanalıqları keçirmək üçün yaradılan şəraiti demirik.
Əlbəttə, yeni tikilən binaların bir çoxunun həm memarlıq baxımından gözəl görünüşü var, həm də lazımi texniki tələblərə, standartlara tam cavab verir. Bununla yanaşı, onun dayanaqlığı və zəlzələyə davamlılığı da təminatlıdır. Çünki həmin yeni binaları tikən bir çox şirkətlər kifayət qədər tanınmış və məşhur şirkətlərdir. Və heç bir tanınmış şirkət isə yeni mənzil tikərkən nöqsanlara yol verməz və eyni zamanda texniki qüsurlara şərait yaratmaz. Məhz insanlar da ən çox bu cür binalardan ev almağa çalışırlar. Düzdür, həmin binalarda mənzillər çox bahadır, ancaq buna baxmayaraq, o mənzillər tikinti keyfiyyətinə və görünüşünə görə verilən pullara dəyər.
İndi keçək əsas məsələyə. Yəni bəzi mənzil kooperativ təşkilatlarının tikdikləri "novastroykalara". Aldığımız məlumata görə, bu gün ölkədə yeni tikilmiş 386 bina dövlət tərəfindən təhvil alınmayıb. Ən azından ona görə ki, həmin binalar bir çox texniki tələblərə cavab vermir. Bununla yanaşı, binaların layihələşdirilməsində, tikintisində və eləcə də kommunikasiya xətlərinin çəkilməsində kifayət qədər problemlər mövcuddur. Məhz bu qüsurlara və nöqsanlara görə də həmin binaların dövlət tərəfindən qəbulu həyata keçirilməyib.
Ekspertlər bildirirlər ki, qəbul edilməyən binaları inşa edən tikinti kooperativ təşkilatlarına müəyyən qədər vaxt verilib ki, onlar mövcud nöqsanları aradan qaldırsınlar. Əgər tikintidəki mövcud nöqsanları və texniki qüsurları məlum qurumlar aradan qaldıra bilsələr, təbii ki, o binaların dövlət tərəfindən təhvil alınması məmkün sayılır. Təəssüflə qeyd etməliyik ki, yeni tikilmiş elə "novastroykalar" var ki, bu binanın tikintisində çoxlu sayda texniki qüsurlara yol verilib və eləcə də layihələşdirmə qaydalarına əməl edilməyib. Aydındır ki, bu cür mövcud nöqsanlar zamanında aradan qaldırılmalıdır.
O da sirr deyil ki, bir çox yeni tikilmiş binalara qaz xətti çəkilməyib. Bəzi binalara qaz xətti çəkilsə və hətta sayğac qoyulsa da həmin binalara təbii qaz verilmir. Ona görə təbii qaz verilmir ki, bu binaları inşa edən tikinti kooperativləri hələ də mövcud nöqsanları aradan qaldıra bilməyiblər. Elə "novastroykalar" var ki, sakinlər beş ildir həmin binaya köçüb, qaz xətti də var, ancaq bu günə qədər mövcud binalar qazla təchiz edilməyib.
Bu tez-bazar tikilən "novastroykaların" ən böyük xəstəliyidir. Üstəlik də elə yeni binalar var ki, həmin binaların sakinlərinə mənzillərin məxsus olmasını təsdiq edən mülkiyyət sənədi - kupçalar verilməyib. Təbii ki, kupça da olmayanda mənzilin sahibi nə yeni mənzilə qeydiyyata düşə bilir, nə də onun alqı-satqısını həyata keçirmək imkanına malik olur. Bir sözlə, yeni mənzilləri alan bəzi sakinlər bir neçə gün sevinsə də, sonra sadaladığımız problemlərlə üzləşəndə daş atıb başlarını tuturlar və canlarını qoymağa yer tapmırlar.
Burdan belə bir məntiqi nəticə çıxır ki, bəzi işbazları sakinlərin rahatlığı yox, yeni tikilən binadan onların qazanacağı külli miqdarda pul düşündürür. Əgər belə olmasaydı bir çox binaları inşa edən bəzi mənzil kooperativ təşkilatları bir mənzili iki-üç adama satmazdı. Nəticədə isə sonradan həmin binalarda aldadılan insanlar illərlə müxtəlif qurumların qapılarına ayaq döyür və öz haqlarını tələb edirlər. Onların da haqlarını isə kimsə qorumaq istəmir. Sadəcə olaraq şirin vədlə və "bu gün-sabah düzələr" deməklə sakinlərin başlarının altına yastıq qoyurlar. Uzaqbaşı, camaatın milyonlarını yeyən və üstündən də su içən bu cür adamları dələduzluq maddəsi ilə həbsə alırlar və onu məhkum edirlər. Bəs axır nəticə nə olur? Axır nəticə də ondan ibarətdir ki, aldadılan adamlar ziyana düşür və verdikləri pul batır.
Yeni tikilən binalardan mənzil alarkən sakinlər xüsusilə diqqətli olmalı, həmin binanın hansı şirkətin tikdiyini dəqiq bilməli və bütün təminat alındıqdan sonra o kooperativlərdən mənzil almaq fikrinə düşməlidirlər. Əks təqdirdə, tələm-tələsik və sakinləri aldadaraq tikilən binaların sahiblərinin toruna duşə bilərsiniz. Burdan belə bir məntiqli nəticə çıxır ki, yeni binalarda mənzil almağın hüquqi yolları tam bilinməli və bundan sonra həmin mənzilləri almaq lazımdır.


TƏQVİM / ARXİV