adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

SUSMAğIN QIZIL OLMADIğI iLLƏR...

VAHİD ƏLİFOĞLU
17823 | 2008-10-25 02:12
... Çadırın gecələri çox sakit olur. Nə bir səs, nə bir səmir. Kiminsə şerindən belə bir fikir qalıb yaddaşımda: "Hündürlüyün ən son nöqtəsi ilə dərinliyin ən son nöqtəsi eyni şeydi: Yəni hər ikisi cansızdı"... Hələ tam aydınlaşdıra bilməmişəm ki, çadırlar hündürlüyün son nöqtəsi kimidi, yoxsa dərinliyin... Bəlkə də bu sakitlik çadırların divarsız, tavansız və döşəməsiz olmasından irəli gəlir. Həm də çadırlar bir-birinə çox yaxındır. Aralarındakı məsafə bir addımdan artıq olmaz... Səhərə az qalır. Bir azdan xoruzlar banlayacaq... Yox, banlamayacaq... Ç ünki on ildə çadır xoruzlarının banladığını eşitməmişəm. Çadırların səhəri xoruzsuz olmaz...
   
   ... Qəribə millətik. Uşaqlarımız dil açıb ilk sözlərini deyəndə onlara münasibətimiz həmişə eyni olub: "Kəs səsini"... Və uşağın həyatda ilk qənaəti bu olub ki, danışmaq yox, susmaq lazımdır... Dünya görmüş atalarımız da dünyaya, həyata bu "dərin", "məzmunlu" fəlsəfi baxışları bir az da konkretləşdirib müsəlman Aləmi üçün etik qanun kəşf ediblər:
   
   "Danışmaq gümüşdürsə, sus maq qızıldı"...
   
   ...Qarabağ yerli lalların və gəlmə dili uzunların vətənidi. Danışanlar udanlar, susanlar uduzanlardı... Bir filosof deyib ki, yazmaq danışmaqdan ona görə yaxşıdı ki, burda sənin sözünü kəsən olmur... Bəlkə sözümüzün kəsilməmək istəyindədir danışmamağımız...
   
   ... Balıqlar bütün ömürlərini sus maqla keçirirlər. Ona görə də qarmağa, tora həvəslə yaxınlaşırlar. Qarmaqdan və tordan sonra bəlkə danışmağa imkan oldu... Heyhat, qarmağın və torun sonu ya tavadı, ya da akvarium... Qarabağlılar tora və qarmağa aldanmış balıqlar deyil ki?... Çadırların tava, yoxsa akvarium olduğunu tapmağa lüzum varmı?...
   
   ... Çox danışanların dişləri tez tökülür. Susanların sümük dişləri saybasay... Danışmaq qızıl, susmaq sümük deyil ki?...
   
   ... İki itə para atdılar,
   
   Alabaşda, qarbaşda nə günah...
   
   ... Bu taledi, alın yazısıdı. Dünya tarazlığın, bərabərliyin üstündə bərqərardı. Danışanların sayı qədər də susanlar olmalıdı... Susma ğın da öz yeri var, danışma ğın da... Susmağın lal olmaq, çox danışmağın it olmaq şansı da var... Balıq ağzını açsa ağzına su dollar, insan ağzını açsa hava...
   
   ... BMT danışır, Avropa Şurası danışır, ATƏT danışır, Minsk qruppu danışır... Uzun illər eyni şeydən danışanda insan nitqi it nitqinə çevrilir... Vaxt keçdikcə bu təşkilatların danışdığını, yoxsa hündürlüyünü müəyyən etmək çətinləşir... Biz itlərin ağzına düşmüş sümük deyilik ki?... Qardaş, bizi çox çeynəmədilər ki?...
   
   ... Biz səmimi, sadəlöhv, hər zada inanan millətik. Həyat səmimilərin, sadəlöhvlərin, hər zada inananların qənimidi...
   
   ... İradə xanımın yazısında belə bir aforizm var idi: "Qeyri-sabitlikdən sabit heç nə yoxdu"... Dəqiq və inkarı mümkün olmayan həqiqət. Mən bu deyimə öz kəşfimi" əlavə etsəm fikir yiyəsi inciməz: "Qeyri-ciddilikdən ciddi heç nə yoxdu"... Ətraf qeyri-ciddi hadisələrin ciddi təzahüründən ibarətdir... Və kimsə ciddi və ya qeyri-ciddi anlayışın nədən ibarət olduğunu deyə bilərmi? Ciddiliklə qeyri-ciddilik sərhəddi hardadı?...
   
   ... Mifləşdirib, ən son zirvə möhürü ilə möhürlədiyimiz leylilər, məcnunlar, əslilər, kərəmlər, aşıq qəriblər, lap elə koroğlular, nə bilr, həcərlər nə dərəcədə ciddidir?...
   
   ... Əslində bu təbiidir. Çünki biz dünyanın qeyri-ciddi tərəfiyik. Ciddi tərəf yaradandı...
   
   ... Eşşəyin belindəki cır-cındırın içində itib-batmış alim nə qədər qeyri-ciddidirsə, atın belindəki kost yumlu, şlyapalı nadan bir o qədər ciddidir...
   
   ... 90-cı illərdə şair Qurban yazırdı:
   
   "Sakitəm. Tam sakit. Dörd tərəfim suyun içində"... Görünür sakitliyin su ilə bir başa bağlılığı var. Elə suyun çəkib öz qoynuna apardıqlarının əbədi sakitliyə qovuşması da təbiidir...
   
   ... Və nəhayət həmin o şair sonda belə deyirdi:
   
   - "Bu gün ov kimi həyəcanlıyam"...
   
   ... Bizim də ov kimi (bəlkə də ovçu kimi - V.Ə) həyəcanlı olmaq vaxtımız çatdı...
   
   ... Bütün tufanların başlanğıcında ölü bir sükut olur... Qeyri-ciddi və pafoslu olsa da deməliyəm:
   
   - Biz balıq deyilik. Daimi susa bilmərik...

TƏQVİM / ARXİV