adalet.az header logo
  • Bakı 18°C

Adda-budda

VAHİD ƏLİFOĞLU
35184 | 2008-10-18 03:12
... Mirzə Cəlilin, Mirzə Ələkbərin və nəhayət, minlərlə mirzələrin edə bilmədiklərini, deyəsən, Elnur Astanbəyli etmək istəyir...
   
   ... Kəsilməliykən başımız, kəsilib sünnətimiz...
   
   ... Bezdirici, darıxdırıcı bir yay səhəridi. Haradan hiss olunur ki, qabaqda bürkülü, boğucu bir gün var... dilxorçuluqdan və adamın əlini yerdən-göydən üzən bədbinlikdən (hər gün belədi-V.Ə) müvəqqəti də olsa yaxa qurtarmaq üçün Günelin bir neçə gündü ki, hazırlayıb divara vurduğu "kəlamlar lövhəsi"nə baxdım:
   
   - Özündə olmayan şeylərə kədərlənincə, özündə olanlara şükr et...
   
   ... Klubun "kəlləsindəki" otağın qapısı açıqdı. Qapının yuxarısında qırmızı rənglə, iri "şrift"lərlə yazılıb:
   
   - "Kitabxana"...
   
   ... Qız başını əllərinin üstünə qoyub. Saçları dağılıb stolun üstünə... Deyəsən, mürgüləyib. İçəridə bir nəfər də yoxdu... Rəflər uzunası kitablar düzülüb... Qapıdan qayıtdım geri...
   
   ... Binanın o başından səs gəlir... "Dağın arxasından həzin səs gəlir"... Beş-altı nəfərdi. Vallah, mən də belə getsə müğənni olacam... Divarın dibində "sallağı" əyləşiblər. Məni görüb qalxdılar ayağa. Salamlaşdıq... Bir siqaret yandırıb dizlərimi "qatladım. Bir neçə dəqiqə sükut çökdü ortalığa. Yavaş-yavaş məni unutdular. Söhbət təzədən qızışdı... "Ətin, unun, yağın bahalaşması... Bu boyda qəsəbədə inəkləri sürdümək üçün kələnin olmaması... İtlərin gecələr toyuq-cücəni daşıyıb aparması"... Gündəlik problemlər, qayğılar... Mübahisə çatıb az qala dava-dalaş həddinə... Başları elə qarışıb ki, kitabxananın qapısından bir də boylandım içəri. Kitabxanaçı qız hələ də "yatır"...
   
   ... Qəsəbəyə köçdüyümüz ilk illər də qəsəbədəki poçt hələ fəaliyyətə başlamamışdı. Qəzet-jurnalları almaq üçün həftədə iki dəfə yolumu Əhmədbəylidən salırdım. Bir dəfə Qurban kişini iş yerində tapmadım. Soraqlaşa-soraqlaşa getdim evinə. Qonşusu Qurbanın darvazasını göstərib maraqla soruşdu:
   
   - Qardaş, xeyirdimi, neynirsən Qurbanı?
   
   - Həftəlik qəzet-jurnalları götürəcəm.
   
   - Poçtalyonsan?
   
   - Yox, pulunan alacam...
   
   Darvazanın alaqapısı şaqqıltı ilə örtüldü. O biri üzdə qadın səsi soruşdu.
   
   - Kim idi, əşi?
   
   - Nə bilim, başıxarabın biridi. Qurbannan pulunan qəzet almağa gəlib...
   
   ... Kənddə olanda bütün ədəbi-bədii jurnalların, qəzetlərin abunəçisiydim. Köçəndə maşına dörd "çay yeşiyi" qəzet-jurnal yığdıq... Sürücü başını bulaya-bulaya dedi:
   
   - Müəllim, bunlardansa, vallah, evin qapı-pəncərələrindən ikisini söküb aparsan sərfəlidi...
   
   ... Əlyazmaları o qədər vərəqləmişəm ki, vərəqlərin küncləri didik-didikdi. 210 səhifəlik əlyazmalar... Adını da qoymuşam: "Belə keçdik biz bu yolu..." Qarabağdan, çadırdan yazılmış hekayələr, publisistik yazılar, şeirlər... Allah bəlkə bir də yetirdi Şöhrət Səlimbəyli, Rəşad Məcid, Elçin İsgəndərzadə kimi oğulu...
   
   ... Günel üç ay yanımda qalacaq. Tətildədi. Hər ay ona göndərdiyim pulu yığsam bəlkə də özüm həll etdim kitab məsələsini...
   
   ... Yerimizdə-yurdumuzda olanda Seyidəhmədlinin toylarına çağırırdılar. İndi kəndlər qarışıb bir-birinə... Füzulidə nə qədər kənd varsa hamısından dəvətnamələr "axıb" gəlir... Qabaqlar adətən toylar payızda olardı. Həm də həftənin şənbə-bazar günləri.
   
   ... Daha nə payız, nə qış, nə yay... Həftənin bütün günləri toydu, toy... Allah xoşbəxt eləsin... Hamı şadlıqxana, kitabxana, çayxana tikir... Kitabxana tikən görməmişəm... Şair Moşu Göyəzənlinin külfəti Söylü deyir ki, bizim kənddə arvadı ildə doğmayan kişilərə birtəhər baxırlar... Kitab oxuyanlar bu məmləkətdə arvadı ildə doğmayan kişilər kimidirlər...
   
   ... Toy siyahısına "nəmər" yazdırmaq üçün yenə basabasdı. Məndən irəlidəki kişinin peysərində ət qat-qat olub. Dəri ən azı yeddi yerdən qırışıb... Kəhilti, nıqqıltı, fısıltı... Qarınlı, göbəkli kişilər... "Milli fiquranın" standart forması... Axır ki, biz də çatdıq stola... Beş dəqiqə keçdi... "Pul yazan" başını qaldırıb kişiyə dedi:
   
   - Dayı, neçə manat yazım?
   
   Kişi tərs-tərs oğlanı süzüb:
   
   - Ə, hələ adımı yaz, sonra pulu yazarsan...
   
   - Yazmışam, dayı...
   
   Kişi tövşüyə-tövşüyə aşağı əyilib əlini dəftərdə gəzdirdi:
   
   - Hanı, ə. Hara yazmısan?
   
   Oğlan yazıq-yazıq əlini sətrin üstünə qoyub dedi:
   
   - Budey, bura yazmışam...
   
   Kişi "diri yüzlüyü" stolun üstünə atıb özünü sındırmadan gedə-gedə:
   
   - Bu zəhrimar təzə hərflərə öyrəşə bilmədim də... Sıxıla-sıxıla "iyirmi manatı" dəftərin arasına qoyub adımı dedim. Oğlan adımı yazmağa başlayanda siyahıya baxdım. Siyahı "köhnə əlifba" ilə, "kiril qrafikası" ilə yazılmışdı... Amma adımın qabağındakı iyirmi rəqəmi bir az yuxarıdakı yüz rəqəminin yanında birtəhər görünürdü.
   
   ... Səhərə də dəvətnamə var. Belə getsə bu il də "Belə keçdik biz bu yolu..." kitabı çap olunmayacaq...
   
   ... Kitabı olanın çörəyi olmaz,
   
   Çörəyi olanın kitabı.
   
   Qarnı ac olanların
   
   Uydurmasıdı kitablar,
   
   Şair heykəllərində daşın da
   
   Qıtlığı hiss olunur...
   
   
   
   Qoltuğu kitablılar,
   
   Nə südlənmir, südlük ola,
   
   Nə ətlənmir, ətlik ola...
   
   İtlər də kölgəsinə hürər,
   
   Özünə hürməz şairlərin...
   
   ... Kitablar yalançı əmiziklər
   
   Kimi bir şeydi...
   
   ... Əllini keçdim. Mirzə Vahid ola bilmədim. Heç Elnur Astanbəyli də Mirzə Elnur ola bilməyəcək. Böyük "mirzələr" olub nə qazandılar ki?..
   
   P.S. 70-ci illərdə kəndimizə iki ər-arvad dilənçi gəlib çıxmışdı. İslam əmimdən çörək istədilər. O da evdən bir təndir çörəyi gətirib verdi onlara və soruşdu:
   
   - Oğlunuz, qızınız var?
   
   - Hə.
   
   - Oxutmusunuz onları?
   
   - Oxutmamışıq. İmkanımız olmayıb.
   
   Əmim bir az fikirləşib dedi:
   
   - Hayıf, camaatdan yığıb yediyiniz çörəklərə.
   
   

TƏQVİM / ARXİV