HAVA ŞƏRAİTİ KƏSKİNLƏŞƏCƏK...

FAİQ QİSMƏTOĞLU
58752 | 2015-01-08 01:51




Yanvar ayının ilk günləri qış fəslinə uyğun olmayan dərəcədə isti keçir. Təbii ki, hava şəraitinin bu cür isti olması ilk növbədə bir çox infeksion xəstəliklərin baş qaldırmasına şərait yaradır. Ancaq biz yazımızda bu barədə yox, yanvarın 8-də hava şəraitinin kəskinləşərək soyuması ilə bağlı söhbət açmaq istəyirik. Aydındır ki, hava şəraiti dəyişərkən istər-istəməz bir çox problemlər yaranır və nəqliyyat vasitələrinin hərəkətində çətinliklər ortaya çıxır.
Hidrometeoroloqların verdiyi məlumata görə, yanvarın 8-də Bakıda və respublika ərazisində havanın temperaturu əvvəlki günlərə nisbətən 10-11 dərəcə aşağı düşəcək, qar yağacaq və hava çox küləkli olacaq. Üstəlik də metohəssas insanlar üçün bu cür hava şəraiti əlverişsiz hesab olunur. Yəni ən azından belə hava şəraitində ürək-damar xəstələri, qan təzyiqi yüksək olanlar, şəkərli diabetdən əziyyət çəkənlər səhhətlərinə bir qədər də diqqətli olmalı və həkimin məsləhəti ilə lazım olan dərmanları qəbul etməlidir.
Elə bil yenə bir balaca mətləbdən uzaq düşdük. Axı biz qar yağmasından və yolların buz bağlamasından danışırdıq. Yeni il gəlsə də hələ ki, əksər bölgələr və Bakı şəhərinə qar yağmayıb. Sanki insanlar qarın yağmasını böyük sevinclə gözləyirlər. Xüsusən də uşaqlar qar yağanda kefləri ala buluddan nəm çəkir, qartopu oynayır, sürüşür və qarın ləzzətini çıxarırlar.
Amma qar yağarkən və yollar buz bağlayarkən nəqliyyat vasitələrini idarə edən sürücülər ikiqat çətinlik çəkirlər. İlk növbədə avtomobillərin şinlərini dəyişməyən təcrübəsiz və səriştəsiz sürücülər daha çətinr anlar yaşayırlar. Başqa sözlə demiş olsaq, onlar bu cür havada ya qəza şəraiti yaradır, ya da digər avtomobillərlə toqquşurlar. Əlbəttə, mürəkkəb və kəskin hava şəraitində hər bir sürücü daha diqqətli olmalı, əgər zərurət yoxdursa fərdi avtomobillərdən istifadə etməməlidirlər. Belə ki, avtomobillərin qarlı və buzlu havada idarə edilməsi bayaq dediyimiz kimi, bir çox çətinliklər yaradır.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev hidrometeoroloqların öncədən verdiyi məlumatlara istinad edərək sürücüləri diqqətli olmağa çağırıb. Cənab polkovnik bildirib ki, qarlı və buzlu havalarda respublikanın avtomobil yollarında texniki cəhətdən nasaz və şini qış mövsümünə uyğun olmayan nəqliyyat vasitələrini idarə etmək məqsədəuyğun deyil. Çünki həmin avtomobillər mürəkkəb hava şəraitində çətin idarə olunur və başqa nəqliyyat vasitələri üçün qəza şəraiti yaradır. Xüsusən də enişli-yoxuşlu və sərt döngəli avtomobil yollarında bu cür nasaz avtomobillərlə mənzil başına getmək çox təhlükəlidir. Ona görə də bir daha sürücülərə tövsiyə edirik ki, yollar buz bağlayanda və qar yağanda diqqətli olsunlar və nəqliyyat vasitələrini qış mövsümünə uyğun olaraq idarə etsinlər.
Yol Patrul Xidməti Alayının 3-cü tağımının komandiri, polis mayoru Mərdan Mehdiyev də hava şəraitinin mürəkkəbləşməsi ilə əlaqədar olaraq sürücülərə öz məsləhətlərini bildirib. Belə ki, 3-cü tağımın xidmət apardığı Bakı-Şamaxı-Yevlax avtomobil yolu qarlı və buzlu havalarda daha da çətinləşir. Başqa sözlə demiş olsaq, bu avtomobil yolunda enişli-yoxuşlu yolların və sərt döngələrin çox olması mürəkkəb hava şəraitində sürücüdən daha çox məsuliyyət tələb edir. Ona görə də tağım komandiri, polis mayoru Mərdan Mehdiyev bir daha sürücülərə xəbərdarlıq edərək deyir ki, onlar meteroloji şəraitə uyğun sürət həddi seçsinlər. Xüsusilə də Ağsu dolaylarında yollar buz bağlayarkən sürücüdən daha diqqətli olmaq tələb olunur. Çünki bir anın diqqətsizliyi və səhlənkarlığı ağır qəzanı qaçılmaz edir.
Onu da qeyd edək ki, Yol Patrul Xidməti Alayının bütün tağımları mürəkkəb hava şəraitinə tam hazırdır. Belə ki, onlar çətin hava şəraitində gücləndirilmiş iş rejimində çalışırlar. Bununla yanaşı, respublikanın avtomobil yollarında xidmət göstərən yol istismar idarələri də qarlı havalara uyğun işlərini qura biliblər. Onlar yolun kənarına qum yığıblar və eyni zamanda anbarlara kifayət qədər qum qarışıq duz toplayıblar. Əgər avtomobil yollarına möhkəm qar yağarsa, bütün maşın və texnika elə həmin an qar yağmış yolları təmizləyəcək və hərəkətin təhlükəsizliyini təmin edəcəkdir.
Göründüyü kimi, hidrometeoroloqların xəbərdarlıqlarına uyğun olaraq respublikanın avtomobil yollarında aidiyyəti qurumlar tərəfindən bütün təhlükəsizlik tədbirləri vaxtında həyata keçirilir. Bircə qalır mürəkkəb hava şəraitində sürücülərin yol hərəkəti qaydalarına əməl etmələrinə və bir də təhlükəsizlik tədbirlərini yerinə yetirməklərinə. Şübhəsiz ki, sürücü diqqətli olarsa və avtomobili qış mövsümünə uyğun idarə edərsə, hər hansı mürəkkəb hava şəraitində qəzalardan qurtulmaq o qədər də müşkül məsələ deyil.


TƏQVİM / ARXİV