adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

Dünyanın göbəyi

17766 | 2008-11-01 01:06
Yəhudilərin dünya haqqında ənənəvi təsəvvürlərində Allah dünyanı ana bətnində körpə (embrion) kimi yaratdı. Körpə isə göbəydən inkişaf etməyə başlayır. Və yəhudilərə görə dünyanın göbəyi... məlumdur haradır, Sion dağı. "Sion" sözü bir çox tədqiqatçıların fikrincə qala, istehkam mənasını verir. Yəni bura elə bir yerdir ki, oranı mən canımla, qanımla gözəgörünən kənar təhlükələrdən qorumalı və ora da, öz növbəsində, məni gözəgörünməyən kənar təhlükələrdən, kənar qüvvələrdən qorumalı, xətadan-bəladan hifz etməlidir. Doğrüdan da, Yerüsəlim yaxınlığında qədim bir qala yerləşirmiş və doğrudan bu məkan yəhudilərin mənəvi və siyasi dirçəlişi üçün həlledici rol oynadı. Bəzi izahlarda məhz elə buna görə onlar üçün dünyanın göbəyi Fələstin hesab olunduğu bildirilir. Bunun üstünə o da əlavə olunur ki, bu yeri Allah özü yəhudilərə bəxş edib. Düzdür, bütün bunların ardınca qırğınlar, bitib-tükənməyən müharibələr başlayır... Lakin əsas bu deyil, əsas buna qədər gəldiyin qərar və bu qərara uyğun olaraq lazım bildiyin məkanda qərarlaşmağındır.
   
    Müsəlman ölkələrində mənəvi istinadgah sayılan yerlər var. Nə vaxtsa bizdə də var idi. Bəlkə elə indii də var. Son dövrldərə qədər hansısa qeyri-qanuni iş görən, hansısa böyük, ya kiçik qələt yapan və bu səbəbdən təqib olunan adam həmin istinadgaha girib oturardı. Deyərdilər filankəs bəzz tutub. Ona toxunmaq olmaz. Müqəddəs yerdə sığınacaq tapan şəxsi, yaxud da bir yox, daha çox adamları, hətta bütöv bir kütləni gəlib həbs etmək, yaxud güclə oradan çıxarmaq, ya da qırğına vermək günah sayılardı.
   
    Elə bir dil, elə bir din və bunların daşıyıcısı olan elə bir xalq yoxdur ki, onun üçün qala, istehkam, istinadgah anlayışı olmasın. Amma hər xalqda bu anlayış dünyanın göbəyi, yaxud müqəddəs yer mənasında işlənmir. Bir çoxlarında isə bu anlayışlar sırf tarixi və hərbi məna ilə məhdudlaşır. Müasir dövrdə isə əsrlərdən keçib gələn, göz qabağında dip-diri dayanıb duran qalalar ekspozisiya xarakteri daşıyır və qalanın yerləşdiyi ölkənin mədəniyyət nazirliyinin inventarı kimi sənədləşdirilir. Buna baxmayaraq unutmaq olmaz ki, əgər o yerdə nə vaxtsa qala tikilibsə, deməli nəyə görəsə tikilib. Qalanın tikildiyi yeri ətraf ərazidən fərqləndirən bir qüvvənin olduğunu da nəzərə almaq lazımdır.
   
    Qədim insanlar indiki kimi haradasa boş yer görən kimi tələm-tələsik gedib orda evlər tikib məskunlaşmırdılar. Onsuz da illər keçəndən sonra oranın məskun yer olmadığı bəlli olacaq. Həm də oranın heç ruzisi, bərəkəti də uzun sürməyəcək. Ruzi-bərəkət qorunan, istinadgah olan yerdə mümkündür. Bunlar isə elə-belə, müvəqqəti daldalanmaq üçün tikilib. Buralar o adamların övladlarının dədə-baba yurdu olmayacaq. O yer ki,
   
   çöllü-biyabandır, o yer yenə də çöllü-biyaban olaraq qalır, lap istəyirsən kosmosa qədər ucalan evlər tik, "şəhər", yaxud "şəhərcik"lər sal.
   
   Yenə də bunlar müvəqqəti olacaq. Sonda nəinki şəhər, nəinki şəhərcik, heç kiçicik kənd belə alınmayacaq.
   
    Hətta bizim nəslin gözü qarşısında, yəni bir ömür qədər sürən müddətdə böyük imperiya tərəfindən möhtəşəm layihələr həyata keçirilib və sonra həmin yerlər yenidən çöllüyə çevrilib. Hər halda ömrünü bitirib, xarabalığa çevrilmək ərəfəsindədir. Torpağın, ərazinin öz qanunları var. Təbiətin qanunları bizim qanunlara tabe deyil. Əksinə, bizim qanunlar onları nəzərə alaraq yaradılmalıdır.
   
    Bu günlərdə Milli məclisin iclasından televiziya ilə verilən reportacda görürəm ki, görkəmli yazıçı söz alıb Bakıda ev tikintisinin gün-gündən artdığı barədə danışır. Sonda yazıçı öz dili ilə fikrini belə tamamlayır: "Bakı boğulur.On ildən sonra burada yaşayan övladlarımızın nə böyük çətinliklərlə üzləşdiyini indidən təsəvvür etmək çətin deyil." Buna cavab olaraq başqa bir deputat şəhərin boynuna hələ bir minnət də qoyaraq yazıçının dediklərinə etiraz edir: "Nə danışırsınız? Bu tikililərə baxanda adamın ürəyi açılır. On-on beş il bundan əvvəl Bakı indiki ilə müqayisədə heç nə idi."
   
    On ildən sonra nə olacağını deyə bilmərəm, amma vaxt gələcək hər şey dəyişib əvvəlki halına qayıdacaq. On il nədi ki...
   
    Xam torpaq olmur. Hər yerdə torpağın öz təyinatı olur. Hər şey ərazini öz ətrafında mərkəzləşdirən müqəddəs məkana, ocağa tabe olmalı və ona uyğun salınmalıdır. Unutmaq olmaz ki, ocaq istinadgahdır. Onun ətrafındakı ərazinin torpaqlarında nə istəsən əkə, nə istəsən tikə bilməzsən.
   
    Bununla əlaqədar mənim yadıma məşhur alman kinorecissoru Verner Hersoqun "Yaşıl ilan" adlı gözəl bir filmi düşür. Filmdə baş rolda möcüzəli aktyor Klaus Kinski çəkilib. Onun qəhrəmanı Braziliyanın qızıl mədənlərində işləyir. Bir gün ona qarşı təhqirə dözməyib bir nəfəri öldürür və qanun keşikçilərinin əlinə düşməməkdən ötrü qaçaq düşür. Gəzib-dolaşıb, nəhayət, varlı bir adamın yanında gizlənir. Burada da o, boş dayanmır, pambıq tarlalarında nəzarətçi işləyir. Bundan başqa Yaşıl ilan evində sığınacaq tapdığı mülkədarın beş qızının beşini də eyni vaxtda ovsunlayıb özünə cəlb edir və beş qızın beşi də, demək olar ki, eyni vaxtda ondan hamilə olurlar. Lapdan, özü də gözləmədən beş uşağın babasına çevrilən mülkədar Yaşıl ilana qəzəblənir, onu cəzalandırmaq üçün Braziliyanın daha da ucqar yerinə, adamyeyənlərin yanına sürgün elətdirir. Amma Yaşıl ilan burda da özünü güclü şəxs kimi göstərir, qul alverinə girişir, ərazidə yerləşən köhnə, xarabalığa çevrilən qalanı bərpa edir, ətrafında evlər tikir.
   
   Onun bu hərəkətindən qeyzlənən qonşu qəbilələrlə müharibəyə çıxır, onlara qalib gəlir. Hətta özünü bu yerin kralı elan edir. Bu da azdır. Sivil dünyaya az qala məlum olmayan bu yerdə hətta möhtəşəm opera teatrı binası tikməyə başlayır. Buranın adamlarını qul kimi işlədə-işlədə okeanın dalğalı suları kimi göylərlə bəhsə girəcək səslər eşidiləcək yeni tikilən opera teatrının səhnəsindən. Bina hazır olmaq üzrədir. Bura dünyanın ən məşhur opera artistləri dəvət olunacaq. Amma...
   
    Amma bir gün hər şey dəyişir. Ona daha böyük qüvvələr mane olur. Yenə hər şey qayıdır əvvəlki halına. Yaşıl ilan özü də anlamır, aydınlaşdıra bilmir ki, niyə belə oldu. Yalnız filmin sonunda, bu yerlərin sakinlərinin üzünə diqqətlə baxandan sonra onun gözü açılmağa başlayır. O nə baş verliyini anlayır. Axı bura başqa yerdir. Buranın öz mədəniyyəti var. Buranın mədəniyyəti bu torpağın, burada xarabalığa çevrilən o qalanın qanunlarına əsaslanır. Bura, bax bu insanlar üçün dünyanın göbəyidir. Bura kənar, hamıya məlum mədəniyyəti gətirmək mümkün deyil. Mümkün eləsən də o davamlı olmayacaq. Buranın öz mədəniyyəti var. Sadəcə sən onu görmürsən. Çünki çox dərindədir. Amma dərindən bax, çalış görəsən. Çünki bir gün vurub o gizli mədəniyyət vurub üzə çıxacaq.
   
   

TƏQVİM / ARXİV