adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Söz uçar, yazı qalar

FƏRHAD ŞABANOV
24800 | 2010-02-20 03:02
İstədim son dərsdə yaşadıqlarımı sizinlə bölüşüm. Siyasi Düşüncələr Tarixi dərsi idi. Sinfimizdə yabancı bir sima var idi. Orta yaşlı bir qadın. İtaliyalı olsa da Brüsseldə yaşayır. Avropa Birliyinin hər hansı bir şöbəsinin işçisidi. Avropa Birliyi Türkiyə münasibətləri çərçivəsində yaradılmış proqramlar nəticəsində gəlib universitetimizə. Türkçə danışmağı bacarır. Bizim kimi olmasa da bir italyanın danışa biləcəyi ən yaxşı türkçədi bu. Dərsin ortasında müəllim xüsusi olaraq qeyd etdi ki, sinifdə belə bir qonağımız var. Tənəffüsdəki qısa söbətimizdən sonra bildim ki, bir ay ərzində dərslərimizdə iştirak edəcək. Çox mədəni və təmkinli xanımdı. Ancaq üzündəki avropalı gülüşü mənə süni gəlir. Nə qədər kobud, nə qədər mədəniyyətdən uzaq olduqları iddia edilsə də Şərq insanının təbiiliyini Avropalının üzündəki saxta təbəssümə heç vaxt dəyişmərəm. Sözüm onda deyil. Digər tənəffüsdə bəzi tələbələr də toplaşdı bu xanımın başına və söhbət etməyə başladı. Bir oğlan dedi ki, mən sizdəki demokratiyaya heyranam. Heç bir avropa ölkəsinin hünəri çatmayanı sizinkilər etdi. Bəs soruşanda ki nə etdi o xüsusi olaraq vurğuladı ki, bizim liderimiz Abdullah Öcalanın yazıları İtaliyanın bir qəzetində yayımlanır. Və bunu artıq balaca uşaq da bilir ki, dövlətin icazəsi olmadan belə vacib bir məsələni heç bir media qurumu özbaşına edə bilməz. Rəngindən asılı olmayaraq. Mavi ya narıncı. Həmin oğlan Türkiyənin Şərqindən gələn kürdlərdən sadəcə biridi. Müstəqil kürd dövləti xəyalı ilə yanıb alışan. Bu sözləri eşidən xanımın reaksiyası çox soyuq oldu. Çünki onun belə kürd-türk problemlerinə girməsi və Türkiyənin iç məsələlərinə qarışması düzgün olmazdı və o, düz olanı etdi. Və həmin oğlan bu soyuqluğa bivec qalaraq, Türkiyədəki azlıqların problemləri barədə bir layihə hazırladığını dedi. Bunu deməklə ondan kömək istəmiş olurdu. Avropalı xanım ona cavabında türk dilini layihə müzakirə edəcək dərəcədə yaxşı bilmədiyini dedi və harasa getdi. Arxasınca yaxşı bir-iki söz dedi bizim azlıq olduğunu düşünən oğlumuz. Avropalıların hamısını yığdı bir torbaya, atdı zibil yeşiyinə. Hamısı eyni şey imiş bunların yəni avropalıların. Ataların yaxşı bir məsəli var, deyir ki, pişik əli çatmayan ətə murdar deyər. Dərs başladı və müəllim misalı elə kürdlərin mübarizəsindən çəkdi. Dedi ki, pkk-ya qarşı münasibətiniz necə olursa olsun(burda əksəriyyət terror təşkilatı olaraq gördüyü pkk-nı bəziləri kürdlərin müqəddəs mübarizəsi olaraq görür) əgər dağın başındakı kürd gəlib İstanbulda avtobus partladırsa, bunun günahkarı dövlətdir. Əgər bir kürd uşağı gəlib Ankara küçələrində insanların qarşısını kəsib pul və dəyərli əşya tələb edirsə bunun günahkarı dövlətdir. İnternetdə, televiziyada və qəzetlərdəki bütün xəbərlərdə bu mübarizədə kürd qadınlarının və uşaqlarının istifadə edildiyindən yazılır. Ancaq kürdlər baxıb deyir ki, iştə budur kürd qadını mübariz ruhlu, cəsur və qorxmaz. Müəllim bunları vurğuladığı zaman sinifdə həmin qadının olduğundan xəbərdar idi. Hətta idarəçilik haqqında söhbət düşdüyü zaman belə bir cümlə işlətdi ki, mənim baş nazirim Silvio Berluskoni olsaydı utancımdan üzüm qıpqırmızı olardı. Ancaq sonra mövzu tez dəyişdi. Tarixin təkərrür etməsinə keçildi. Platon və Aristotel kimi filosofların həyatları və qurduqları fəlsəfələr çərçivəsində gündəmdə olan məsələlərə toxunularaq dərsin maraqlı məcrada davam edilməsinə çalışıldı. Platonun qurduğu akademiyanın qapısındakı yazı ilə Mövlana Cəlaləddin Ruminin sözləri müqayisə olundu. Və sonda nəticəyə gəlindi ki, yer üzündə deyilə biləcək bütün sözləri Platon deyib. Ondan sonra kim nə deyibsə onun təkrarıdı. Marks deyib ki, hər şey tarixdə iki dəfə təkərrür edir. Birinci dəfə tragediya formasında ikinci dəfə komediya formasında. Mövlana Platonun komediya formasında təkərrürü imiş. Və bütün bunları rahat həzm edən gənclərə günün birində cavabı çox asan bir sual veriləcək. Bu sualın cavabını çox rahat və ya çox gərgin formada ifadə edə biləcək heç kim olmayacaq. Sualda soruşulacaq ki, pkk-nı terror təşkilatı olaraq görənlər kimlərdir. Sinifdə isə əlini qaldıracaq heç kim olmayacaq. Tənəffüsdə isə hamı müəllimin arxasınca danışacaq.
   
   Ən pis sözlərdən istifadə edərək. Yeni dərs başlayanda bir başqa zəif damarı tapdalanacaq bu gənc tələbələrin yenə səsini çıxardacaq heç kim tapılmayacaq. Mən uzaq görən deyiləm sadəcə bu yazıda zaman dəyişimindən istifadə etdim. Zamanların yerini dəyişdirdim. Bunu həyatda edə bilməsək də yazılarda etmək çox asandı. Türklərin yaxşı bir atalar sözü var. "Görünən köy yolgöstərən istəməz."

TƏQVİM / ARXİV