adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Obamalı yuxu

15488 | 2008-10-25 02:13
"Azərbaycan... Mayası nur, qayəsi nur ki..." Eh şair, Azərbaycanın mayası, qayəsi indi nura üz çevirib, indi qayəmizdə "Zərdüşt işığından", "Nizami fəlsəfəsindən", "Füzuli kədərindən", "Babək yenilməzliyindən", "Nəsimi allahlığından" heç nə qalmayıb, sənin xəbərin yox. Sən bilmirsən, şair, indi Azərbaycan düşük bir məmləkətə çevrilib. İndi azərbaycanlının nə allahlığı, nə fəlsəfəsi, nə kədəri, nə də işığı var. Ən dəhşətlisi, indi azərbaycanlının yenilməzliyi söz konusu deyil, azərbaycanlı yenilməkdən qozbel olub.
   
   Yadındadır, sən demişdin ki, "ən yaxın şair dostum Nizamidir". Bax, indi səni daha yaxşı anlayıram. Bu məmləkətdə "Ölülər" həmişə aktual olacaq, bu məmləkətdə "ölənlər" həmişə seviləcək və biz bu məmləkətdə həmişə ölülərlə dostluq edəcəyik. Bu məmləkətdə dostluq etməyə diri adam qalmayıb, bu məmləkətdə adam qalmayıb.
   
   Dünən yuxuda Barak Obamanı gördüm. Gördüm ki, prezident seçilib. Dərhal da xeyli islahatlar aparır ölkədə. Bunu götürüb ora qoyur, onu bura gətirir, aləmi qatıb. İslahatların bir göz qırpımında həyata keçirilməsi ABŞ-ı "Davamlı islahatlar ölkəsi"nə çevirib.
   
   Bütün sahələri saran yeniliklər məmləkətdə bir dənə salamat sahə qoymasa da dünyaya "yeni prezidentin yenilikləri" kimi təqdim edilir. İslahatlar elə reklam olunur, elə şişirdilir ki, dünyanın bütün diplomatları - nümayəndəliklərin nümayəndələri, səfirliklərin səfirləri şəxsən gəlib mənzərəni gözləri ilə görmək istəyir. Gəlib ağızları açıq, gözlərini döyə-döyə, mat-mat baxıb geri qayıdırlar. Geri qayıdıb gördüklərini heç cür ifadə edə bilmirlər. Söz tapmırlar deməyə.
   
   Gördüm ki, Obama islahatlara "təhsilin həyatımızdakı önəmli yeri" şüarı ilə məhz bu sahədən start verib. Avropanın acığına Baloniya və bir çox başqa texnoloji, elmi, nəzəri, üfüqi və şaquli sistemlər təhsilə tətbiq edilir. "Düzdür, hələlik uğurlu bir nəticə əldə olunmamışdır", amma nə dəxli var ki, əsas islahatdır.
   
   Səhiyyədə aparılan və gətirilən (Obama yeniliyi həm də ordan-burdan daşıyıb ölkəyə gətirir) yeniliklər bu sahədəki özəl sektorun inkişafından başladı, bununla da cürbəcür dərmanlar istehsal edən şirkətlər ortaya çıxdı. Həmin dərmanları satmaqda firmalara kömək edib faiz alan həkimlərin fırıldaqçı reseptləri nə qədər insanın həyatını təhlükəyə atır. Sanki dünyada baş alan bahalaşma prosesi bu ölkənin təhsilindən və səhiyyəsindən başlayır. İslahatlar Tibb Universitetində pullu, küt uşaqların təhsil alması, bahalı və saxta analiz cavabları istehsal edən klinikaların getdikcə artması, həmin küt həkimlərin xəstələrə verdiyi "gedin xaricə, orda müasir texnologiya və savadlı həkimlərin dəqiq müalicəsi ilə vətənə sağlam dönərsiz" kimi məsləhətlərinə əlverişli şərait yaradır.
   
   Daha sonra ölkənin mənəvi mədəniyyət sahəsi - kulturası islahatlara məruz qalır. Bütün heykəltəraşlar, bəstəkarlar, şairlər, müğənnilər Barak Obamaya və onun ailəsinə həsr olunmuş heykəllər, musiqilər, şeirlər, mahnılar yaratmağla gün keçirir. Efirdə "Sabahın Obaması" adlı veriliş, klip və filmlər peyda olur. Bütün Amerika incəsənəti Obamanı vəsf etməklə məşğul olur.
   
   Sonra Obama görür ki, hər şey dağılıb əldən gedir. Başlayır tikməyə. Bu səfər də tikinti sahəsini vurub sıradan çıxarır. "Vətənimizi abadlaşdırmaqla öz müasir islahatlar və quruculuq siyasətimizi məqsədəmüvafiq şəkildə davam etdirərək, tikinti sahəsini şaxələndirilmiş formada rövnəqləndirərək yeni, müasir şəklə salırıq" kimi çıxışlarla dünyanı və məmləkəti sakitləşdirməyə çalışır. Ölkədəki vəziyyət küçələrdə öz əksini tapır. Cəmiyyətin yalnız görünməyən deyil, görünən vəziyyəti də korlanır. Məzmunun xaosu formaya keçir. Plansız, proqramsız, keyfiyyətsiz tikilən-sökülən yollar, binalar, körpülər, saraylar, klub və parklar ortada qalır. Bir yağış, bir tərpəniş, azacıq bir silkələnmə hər şeyi vurub dağıdır. Başını itirmiş Obama nə edəcəyini bilmir.
   
   Yuxuda görürəm ki, Obama əvvəlcədən, hələ prezident olmazdan Marsda özünə bir villa tikdirib. Nə olar, nə olmaz. Görən kimi ki, heç nə yaxşı olmur çemodanını da yığışdırıb uçur Marsa.
   
   Şair, demək istədiyim odur ki, indi Azərbaycanda "Zərdüşt işığından", "Füzuli kədərindən", "Nizami fəlsəfəsindən", "Babək yenilməzliyindən", "Nəsimi allahlığından" heç nə qalmasa da vəziyyət mənim yuxuda ABŞ-ı gördüyüm kimi dəhşətli də deyil.

TƏQVİM / ARXİV