adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

KİM QAZANACAQ?

BABƏK YUSİFOĞLU
29123 | 2015-01-08 01:47


Ölkəsində, eləcə də dünyada nələrin baş verdiyi ilə az-çox maraqlananlar belə hər gün neftin qiymətinin dünya bazarında sürətlə düşdüyünü görür və narahatlıq keçirirlər. Çünki bir müddət öncə başlayan bu proseslər eləcə davam etməkdədir və bütün bunlar da beynəlxalq iqtisadi böhranın dərinləşdikcə dərinləşəcəyindən xəbər verir. Əlbəttə, bu gün hər kəs bilir ki, beynəlxalq səviyyədə cərəyan edən həmin hadisələr mütləq mənada bütün ölkələrə təsir göstərir.
Əslində indi çox az adam tapmaq olar ki, bütün bunların Birləşmiş Ştatlar tərəfindən idarə olunduğunu söyləməsin. Ukraynanın bir hissəsini işğal etməklə kifayətlənməyən Kermlin digər iddialarına da son qoymaq məqsədiylə Qərb Rusiyaya qarşı iqtisadi savaş aparmaqdadır. Və bu konteksdə neftin qiymətinin dəyərdən düşməsi Rusiya üçün nə qədər ağır problemlər yarada biləcəyini də qərblilər bilməmiş deyil.
Maraqlıdır, hakimiyyətə yaxın mütəxəssislərin əksəriyyəti Moskvanın imperiya ambisiyalı siyasətinin hazırda ölkəyə nə qədər ziyan vurduğunu, iqtisadiyyatda böyük problemlər yaratdığını bilsələr də tam əks təhlillərlə hamıya təlqin etməyə çalışırlar ki, qonşu dövlətin torpaqlarını hərbi müdaxiləylə ələ keçirmək doğru idi və o səbəbdən tətbiq olunan beynəlxalq sanksiyalar Rusiyaya elə də dərin təsir göstərməyəcək. Sanki real rəqəmlərdən belə xəbərləri yoxmuş. Amma faktlar, reallıqlar göz önündədir.
Hətta rəsmi məlumatlarda belə inflyasiyanın bundan sonra da davam edəcəyi bildirilir. Rusiya Federasiyası Mərkəzi bankın press-relizində deyilir ki, 2015-ci ilin birinci kvartalında Rusiyada inflyasiya daha 10 faiz qalxacaq. Məhsullardakı və xidmət sahələrindəki qiymətartımı rublun daha da zəifləməsinə gətirib çıxaracaq. Lakin sənəddə o da göstərilib ki, guya görülən tədbirlər sayəsində növbəti kvartallarda inflyasiyanın səviyyəsi 4-5 faiz enəcək. Qəribədir, həmin rəsmi məlumatlarda o şərh edilmir ki, hansı "görülən tədbirlər" nəzərdə tutulur.
Dünyanın nüfuzlu iqtisadçı-ekspertlərinin fikrincə Rusiyanın siyasi kursunda radikal dəyişikliklər edilməyincə ölkədəki iqtisadi stabilliyin başlayacağını gözləmək absurddur. Çünki ən sadə məntiqə istinad etsək görərik ki, sanksiyalar getdikcə sərtləşir və prosesə qoşulan dövlətlərin sayı artır. Elə isə, hansı məntiqə görə vəziyyət sabitləşməlidir?..
Əksinə, ekspertlər qarşıdurmanın daha da dərinləşəcəyini bildirirlər. Jurnalist Klifford Kirakof bəyan edir ki, ABŞ-ın Ukraynaya yönəlik bu günkü siyasəti davam edəcək və bu tərəflər arasında vəziyyəti daha təhlükəli həddə çatdıracaq. Belə ki, ABŞ prezidenti "2014-cü ildə Ukraynada azadlığa dəstək Aktı"nı imzalamaqla Amerika-Rusiya münsibətlərinin saxlanmasına uzun müddət maneçilik törədəcək. Və Avropa Birliyinin də belə bir siyaəstə şərik çıxmayacağını söyləmək qəti doğru deyildir. Axı, uzun illərdi ki, onlar Rusiya hegemoniyası qarşısnda yanlarında məhz Vaşinqtonu görüblər.
Ukraynaya qarşı davranışlar isə ümumiyyətlə Avropanı bütövlükdə anti-rusiya ideyalarıyla yüklədi. Son dönəmlərdə Qərbin Moskvaya qarşı münasibətlərində müəyyən loyallıq, müəyyən yumşaqlıq hiss olunurdusa məlum hadisələr hər tərəfi son dərəcə radikallaşdırdı. Həmin ölkələrin hər biri gerçək şəkildə gördü ki, əhalisi slavyan sayılan Ukrayna kimi bir dövlətin taleyini asanlıqla yaşaya bilərdi. Özünüqoruma instinkti istər-istəməz hamını güclü Amerikanın ətrtafında topladı.
Hazırda bəzi ekspertlər sanksiyaların yenidən sərtləşdiriləcəyini söyləyirlər. Çünki Ukraynadakı vəziyyətin dəyişməməsi Qərbin daha radikal tədbirlər görmək məcburiyyətində buraxacaq. Çünki Moskvanın "tənbeh edilməsi" üçün başlanan bir siyasətin yarıçıq saxlanması Qərbin özü üçün son dərəcə uğursuz bir addım olardı. Rusiyanınsa imicini yüksəldərdi. Sanki yürüdülən bütün siyasətdə məqsəd dolayısıyla Rusiyanın avtoritetinin artırılmasına xidmət etmək üçün imiş.
"2014-cü ildə Ukraynada azadlığa dəstək Aktı"nın imzalanması da artıq Qərbin Moskvaya qarşı bundan sonrakı siyasətinin konturlarına işarə hesab olunmalıdır. Və yəqin ki, 2015-ci il nəhayət üz-üzə dayanan tərəflərdən hansı biri üçünsə arzuolunmaz nəticələr gətirəcək...



TƏQVİM / ARXİV