adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Hava haqqında məlumat

27489 | 2008-10-25 02:12
Neçə illər bundan əvvəl olan bir hadisəni danışmaq istəyirəm. Bəlkə də ondan çoxlarının artıq xəbəri var. Amma mən danışmaq istəyirəm. Çox istəyirəm danışım bu hadisəni. Ən əsası da odur ki, hadisə baş verən vaxt mən bir o qədər uzaqda deyildim. Təxminən 25-30 kilometr aralıda yerləşən kənd klubunda təyinatla işləyirdim. Onu da qeyd etməliyəm ki, mənimlə o hadisə arasında heç bir əlaqə olmamışdı. Halbuki ola da bilərdi. Çünki bizim hər birimiz baş verən bütün hadisələrin iştirakçılarına oxşayırıq. Amma nəyə görəsə başına hadisə gələn adamı o qədər özümüzdən fərqləndiririk ki, hətta ona yuxarıdan aşağı baxır, üstəlik, niyə "elə yox, belə etdiyinə görə" onu qınayırıq və "özü günahkardır" deyib qərar veririk.
   
   Nə isə, sakit payız günlərindən birində, axşam çağı klubda, Leonid İliç Brejnevin rəngli portreti asılan otaqda, qara meşin divanda oturub iri pəncərədən bayıra baxırdım. Pəncərə hündürdə, divan isə alçaqda yerləşirdi. Ona görə də mənim oturduğum yerdən yalnız göyün üzü, bir az da sırayla düzülən çinarların başı görünürdü. Göyün üzü tər-təmizdi, nə bulud, nə qaraltı görünürdü. Heç deməzdin ki, indi hava dönər, külək qopar, şıdırğı yağış başlaya bilər. Özümə təzə, o zaman dəbdə olan plaş almışdım. Hələ yay havaları davam etdiyindən onu bir dəfə də olsun geyinə bilməmişdim. İstəyirdim geyinib gecələr bizim klubda kinoya baxmağa gələn qızların diqqətini cəlb edim. Məsələn, Nataşa barədə fikirləşirdim...
   
   Elə bu məqamda bizim kənddə yaşayan sürücü işini qurtarıb yük maşınıyla rayon mərkəzindən geri, kəndə qayıdırdı. Yanında rus mənşəli bir kişi oturub "otes, moy bednıy otes" deyə-deyə ağlayır və tez-tez də gözünün yaşını silib sürücüyə təşəkkür edir və hətta yaxşılığına görə onu qucaqlayıb öpmək istəyirdi. Hər dəfə onu qucaqlamaq istəyəndə sürücü dirsəyinı qaldırıb ağzından turşu ilə spirt iyi gələn kişidən özünü qoruyurdu. Onu da deyim ki, mən işləyən kənddə əhalinin çoxu ruslar idi və o gün azərbaycanlı sürücünün yanında əyləşən rusun atası ölmüşdü. Rayona gedib sifariş verdiyi tabutu gətirirdi. Birdən sürücü qarşıda, yolun kənarında həmişə xəyalında gəzdirdiyi Nataşanı gördü. Xəyallardakı bu xanım bazarlıq edib kəndə qayıtmaq üçün avtobus gözləyirdi. Sürücü sevincək maşını düz Nataşanın qarşısında saxlayıb yanındakına dedi: "Vanyok, qalx yuxarı "atanın yanına", qoy Nataşa burada otursun, onu kuzaya mindirə bilmərəm".
   
   Vanyok yenə "otes" deyib ağlaya-ağlaya yuxarı qalxdı. Elə bir az getmişdilər ki, birdən göy guruldadı, yağış başladı. Getdikcə yağış daha da gücləndi. Bu zaman sürücümüzün başı Nataşaya o qədər qarışmışdı ki, Vanyok heç yadına düşmürdü. Bir də axı yadına düşsəydi belə, neyləyəcəkdi? Vanyok yazıq gördü ki, belə getsə getdikcə güclənən yağışdan elə islanacaq ki, sərxoşluğu tamam uçub gedəcək. Bayaq dülgər sexinə sifariş verdiyi tabutun hazır olmasını gözləyəndə darıxmışdı. Boş dayanmayıb rayon bazarındakı pitixanaya getmiş, bircə dənə tutma bibərlə iki dəfə yüz-yüz araq içmişdi. İndi maya batmasın deyə yenə "ex, otes" deyə-deyə tabutun içinə girib qapağını örtdü.
   
   Sürücünün başı mavi gözlü, azca doluəndamlı, şaftalı yanaqlı gözəlçəyə qarışmışdı. Bununla belə kəndə qayıdan daha bir nəfərin yol kənarında durduğu gözündən qaçmadı. Maşını saxlayıb onu da kuzaya mindirdi. Yağış artıq kəsmişdi.
   
   Bu hadisədən illər keçib. Artıq o yeni sərnişinin milliyyətcə kim olduğu yadıma düşmür, deyəsən, azərbaycanlı idi. Amma onu bilirəm ki, yuxarı qalxıb maşına minən kimi tabutu görüb təşvişə düşdü. Yağışdan sonra daha da gözəlləşən ətraf yerlərə, göz tutmayan pambıq tarlalarına baxıb başını qarışdırmağa çalışsa da, fikri elə ayağının altındakı tabutda qalmışdı. Birdən Vanyok nəfəsinin daraldığını hiss edib tabutdan çıxmağı qərara aldı. Amma əvvəl tabutun qapağını ehmalca qaldırıb əlini çölə çıxartdı ki, görsün hələ də yağır, ya yox. Yeni sərnişin vahiməli tabutdan əl çıxdığını görcək özünü saxlaya bilməyib biixtiyar maşından aşağı tullandı.
   
   Mən bu faciənin əsas səbəbini onun maşın gedə-gedə aşağı tullanmağı ilə bağlamıram. Məsələ ondadır ki, Vanyokun tabutdan uzanan əlindən əvvəl başqa bir əl, sürücünün sağ əli sükandan ayrılıb Nataşanın sağlam, çəhrayı baldırlarına tərəf uzanmışdı. Qız onun əlinə bərk bir şapalaq çəkib "xvatit!" deyə qışqırdı. Sonra da sürücünü tamam özündən küsdürməmək üçün gülə-gülə təmiz Azərbaycan dilində dedi: "Əgər məni istəyirsənsə, kəndə tez çatdır, bayaqdan gedirik, heç 3 kilometr keçməmişik." Bunu eşidən sürücü "belə mənim gözüm üstə deyib" dördüncü sürətə atdı, ayağını qaza var gücü ilə basıb maşını irəli vıyıldatdı. Tərs kimi vahimədən başını itirən sərnişin də məhz bu məqamda, maşın sürətini artıranda özünü aşağı atdı və elə oradaca canını tapşırdı.
   
   Xeyli sonra arxadan "Moskviç" markalı avtomobil özünü yetirib sürücüyə qışqıra-qışqıra dedi":Sizin tabutdan meyit düşüb qalıb yolun ortasında."
   
   İkinci sərnişinin ölümündə günahkar sürücünü bildilər. Düzdür, məhkəmə zamanı sürücünün hərəkətində cinayət tərkibi olmadığı haqda fikir də səslənmişdi. Üstəlik, şahid sifətində çıxış edən Vanyok ona üz verən ağır itkidən neçə vaxt keçməsinə baxmayaraq, yalnız "otes" deyə-deyə ağlayır, hadisəni tamam başqa cür danışır, gah sürücünü göstərib "vot etot oqraş...", gah da Nataşaya işarə ilə "vot eta şalava..." deyir, amma ardını gətirə bilmirdi. Məhkəmədə o da səsləndirildi ki, həmin günə sinoptiklər radioda yağış olacağını deməmişdilər. Axırı qərara aldılar ki, sürücünü "xaltura" elədiyinə görə bir-neçə aylığa həbsə alsınlar. Kimsə bu ölümə görə cavab verməliydi...
   
   Mən təzə plaşımı geyinəndə Nataşa nə kluba, nə də klubun həndəvərinə gəlirdi. Qanı qara olduğundan heç kəndin içinə də çıxmırdı. Çünki adamların ağzını yummaq mümkün deyildi. Elə hey olmayan şeylər barədə danışırdılar.
   
   Əlbəttə ki, məndən Daniil Xarms çıxmaz. Birdən əgər bu hadisə o bədbəxt dahi yazıçının əlinə düşsəydi, burada elə gizli əlaqələr axtarıb tapardı ki, heç hadisənin iştirakçılarının da ağlına gəlməzdi ki, belə əlaqələr ola bilərmiş. Məsələn, 22 ildən sonra o sürücünün oğlunu Rusiyanın hansısa şəhərində Nataşanın birinci ərindən olan oğlu vurub öldürəcək. Səbəb də o olacaq ki, bazarda işləyən bu yazıq oğlan küçədə gedərkən birdən şıdırğı yağışa düşəcək, islanmamaq üçün qaçıb birmərtəbəli evin geniş örtüklü damı altında dayanacaq. Elə bu dəm Nataşanın birinci ərindən olan oğlu dostları ilə istədiyi qızın evinə, yəni həmin birmərtəbəli evə yaxınlaşacaq, burada başqasının dayandığını görüb soruşacaq":tı çto sdes delayeş, çerno?.." Sonra beş-altı nəfər onun üstünə düşərək döyüb öldürəcəklər. Yaxud maşından tullanan ikinci sərnişinin qardaşı quraqlıq olduğuna görə tarladan göydəki topa buludlara toplar atanda səsdən Vanyokun anası diksinəcək, bağrı çatlayıb öləcək. Sonra Vanyok "mama" deyib ağlaya-ağlaya bazarda pitixanaya gedəcək...
   
   Sabah Bakıda yağış yağacaq. Bununla əlaqədar görün nə qədər hadisələr və bu hadisələrdə gözə görünməyən əlaqələr baş verə bilər. Allah pisindən saxlasın.

TƏQVİM / ARXİV