adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

AG VƏ QARA

VƏSİLƏ USUBOVA
30436 | 2008-10-18 03:12
Ağlımız söz kəsəndən iki rəngə öyrətdilər bizi. Ağa və qaraya. Dedilər təbiətin əlvanlığına- səmanın, torpağın, meşənin, çayın, dənizin, ağacın, gül-çiçəyin, quşların, lap elə adamların müxtəlif rəngdə olmasına uymayın. İstəsəniz də, istəməsəniz də, dünyada iki rəng mövcuddu. Bir-birindən kəskin fərqlənən, bir-birinə düşmən olan iki rəng. Ağ və Qara! Qalan rənglər sizi çaşdırmasın. Onlar gerçək deyil, xəyaldı, Ağı ağ kimi, Qaranı qara kimi qəbul etməyənlərin xəstə xəyalı. Ağ bir az tündləşirsə, demək o daha ağdan deyil, qaraya meyllidi, lap açığı, qaraya satılıb. Qara da bir az bozararsa, eyni hal onun da başına gəlir. Orta rənglərə uymayın: ya ağdan olun, ya qaradan. Böyüdükcə anlayacaqsınız ki, biz böyüklər, yəni sizi böyüdənlər, tərbiyə edənlər, dərs keçənlər haqlıyıq. Nə deyiriksə, xeyrinizə deyirik. Çünki təcrübəmiz var. Görə-görə gəlmişik, dünyanı dişimizə vurub gəlmişik. Qaraya göz ucu baxan ağların, ağa tərəf boylanan qaraların nə günə düşdüyünü görmüşük. Yüzdən artıq milləti, xalqı birləşdirən ( əslində ayıran) ölkədə hər şey unudulub- unutdurulub ikiyə parçalandı: " Bizdən deyilsənsə, bizə düşmənsən" damğası vuruldu. Bir evdə ata ağ deyəndə, oğul qara dedisə, o gündən doğmalıq, bağlılıq, soy-kök yaddan çıxdı. Ərlə arvadın, anaynan balanın, bacıynan qardaşın da günü belə. Bilmədilər kimnən vuruşurlur, nədən ötrü vuruşurlur. Kimi qoruyurlar, kimdən qoruyurlar- bunu da anlamadılar. Heç anlamaq həvəsinə də düşmədilər. Düşünmək lazım gəlmirdi, gərək deyildi. Düşünən başların bir ünvanı vardı- Sibir. Get orada yaşa, qarın, şaxtanın dadını gör, nə qədər istəyirsən tayqadakı ağaclara şeir de, tarixdən, fəlsəfədən danış. Kim eşidəcək səni? Ağaclar? Qoy eşitsinlər, nə zərəri var? Onları da uzaqbaşı kəsib çayla axıdacaqlar, onların da son ünvanı ya taxtaçəkən mişardı, ya da alov ağızlı sobalar. Deməli, meşədə azıb qorxusundan oxuyan adam kimi səsini ancaq özün eşidəcəksən. Yorma özünü, heç nəyə " mənimdi" demə. Çox " torpaq, millət deyirdin. Ayağını üzdük o torpaqdan, deməli, başın da bədəninin üstündə getdi. İndi özümüz bilirik, o torpaqlarda nələr əkirik. Əkdiyimizi də biçirik, hələ bundan sonra yüz il də biçəcəyik."
   
   Çox "millət-millət deyirdin. Kaş, millətdaşlarının sənin haqqında yazdıqlarını oxuya biləyding Sənə demişdik, axı, bu dünyada cəmi iki rəng var. Eşitmədin...
   
   
   
   ***
   
   
   
   Dünyanı da iki rəngə böldülər. Dedilər, biz Ağ qoçuq- millətləri, xalqları boynumuza mindirib işıqlı dünyaya çıxaracağıq. Dünyanın o üzündə qaraların günü-güzəranı dərilərindən də betər rəngdədi. Allahınıza şükür eləyin ki, bizimləsiniz...
   
    Şükür elədik. Şükranlığımızın bəhrəsi olaraq cild-cild romanlar, saysız filmlər, tablolar, simfoinyalar yaratdıq. Hamısı da ağ rəngdə. Ağlar elə başdan-ayağa ağ oldu, qaralar da təpədən-dırnağa qara. Nə ağ qaraya azacıq meyl elədi, nə də qara ağa gözünün ucuynan baxdı...
   
    Ağlar o qədər ağ idilər ki, adamın gözü qamaşırdı. Deyirdin bunlar heç bəşər övladı deyil. Yaradan bunlara heç bir mənfi insan xisləti verməyib- İmam övladı, Peyğəmbər nəslidirlər. Xəyanət, yalan, böhtan danışmaq, ikiüzlülük, paxıllıq etmək onlara yaddı. Nə sevgilərinə sevgi çatırdı, nə nifrətlərinə nifrət. Qanları, canları Vətən, xalq, millət sevgisindən yoğrulmuşdu. Əqidə, amal uğrunda düz ölümə gedər, "uf" də deməzlər. Tamah, özü üçün yaşamaq duyğuları onlara yaddı. Hamıya eyni gözlə baxarlar, qohum-qonşu, dost-tanış bilməzlər. Heç bir mənfəət güdmədən gecəli-gündüzlü ümumi iş, Vətən, xalq naminə çalışarlar, "yoruldum" deməzlər.Onlar Qorkinin qəçhrəmanları, Pavel Korçaginin özüydülər...
   
    Qaralarsa onların tam əksi. Onların xislətində insan adına heç nə tapmazdın. Özüyçün, ailəsiyçin yaşayar, vəzifə, kreslo naminə hər cür rəzilliyə dözər, nə yeməkdən, nə yığmaqdan doymazlar. Özündən aşağıların salamını güclə alar, barmaqlarının ucuynan görüşər, özündən böyüklərə ikiqat əyilib çəkmələrini belə silməyə hazır olarlar. Onlar parazitlər, bürokratlar, sinfi düşmənlər, həşəratlardı...
   
    Hər şeyin cəmi iki rəngdən ibarət olduğunu görüb duyanlar o qədər darıxdılar, sıxıldılar ki, başladılar gah xəlvət, gah aşkar o biri rənglərdən də danışmağa, yazmağa, çəkməyə, göstərməyə. Hər şeyi öz adıyla adlandırdılar. Adamlara başa saldılar ki, Yaradan bu dünyaya insan gözləriylə görünə biləcək çox rənglər bəxş edib. Bu rənglər ayrılıqda da gözəldilər, bir-birlərinə qarışanda da. Əsas odu ki, sən bu rənglərin içindən özününkünü seçə biləsən, başqasının seçiminə də hörmət edəsən. Bax, onda əlvanlıq göz oxşayar, bəşər övladının canı da birrənglikdən qurtarar. Bu sözləri deyənləri əvvəl-əvvəl hamı eşitmədi, eşidə bilmədi. Eşidib anlayanlar da oldu, özünü eşitməzliyə qoyanlar da. Onlara təzə ad da qoydular: İnsident! Ancaq heç kəs bilmədi ki, bu insidentlər nə rəngdədi, daha doğrusu hansı rəngin tərəfindədi...
   
   
   
   ***
   
   
   
   Günlərin birində göy guruldadı, ildırım çaxdı- qızılı şimşəklər göy üzünü qara buludlardan təmizlədi. O ki, var yağış yağdı... Bu yağışdan sonra adamlar başını qaldırıb tərtəmiz səmaya baxa bildilər. Baxdılar və tərtəmiz səmada Göyqurşağını gördülər- dünyanın əlvan rənglərini tanıdılar. Həmin günlərdə ərinmədim, qələm-kağız götürüb Ana dilimdə iyirmiyə yaxın rəngin adını yazdım. Kimə göstərdimsə, təəccüblənmədi, " Biz bunları bilirdik" dedilər. " Bəs, indiyədək niyə dillənmirdiniz?" " Belə lazım idi" dedilər... Hətta o rənglərin üçü bizdən küsmüşdü. Qaytardıq! Başının üstünə bax...
   
   
  • Aprel:
  • 5

TƏQVİM / ARXİV