ÖMRüN BiR ANI

ƏBÜLFƏT MƏDƏTOĞLU
34468 | 2008-10-18 03:12
Deyirlər ki, həyat bir göz qırpımıdır və bu göz qırpımı doğumla ölümün arasındakı yolun uzunluğudur. Həmin uzunluğu ölçmək heç bir insana nəsib olmayıb. Yalnız məzar daşları üzərində göstərilən tarixlə həmin yolun ölçüsü bəlli olur, amma yeri gəlmişkən, bir hədisi xatırladım.
   
   Deyirlər ki, məzarlığı gəzən bir nəfər başdaşı üzərində yazılmış doğumla ölümün arasındakı tarixin beş gün olduğunu oxuyub təəccüblənir. Və yaxınlıqdakı üləmalardan birindən soruşur ki, bu necə ola bilər. Həmin üləma bildirir ki, bu, insan ömrünün yalnız beş gününü mənalı, əsl insan kimi yaşayıb, qalan zamanı sadəcə heç bir əhəmiyyət kəsb etməyən aylar, illər olub.
   
   İndi bu bir an deyəndə mən də özümün nə qədər yaşadığımı, necə yaşadığımı, ümumiyyətlə, buna yaşamaq demək mümkün olub-olmadığını götür-qoy edirəm, mizan-tərəzi qururam. Və baxıb görürəm ki, olumu ilə ölümü bir-birindən fərq etməyən mövcudluğun sən demə, o qədər də böyük anlamı yox imiş. Çünki cəmiyyətdə, ən azı ailədə nəyinsə arxasında nəfəs duyulmursa, çiyin söykənilmirsə, deməli, ən yaxşı halda artıq bir şeyə çevrilirsən. Bunu isə ağıllı adamlar yəqin ki, heç vaxt arzulamazlar.
   
   Son vaxtlar sağlamlıq durumumda yaranmış müəyyən problemlər məni daha çox ötən günlər barəsində düşünməyə, olub-keçmişləri xatırlamağa, daxilən öz-özümə hesabat verməyə yaman çox çəkib aparır. Nə qədər götür-qoy etsəm də, saf-çürük edib ələkdən keçirsəm də yaxşı olacaq, daha dəqiq ifadə etsəm, olmuşlar barəsində cüzi rahatlıqlar ortaya çıxır. Necə deyərlər, iynə ucu boyda nəsnələr etdiyim üçün isə ancaq sevinirəm.
   
   Deyirlər ömrün uşaqlığı bir dünyadır, tələbəlik illəri başqa və sonra da gəlir qaçqınlıq, köçkünlük illəri. Uşaqlıq - böyük ailənin əzab-əziyyətləri, tələbəlik - ümid dolu, amma son dərəcə qayğılı, qaçqınlıq da ki göz önündə. Hərdən dost-tanışla söhbət edəndə də onların qəribə təbəssümü ilə qarşılaşıram. Çünki tələbəlik illərində kirayənişin qalmadığım az qala məhəllə qalmayıbdı Bakıda. Əhmədlidən tutmuş Yasamala qədər, Yasamaldan Biləcəriyə, ordan da İçərişəhərə qədər. Elə qaçqınçılıqda da belə olub. Füzulidə, Beyləqanda, Bakının müxtəlif guşələrində, indi də Motodromda. Ömür təkərlər üstə keçdi. Beləcə o bir anın nə qədərini yaşadım, nə qədərini yellərə verdim, heç özümün də xəbəri olmadı.
   
   Guya xəbərim olsaydı nə edəcəkdim ki? Görünür, alın yazısı deyilən nədirsə mənim üçün məhz beləcə yazılıbmış. Bir göz qırpımı olan ömrü gecə-gündüzün fərqinə varmadan harda gəldi, necə gəldi, gah səngərlərdə, gah cəbhənin nisbətən sakit yerlərində, gah da dostlarla, qohumlarla problemin çözümündə üyütdük, getdi. Qalır qalanı. O da nə qədərdi, onu da yenə əvvəldə dediyim kimi, yalnız Yaradan bilir.
   
   
   
   P.S. Bu yazını oxuyub bəlkə də məni qınayanlar tapıldı. Çox ümidsiz notlar üzərində köklənsəm də, amma etiraf etməliyəm ki, indi təklik-tənhalıq daha çox könlümə yatır. Bilmirəm bunun səbəbi nədir. Daha doğrusu, heç bilmək də istəmirəm. Rahatlıq tapdığım bu özünəçəkilmədə, özünəqapanmada bəlkə də hansısa bir qabarmanın, yenidən ortaya çıxmağın işartıları da var. Düzü, onu da bilmirəm. Sadəcə, hərdənbir vərəqlədiyim yaddaşım bu barədə ismarıc xarakterli işartılar ortaya qoyur. Olsung Elə həyatın bir gözəlliyi də budur.
   
   

TƏQVİM / ARXİV