Bizi kino çəkməyə qoymadılar

ETİBAR CƏBRAYILOĞLU
42866 | 2008-10-25 02:12
Deyəsən, yazılmayan qaydaları pozmasam da yanından ötmək istəyirəm. Bizdə kino barədə adətən yayın oğlan çağında-avqustda danışırlar. Ayın 2-də kinemotoqrafçıların peşə bayramı olduğundan tərifli sözlərin qabağında durmaq olmur. Amma mən bu dəfə payızın oğlan çağında kino haqqında yazmaq fikrindəyəm. Payızda filmlərə baxmağın ayrı ləzzəti var. Şair yaxşı deyib, payız gəldi, quşlar uşdu, dəniz ki, qərib oldu, otur televizorun qabağında kinoya bax.
   
   Yolları dünya standartlarına görə düzəldiləndən sonra yerli səviyyədə qazılan Azərbaycanda kinoya münasibət birmənalı deyil. Dostum, qardaşım Ceyhun Musaoğlu yazının bu yerinə çatınca deyəcək ki, bəy, nə qoyub, nə axtardığındı? Bizdə heç duz-çörəyə baxış birmənalı da olmayıb, sənsə kinodan danışırsan... Haqlı olmağına haqlıdı, amma bu başqa yazının mövzusudu. Gəlin bir yerdə kinoya baxaq. Daha doğrusu kinonun gününə.
   
   Bizdə kinodan söhbət düşən kimi camaatımız ən azı dörd cəbhəyə bölünür. Bir qrup deyir ki, Azərbaycanda kino əvvəl də olub, elə indi də var. Bir qrup isə başqa arqument gətirərək "əvvəlki filmlərimizə heç nə çatmaz, indi milli kinomuz ölüb"-deyir. Digər bir qrupun fikrincə sovet dövründə çəkilən filmlərimizə bir quş. İndiki filmlərimizə min bərəkət. Sabah-biri gün bütün Hollivudda Azərbaycan kinosundan danışacaqlar. Dördüncü qrup isə həmişə baltanı kökündən vurur. Onlar deyir ki, bizdə kino olmayıb, heç olmayacaq da. Azərbaycan Marlon Brando, Antonio Banderas, Riçard Gir Bred Pitt kimi aktyorlar, Sofi Loren, Ancelina Coli, Monika Belluççi kimi aktrisalar yetişdirməyib, yetişdirməyini də gözləməyə dəyməz. Bizim filmlərə Biləcəridə baxmırlarsa, Hollivudda necə bəyənəcəklər?
   
   Bu qrupların dördü də hansı məqamdasa haqlıdı. Mənim fikrimcə milli kinomuz bu dəqiqə dünyaya meydan oxuya bilər. Amma meydan oxuya bilmir. Çünki nə daxili işlər, nə də müdafiə nazirliyi buna imkan vermir.
   
   Məni bir məsələ düşündürür, bu iki nazirlik milli kino istehsalının daxili işlərinə niyə qarışır?
   
   Bu günlərdə igid əsgərlərimiz dünya kinosuna böyük töhfə sayıla biləcək kadrlar çəkiblər. Özü də peşəkar kamerayla yox, mobil telefonla. Bütün ölkə həmin kadrlardan danışır. "Dembel" əsgərlər orduya təzə gələnləri necə ürəklə təpikləyir, sillələyir, yumruğu bir qəpikdən vururlar. Kino belə olar da... Van Damm qələt eləyir, Stalonne başını divara vurur. Ceki Çan kimdi ki, kinodan danışa?
   
   Lakin bu dəfə də özümüz özümüzə qənim olduq. Daxili İşlər Nazirliyi Daxili Qoşunların N saylı hərbi hissəsində kino çəkənləri tutub həbsxanaya göndərdi. Müdafiə Nazirliyi Ələtdəki qospitalda kino xadimlərimiz barədə araşdırmalara başladığını bəyan elədi. İgidlərimizin nə günahı var axı? Ələt kimi gözəl məkan tapıb film çəkmək istəyiblər. Araşdırma bitən kimi yəqin onları da Bayıla aparacaqlar.
   
   Belə qadağaların üzündən dünyanın kino əjdahalarına meydan oxumaq, Hollivudda hamını şoka salmaq fürsətini əldən verdik. Yenə qaldıq Biləcəri döngəsində.
   
   Sabah bazar günüdü. Hərbi hissələrdə əsgərlərimizə "Şirbalanın məhəbbəti" filmini göstərəcəklər...

TƏQVİM / ARXİV