BU DÜNYANIN QARA ŞAİRİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
66319 | 2015-01-08 01:49




Həyat çox qəribəliklərlə və həm də bu qəribəliklərin özünün təsiriylə zəngin olduğu kimi, həm də yaşamaq üçün sözün bütün mənalarında çox çətindi. Düşünməyin ki, bu ilk və dolaşıq cümlə ilə mən elə yazının əvvəlində sizləri çətin bir duruma salmaq istəyirəm. Bu heç də belə deyil. Öncə ona görə ki, mən də bu həyatın qəribəliklərini, o qəribəliklərdən doğan təsirləri və nəhayət çətinlikləri hər gün, hər saat, hər an yaşayıram. Belə demək mümkünsə, mən onları köynək kimi əynimə geyinirəm və elə özümlə də birlikdə artıq bütün ruhumu, bütün varlığımı özümünküləşdirmiş bu həyatın içində əriyib gedirəm...
Doğrudan da qəribədi. Dünən, beş gün öncə, lap elə beş dəqiqə bundan əvvəl söhbət etdiyin, zarafatlaşdığın, üz-üzə dayandığın adam birdən qeybə çəkilir, ruha çevrilir, başqa bir dünyanın adamı olur. Onu tutub saxlaya bilmirsən, onun getməsinə mane olmağa gücün çatmır. Və sən bu gücsüzlüyün, sözün həqiqi mənasında acizliyin qarşısında yalnız susursan. Özü də göz yaşlarını içinə axıda-axıda... bu göz yaşlarınla ürəyini sulayıb göyrədə-göyərdə... Göyərən ürək olmur, ona səpilmiş dərdin toxumları olur... ayrıldığın, əbədi yoxluğun hüceyrələri olur... Bax beləcə, insan öz gücsüzlüyünə çəkilib itdiyi üçün yalnız göynəməklə, xatirə danışmaqla qalan ömrünü yaşamaqda davam edir. Çox təəssüf ki, biz ən çox istədiklərimizi, ən çox sevdiklərimizi daha tez itiririk. Görünür, meyvənin yaxşısı budaqdan tez üzülən kimi, insanların da əsili, yaxşısı, indiki dildə desəm, orijinalı daha tez Tanrı dərgahına aparılır. Bax, məhz həmin orijinallarından, halal və paklardan biri idi Vaqif Cəfərli. Elə ona görə də onu böyük Yaradan bu dünyada qalıb çirklənməkdən, nələrəsə bulaşmaqdan qorumaq üçün daha tez apardı. Apardı ki, onun o duzlu-məzəli söhbətlərinə, o satirik ruhun hopduğu misralarına özü qulaq assın, özü dinləsin. Çünki biz yerdə onu görmədik, qiymətləndirmədik, dəyər vermədik. Sadəcə, ona ərklə, bir doğmalıqla "qara şair" dedik. O, həqiqətən qara idi!!!
Yəqin ki, bilirsiniz, "qara" sözünün yozumu böyük deməkdi, lap elə Qara dəniz kimi. Vaqif də böyük idi, səsiylə, pıçıltılarıyla, yazılarıyla, insanlığıyla... İndinin özündə də gözümün önündə onun dərd hopmuş çöhrəsi çəkilib getmir. Hər dəfə kitablarına əl vuranda, barəsində söhbət salıb söz eşidəndə, gözünün dibindəki işıq və bir də barmaqlarının arasındakı siqaret məni öz oduyla, öz tüstüsüylə qarsıyır, yandırır. Çünki o, ömür boyu həm bir insan kimi, həm bir şair kimi, həm də bir başdan-ayağa yumorla süslənmiş Allah bəndəsi kimi yanırdı, qovrulurdu. Bunu görməmək, bunu duymamaq mümkünsüz idi. Və mən onu şəxsən tanıdığım gündən anladım ki, bu arıq, ucaboy, amma içi odla dolu olan insan yanmaq üçün doğulub. Elə yandığına görə də o, için-için qaralırdı. Necə ki, kösöv alışır, amma çox xəfif, çox gizli bir şəkildə içdən yandığına görə onun qaraldığı ancaq diqqəti çəkir. Yalnız əlini vuranda onun hələ də yandığını hiss edirsən...
Mən Vaqif Cəfərlini ilk dəfə mətbuatdan tanıdım. Təbii ki, imzasıyla. Zaman elə gətirdi ki, biz onunla Beyləqanda qarşılaşdıq. Doğulduğum kənd işğal olunduqdan sonra ailəmi Beyləqandakı uşaq bağçasında yerləşdirdim. Həmin uşaq bağçası rayon mərkəzində, beyləqanlıların daha çox toplaşdığı ərazinin 100-150 metrliyində idi. Bir gün lap çoxdan tanıdığım, çörək kəsdiyim, özümə doğma bildiyim şair Bəhram Fərmanzadə ilə rayon mərkəzindəki çayxanaların birində görüşdük. Təzəcə çaylarımızı süzüb içməyə başlamışdıq ki, birdən Bəhram özünəməxsus şəkildə əlini gözünün üstünə qaldırıb:
- Vaqif, ay Vaqif, bəri gəl! - dedi.
Arıq, az qala Afrika vətəndaşlarını xatırladan çöhrəsiylə bir nəfər bizə yaxınlaşdı. Bəhram onu mənə təqdim etdi:
- Həmişə barəsində danışdığım Vaqif Cəfərli bax, budu.
Qalxıb ona əl uzatdım, özümü təqdim etmək istədim. Məni qabaqladı:
- Əbülfət Mədətoğlunu tanıyıram. Yazılarını da oxumuşam, qəzetdə şəkillərini də görmüşəm...
Bəli, onun bu isti yanaşması və az qala məni yüz ildi tanıyırmış kimi ərklə əlimi sıxması o ilk görüşün bütün dadını-duzunu o qədər şirinləşdirdi, gözəlləşdirdi ki, Bəhramla etdiyimiz söhbətin tam səlahiyyətli iştirakçısına çevrildi və mənim Beyləqanda keçən günlərimin hamısının iştirakçısı oldu Vaqif Cəfərli.
Vaqif Beyləqanın Əlinəzərli kəndində yaşayırdı. İsti bir yuvası var idi. Bir dəfə zarafatla dedi ki:
- Ə, qağa, sən heç bizim qapını açmıyacaqsan? Səndən o qədər danışmışam, kitablarını arvad-uşaq stolun üstündən də götürmür.
Bəli, bu səmimiyyətdən sonra, bu ürəkdən gələn dəvətdən sonra təbii ki, Vaqifə qoşulub onlara getdim. Həyətdə qoyulmuş stolun üstündə Vaqifin dəftəri, qələmi, çap olunmuş kitabları və bir də mənim ona aftoqrafla bağışladığım kitablar qoyulmuşdu. Biz masa araxsında əyləşəndə Vaqif yenə öz səmimiyyətiylə:
- Yay oldu, mənim iş yerim bu masanın arxası olur. Ona görə də arvad-uşaq dəftər-qələmimə əl vurmur, eləcə üstünü örtürlər. Sonra da mən gələndə başlayıram işləməyə...
Vaqifin xanımı gözəl çay dəmlədi, süfrə açdı. Biz onun çox da böyük olmayan bağ-bağçasını gəzib-dolaşdıq. Və Vaqif necə oldusa ovdan söhbət saldı. Mənim də ov həvəskarı olduğumu biləndə, qızını səslədi ki, içəridən tüfəngini gətirsinlər. Gətirdilər də. Onu sinəsinə sıxıb möhkəm sığalladı. Dedi ki, iki gün öncə fırlandım, bir-iki güllə atdım, boşa getmədi. Turac da vurmuşdum, dovşan da.
Sözünü kəsdim:
- Sən nə yaman namərd adamsan, bu boyda ovları tək yemisən?!
Güldü və söz verdi ki, növbəti dəfə mütləq mənim üçün də ov edəcək. Beləcə, ayrıldım Vaqifdən. Bu görüşümüzdən bir neçə gün sonra həyat məni təkrar sınağa çəkdi. Qəzaya tuş oldum. Bu qəzadan təqribən bir ay sonra Beyləqana, uşaqların yanına yollandım. Artıq sağlamlığımla bağlı çox da gəzib-dolaşa bilmirdim, sınıqlar imkan vermirdi. Bir gün sarğını dəyişmək üçün Beyləqan xəstəxanasına getmişdim. Bağçadakı sığındımığımız yerə qaydıb gələndə evdə dedilər ki, Bəhram Fərmanzadə ilə Vaqif Cəfərli gəlmişdilər. Sənə pay da gətirmişdilər. Amma Vaqif evdə olmadığını bilib payı özüylə götürüb apardı. Anlaya bilmədim ki, bu nə məsələdi. Güldüm. Evdəkilər təəccüblə üzümə baxdılar.
- Yəqin Vaqif dovşan vurub gətiribmiş, özü də bişmiş şəkildə. Mən evdə olmamışam deyə Bəhramla gediblər dovşanın "cəzasını" verməyə.
Doğurdan da bir neçə gün sonra Vaqif etiraf etdi ki, dovşan vurub gətirmişdi.
- Sən evdə olmadın, mən də Bəhramla günorta öynəsini boş keçirmək istəmədim. Yerin məlum, arağı Bəhram aldı, dovşanı da mən gətirmişdim. Arağın yarısından çoxunu sənin sağlığına içdik. Çünki dovşan məsələsində səbəbkar sən idin...
Bəli, Vaqif son dərəcə zəhmətkeş və səmimi insan idi, şair idi. Onun şeirlərini oxuyanda yumorun, satiranın gücünü bir daha duyurdum, hiss edirdim. İstər zamanın nöqsanlarını, istər insanların xəbisliyini, acgözlüyünü o qədər təbii və səmimi, həm də yumor hopmuş misralarla tərənnüm edirdi ki, oxuduqca həm gülürdün, həm düşünürdün. Bir dəfə ondan soruşdum:
- Sənə qara şair adını kim verib?
Gülümsədi:
- Ustadımız Ənvər Əhmədi tanıyırsan da, o deyib mənə ilk dəfə "qara şair".
Vaqifi itirəndən xeyli sonra bu barədə Ənvər müəllimlə danışanda o da içdən gələn bir kədərlə söylədi:
- Vaqif gözəl insan idi, yaxşı şair idi. Heyf tez itirdik. Hərdən darıxıram onunçün. Gözü, könlü tox adam idi...
Bəli, Vaqiflə bağlı bölgə müxbiri olduğu "Kirpi" jurnalının baş redaktoru Polad Qasımov da ağızdolusu danışıb həmişə onun saflığını, sözü birbaşa deməsini, özünü olduğu kimi göstərməsini xüsusi vurğulayıb. Mənim içimdə olan dostlarımdan başqa biri, yəni Mobil İsmayılov da Vaqif haqqında ürək ağrısı ilə söz açır həmişə.
Bəli, Vaqif Cəfərli mənim həyatımda, mənim ailə üzvlərimin yaddaşında orijinal bir insan kimi qalıb. Onun ütüsüz, rəngsiz, necə deyərlər, Allahın yaratdığı kimi, tam çılpaq bir səmimiyyəti, bir ürəyi var idi. Heç vaxt danışanda, söz deyəndə dilinin altında çöp olmazdı. O necə düşünürdü, necə görürdüsə, elə də yazırdı. Həddindən artıq sadəlöhv idi. Eşitdiyi, ona deyilən hər sözə inanırdı. Bir dəfə onu get-gələ salan bir adamla bağlı söhbət düşdü. Mən ona söylədim ki, neçə illərdi bu adamı tanıyırsan? Dedi ki, bir on-on iki il olar. Dedim bu illər ərzində o adamı öyrənmək, onu tanımaq imkanın olmayıb? Yenə güldü. Dedi, mən onu özündən də yaxşı tanıyıram. Sadəcə, mən onu adam bilirəm. Ona görə də dediyi yalanlara da inanıram və hər dəfə də düşünürəm ki, o növbəti dəfə mənə yalan deməyəcək və yaxud da dediyi yalanlara görə üzr istəyəcək. Amma həmin adam Vaqifə ömrünün sonuna qədər yalan dedi və ömrünün sonuna qədər də Vaqifdən üzr istəmədi və Vaqif də ona inandı. Çünki Vaqif qarşısındakını adam bilirdi, adam görürdü. Çox təəssüf...
Bir dəfə çayxanada əyləşib ədəbiyyatdan, Qarabağdan, Beyləqanda məskunlaşmış qaçqınlardan söhbət salmışdıq. Söhbətin şirin yerində Vaqif əlini qoltuq cibinə uzadıb bir dəftərçə çıxardı və baxışlarımla onu izlədiyimi, Bəhramın da ona maraqla baxdığını görüb öncə gülümsədi. Sonra isə:
- Bu şeiri sənin kəndin, yəni Tuğ işğal olunan gün yazmışam, onda səni qiyabi tanıyırdım. Qiyabi tanıdığım ruh dostuma ürəyim ağrıdı. Hansı durumda olduğunu, odun-alovun içindən çıxa bilmədiyini düşünə-düşünə yazdım bu şeiri. Şeirin ilk misrası belə idi:

Alo, alo dispetçer
Beyləqana cavab ver...

Vaqif Cəfərli həmin şeirin üzərinə aftoqraf yazıb mənə bağışladı və o şeir mənim uşaqlarımın dilinin əzbəri oldu. Bax, beləcə, bir dost idi, bir şair idi, bir insan idi Vaqif Cəfərli. Beləcə də iç dünyamızda qaldı, iç dünyamızda yaşadı və yaşayır. Və nəhayət...
Bəli, əvvəldə xatırlatdım ki, biz itirəndən sonra dəyər veririk, qiymətləndiririk... Biz hər şeyin gözəlinin bizim əlimizdən tez alındığının fərqinə varmadıq və nəhayət biz bilmədik ki, nələri, kimləri itiririk. Lakin... Bəlkə də həyatın ən yadda qalan bir çaları da elə yaxşıların bu dünyaya tez əlvida deməsindədi?.. Nə bilim...

TƏQVİM / ARXİV