adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

"LUçANO" - GÖZƏGÖRüNMƏZ ŞüA DEMƏKDiR...

VƏSİLƏ USUBOVA
28944 | 2008-10-25 02:12
Tarix həmişə ədalətli olmur. Fərsiz hökmdarlara, hünərsiz sərkərdələrə qoynunda yer verib yüz illər, min illər yaşatsa da, lap elə həmin hökmdarların və sərkərdələrin şöhrətlənməsinə, tanınmasına nədən olan, Vətənini, torpağını, lazım gəldikdə digər xalqları və millətləri də hər hür təcavüzdən və bəlalardan qoruyan sıravi döyüşçülərə soyuqluq, biganəlik göstərə bilir. Tarixi suçlamaq bir yazı manerasıdı, əslində günahkar biz özümüzük. Biz hamımız - yəni, nəsillərin yaddaşına, bilgilənməsinə cavabdeh olanlar...
   
   "... Əziz oxucum, əgər bir vaxtlar yolunuz Sabirabadın Əlicanlı kəndinə düşərsə, bu yerlərdə lal axan dəli Kür üzərindəki Şiraslan körpüsünü keçdikdən sonra addımlarınızı aramla atın. Cavad kəndi ilə Əlicanlı kəndi arasındakı el məzarıstanlığının yanından keçərkən ayaq saxlayın.
   
   Bu məzarıstanda uyuyur "Luçano" - Məmməd Ağaş oğlu Xəlilov. Ziyarət edin bu məzarı. Ömrünüzün bir neçə anını bu ziyarətə həsr edin və düşünün... Bəlkə onda sizin də qəlbinizdə biganəlik buzu əriyər, heç olmasa, dünyadan köçəndən sonra kiminsə qədir-qiymətini bilmək, rəhmət oxumaq sizlərə də bir yüngüllük gətirər..."
   
   Kitab müəllifinin bu sözlərini neçə dəfə oxuyub fikrə getdiyimi deyə bilmərəm. Qəsdən dönə-dönə oxuyuram ki, dönə-dönə də xəcalət çəkim. Ona görə ki...
   
   Ona görə ki, o adamı biz də tanıyırdıq. Ona görə ki, son illərədək o, bizim aramızdaydı. Düzdü, onun kimliyini bilirdik - müharibə veteranı, İtaliya partizan hərəkatının fəallarından biri olmasından, italyanların ona "Luçano" ləqəbi verməsindən xəbərdardıq. Qəzetimizdə haqqında yazılar, şəkilləri verilirdi. Özünün də hərdənbir redaksiyaya yolu düşürdü. Ancaq heç birimiz onunla yaxından maraqlanmamış, keçdiyi döyüş yolunu diqqətlə, dərindən araşdırıb öyrənməmişdik. Onu sıradan bir müharibə iştirakçısı saymışdıq. Bəlkə elə bilmişdik ki, həmişə belə qıvraq, şux görkəmində qalacaq, ötüb keçən illərin onu bizdən ayırmağa gücü çatmayacaq. Ancaq zaman hiss edilmədən öz işini görüb bizi istənilən anda heyrətləndirə, arzularımızı, istəklərimizi, görmək istədiyimiz işləri yarımçıq qoya bilir...
   
   "Sən kimsən, "Luçano?!." kitabının müəllifi Fərman Süleyman oğlu Quliyev (Fərman Tərtərli) təxəllüsündən də göründüyü kimi, başqa, həm də nisbətən uzaq rayondandı. Müəllif haqqında yığcam məlumatdan bəlli olur ki, 30 ilə yaxın hüquq-mühafizə orqanlarında çalışmış, erməni işğalçılarına qarşı döyüşlərdə yaxından iştirak etmişdir. Dövri mətbuatda şeir, hekayə və felyetonları ilə çıxış edən Fərman müəllim təxminən 10 il bundan qabaq igid həmyerlimiz Məmməd Xəlilov- "Luçano" haqqında dəyərli bir sənədli povest yazmağa imkan və macal tapmışdır.
   
   Kitabda Məmməd Xəlilovun gəncliyindən ömrünün son illərinədək müxtəlif yerlərdə, müxtəlif adamlarla çəkdirdiyi xeyli şəkil dərc olunub. Bu şəkillərdən biri mənə çox tanışdı... Əvvəlcə Məmməd müəllimin cəbhə gündəliyindən bu sətirləri oxuyaq: "... Nə vaxt huşumu itirdiyimi belə xatırlaya bilmirəm. Gözümü açarkən qaranlıqda, meyidlərin arasında gördüm özümü. Yaram ağır idi. Nə edəcəyimi özüm də bilmirdim. Onu bilirəm ki, hansı ümidləsə sürünə-sürünə kəndə tərəf irəliləyirdim. Gücümü toplayıb kəndin kənarındakı evin pəncərəsinə özümü çatdırıb döydüm, açan olmadı. Başqa bir evin də pəncərəsindən kimsə baxdı, ancaq qapını açmadı. Sürünə-sürünə yolu keçib son qüvvəmi toplayaraq sağdakı qapını döydüm. Xoşbəxtlikdən bu dəfə qapı açıldı. Orta yaşlı bir qadın məni görcək içəri kiməsə xısın-xısın,- bizimkilərdəndir,- deyib köməyə çağırdı. Özünü tez yetirən bir kişi ilə məni tez-tələsik arxadakı otağa apardılar. Su isidib yaralarımı yudular. Əllərinə nə gəldisə, onunla sarıdılar. Zorla mənə nəsə içirdib peçin üstünə çıxardılar və orada pərdə arxasında gizlətdilər. Artıq səhər açılırdı. Huşumu itirmişdimmi, yatmışdımmı, bilmirəm, almanların nə vaxt evləri yoxladığından da xəbərim olmamışdı. Bir neçə sərxoş faşistin məni yatmış görərək kimliyimi soruşduqda Darya (mənim ikinci anam) - beşinci oğlum Mişadı, xəstə yatır - demişdi. Xoşbəxtlikdən, onlar da məhəl qoymadan getmişdilər... Bu minvalla Darya xala əri İvanla 47 yeddi gün məni sağaldıb gizlətmişdilər. Bu nəcib insanlar öz həyatlarını təhlükədə qoysalar da, məni həyata qaytardılar... Məqam tapıb kənddən çıxmağa, özümüzünkülərə qoşulmağa çalışırdım...
   
   Bu niyyətdə ikən qəflətən almanlar məni zirzəmidə yaxaladılar. Sən demə, faşistlərin kənddən olan agentləri yerimi onlara bildiribmiş. Məni döyüb möhkəm işgəncə verdilər. Huşumu nə vaxt itirdiyimi bilmirəm. Gözümü açanda özümü Priyatin şəhərindəki un zavodunda başqa əsirlərin arasında gördüm. Həmin gün oradaca bir qadını gözlərimin qarşısında güllələdilər. Mənə elə gəldi ki, bu qadın mənim xilaskarım Daryadır..."
   
   Amma yox, güllələnən qadın Darya deyilmiş. Mənə tanış gələn şəkil də elə "Luçano"nun 1974-cü ildə Darya ilə çəkdirdiyi şəkildi. Bu kadrları tələbəlik illərində televizorda görmüşdüm. Yaşlı, sarışın qadının Məmmədi görərkən sevincdən necə qışqırdığı indi də qulaqlarımdadı...
   
   Doğma kəndində müəllim işləsə də, hərb sənətinə meyl göstərirmiş. Axır ki, arzusuna qarşı çıxa bilmir. 1940-cı ilin payızında Oryol şəhərində Hərbi Zabitlər Məktəbinə daxil olur. Nümunəvi davranışına görə 1-ci rotanın komsomol təşkilatı katibi seçilir. Hər işdə nümunə olmağa, millətinin başını uca tutmağa çalışır. Bir axşam postda olanda səhər açılarkən alman faşistlərinin SSRİ-yə hücum etdiyini eşidir... 1941-ci ilin avqust ayının 24-də kursu fərqlənmə diplomu ilə bitirib leytenant rütbəsi alır. Onu Ukrayna cəbhəsinə - Xarkov şəhərindəki 4-cü əlahiddə polkun 4-cü batalyonuna göndərirlər... Rus və alman dillərini yaxşı bildiyinə görə tez-tez düşmən arxasına kəşfiyyata göndərilir. Hər dəfə tapşırıqları uğurla yerinə yetirən Məmməd çox keçmir ki, cəbhə yoldaşlarının və komandanlığın dərin rəğbətini qazanır...
   
   Katya adlı rus qızının köməyilə əsirlikdən qaçıb partizanlara qoşulan Məmmədin döyüş yolları Rusiya, Ukrayna, Polşa, Çexoslovakiya torpaqlarını keçib İtaliyaya çatır... "İtaliya... Hələ məktəb çağlarında mən bu ölkə barəsində az eşitməmişdim. Dahi rəssamlar və müğənnilər diyarı haqqında o vaxtlar beynəlmiləl məktəbdə oxuyarkən rus dili müəllimimiz ağızdolusu danışır, mən də xəyalın qanadlarında özümü bu gözəlliklər ölkəsinə səyahətə qovalayardım. Axı, o vaxtlar hardan biləydim ki, mənim bu əlçatmaz arzularım bir zamanlar gözləmədiyim və arzulamadığım bir şəraitdə reallığa çevriləcək, mən bu diyarı özümə ikinci vətən kimi doğma sayacağam..."
   
   Uzaq İtaliyada Məmmədin əsl igidlik triumfu başlanır. Əfsanəvi "Luçano" adı kimi gözəgörünməz şüaya dönüb düşmən arxasına keçir, müxtəlif millətlərdən olan partizan dostları ilə birlikdə körpüləri, dəmiryollarını partladır, düşmənə ciddi itkilər verirdilər. İtaliyanın nüfuzlu qəzetlərində igid həmyerlimiz haqqında yazılar dərc olunurdu. Məmməd müəllimin gündəliyindən: "İtaliyanın ən nüfuzlu orqanı olan "Unita" qəzeti yazırdı: "Türk Mamed faşistlərə qan uddurur", "Dağlar cəsuru Mamedin uğurlu əməliyyatı", "O, gözə görünmür", "İtaliyanın və Türkün qəhrəman oğlu Mamed - "Luçano" almanların əsl qənimidir"... "Sud İtalio" qəzeti yazırdı: "Onun milliyyəti türkdür, Bakıdandır, rütbəsi - rus leytenantı, sənəti müəllimdir, türk Mamed adı ilə fəaliyyətdədir".
   
   Ələ keçirdikləri bu qəzetləri oxuduqca faşistlər "zəncir çeynəyir", nəyin bahasına olursa-olsun onu - "gözəgörünməyən türk Mamedi ələ keçirməyə, məhv eləməyə çalışırdılar. Gestapo onu axtarır, kəndlərdə, şəhərlərdə yerli əhaliyə işgəncə verib "Türk"ü tələb edir, şəkli olan elanlarla divarları bəzəyirdilər".
   
   Məmmədin igidliklərindən xəbər tutan İtaliya Kommunist Partiyasının rəhbəri Palmiro Tolyatti diviziya qərargahına gələrək özü onu İtaliya kommunistlərinin sıralarına qəbul edir.
   
   İtaliya hökuməti həmyerlimizin xidmətlərini layiqincə qiymətləndirmiş, ona İtaliyanın Milli Qəhrəmanı adını vermişdir. Məmməd Xəlilov cəbhədən qayıtdıqdan sonra pedaqoji fəaliyyətini davam etdirmiş, ömrünün sonunadək doğma Əlicanlıda müəllim işləmişdir. O, İtaliyanın Milli Qəhrəmanı olmaqla yanaşı, İtaliya və Ukraynanın fəxri vətəndaşı, Ukraynanın Qrebnikovski şəhərinin ömürlük fəxri xalq deputatı, əməkdar maarif işçisi, əmək veteranı idi. Məmməd müəllim həm də el ağsaqqalı, xeyirə-şərə yarayan adam kimi də hörmət qazanmışdı.
   
   Əfsanəvi "Luçano" haqqında son sözləri də kitab müəllifinin dili ilə demək istəyirəm. İnanmıram ki, mən bundan yaxşısını yaza bilərəm... "1997-ci il avqustun 5-də Məhəmməd Ağaş oğlu Xəlilov öz doğma kəndində dünyasını dəyişdi. Görəsən, bu itkini hiss etdimi İtaliya dağları?! Bilmirəm... Hər halda ildırım çaxıb leysan yağmasa da, "qəmli bir çiskin" ağlamamış olmazdı İtaliya dağlarında. Axı, torpaq insanlardan sədaqətli olur..."
   
   

TƏQVİM / ARXİV