adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Girəndə ayaqqabılarınızı çıxarın

CEYHUN MUSAOĞLU
21782 | 2008-10-18 03:12
Azərbaycanın birini yola verdik. Belinə Qarabağı yükləyib Elnur Məmmədlidən öyrəndiyimiz priyomla başımızın üstündən dala atdıq o ölkəni. Növbəti Azərbaycan döyür qapımızı. Açaq, yoxsa elə bilsin evdə heç kim yoxdu dala qayıtsın? Deyirsiz qapını sındırar? İnanmıram. Hələ təzədi əvvəl-əvəl özünü yola verdiyimiz Azərbaycana oxşadacaq. Başına dəyən qapazlara cavab verməyəcək. Onu evin bir küncünə atanların üzünə gülümsəyəcək. Şairlər Azərbaycanı gəlinə bənzədirlər. Gəlin evin süpürgəsidi, harda qoydun orda durmalıdır. Bizdə şair sözü əlbəttə doğrudur. Bir şərtlə ki, qoca şair olasan. Ən azı Fikrət Sadıx yaşda.
   
   Heç inanmıram ki, biz birinci Azərbaycana piryom atanda üst-başına daraşan qoca şairləri, ağzının danışığını bilməyən qoca məmurları, elmi kəşfləri bayatılardakı "əzizim" sözünü əzizləmək olan qoca akademikləri, arvad obrazlarını həyatdakı kişi rolundan daha məharətlə oynayan qoca aktyorları, çiyinlərimiz üzərində tikilən körpüləri, tüpürmək üçün münasib yer bildiyimiz ekranlardan evimizə soxulan televiziyaları, prezidentin qəzetlərə verdiyi beş min manatı seçkiqabağı cibxərcliyi hesab edən baş redaktorları şeirimizdəki bülbülü, nəsrimizdəki əsər başlayanda yazıçının 10 səhifəlik çıxardığı, əsər bitəndə isə 8 səhifəlik batırdığı günəşi, azərbaycanlıların yalnız salavat çəkmək üçün tanıdığı ayı, Firudin Qurbansoyun çörək ağacı etdiyi ulduzu, çox uzatdım eləmi, qoy axırı belə qurtarsın, acları və gicləri qoparıb növbəti, təzə Azərbaycanın üstünə sancaqlamamışıq.
   
   - Sakit ol, o qapını döyür.
   
   - Açaq gəlsin içəri?
   
   - Olmaz, yoxlamamış içəri buraxa bilmərik.
   
   - İndi durub, öz vətəninin üst-başını yoxlayacaqsan? Ayıb deyil?!
   
   - Bəs onun özüylə gətirdikləri içəri doluşsa, bizi tapdayıb yuxarı başa keçsələr, sonra millətin böyüklüyündən, xalqın əzəmətindən danışsalar, dolmanı ilk dəfə Qaçaq Nəbinin arvadı Həcərin əri üçün bişirdiyini "sübut" etsələr, boz-bulanıq gözlərini bərəldib, muğamatın insan ruhunu durultuduğundan danışsalar, hərə bir tərəfdə şeir desə, mahnı oxusa, dumbul çalsa, qoca akademiklərdən biri eyvana çıxaraq, oxuyub oynayanların telefon nömrəsini bəyan edib, SMS yalvarışına başlasa, divanın altından Murad, şkafın içindən Kamran, qapının arxasından Nisə çıxsa, Vətən püsgürən şeirlər dizə çıxsa, beş-altı güləşçi, hə lap elə səni başına qaldırıb yerə çaxsa, neyləyəcəksən?
   
   - Gəl əvvəl qapının arxasında dayanan Azərbaycanla şərt kəsək. Deyək ki, üstündə olanları blokda qoyandan sonra içəri keçə bilər.
   
   - Yox, onda deyəcəklər ki, vətənlə şərtlə danışır. Bizi vətənə xəyanət etməkdə günahlandıracaqlar.
   
   - Tutub birdən polisə də apararlar eg
   
   - Əlbəttə aparacaqlar. Özü də yol polisinə.
   
   - Biz maşınıq məgər?
   
   - Hələ sən bunun fərqində deyilsən? Şəxsən mən belimdə o qədər adam daşımışam ki. Boynuma alıram, bəzən şəhərdə bərkgedən maşınların yoluna çıxıb, qəza vəziyyəti də yaratmışam. Sürücülük vəsiqəmi bir neçə dəfə deşiblər də. Əllərində bəhanə var: deyəcəklər Azərbaycanın yoluna çıxmısan, etiraz edəndə üstünə qışqırmısan da. Hələ mən el qınağını demirəm. "Qonağı qapıda saxlamazlar", Ev yeyəsi qonağın nökəridir" kimi atalar sözünü başıma qaxacaqlar.
   
   - İndi neyləyək?
   
   - Get aç qapını gəlsin. Salam versə, alma. Buralarda kimin salamını alırsan elə bilir ondan qorxursan, kimə salam vermirsən, səndən qorxur. Buralarda salam Allahdan çox, Əzrayılın adıdır. Ona xatırlat ki, biz vətənə orda doğulduğumuz üçün yox, orda yaşadığımız üçün hörmət edirik. Adam balası kimi yaşamağa imkan verməsəg
   
   - Dayan-dayan. Bu da şantaj olur axı.
   
   - Hə, düz deyirsən. Yazıq Həmid də belə deyirdi: "Konstitusiyada Vətənə xəyanət maddəsi olduğu halda niyə vətənin vətənadaşına xəyanət maddəsi yoxdu? Get aç qapını. Qarşısında baş əy. Denən ki, onunla işimiz yoxdu. Amma üstündə gətirdikləri qapının ağzında ayaqqabılarını soyunsunlar. Yüz ilin palçığını evə daşımasınlar. Onsuz da nəfəsləri ilə havanı korlayacaqlar.
   
   - Neyləyək dözməliyik, bura vətəndir.
   
   Qapı yenə döyüldü. Bu dəfə daha ərklə. Yəqin "bura vətəndir" etirafını eşitdi. Ayağı yer aldı. Üst-başı da ömrümüzü güllələyənlərlə doludu. Açmaq lazımdır. Yoxsa qapını sındıracaq.
   
   

TƏQVİM / ARXİV