adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

XORUZUN QUYRUğU

OQTAY SALAMOV
29578 | 2008-10-18 03:12
Başlığı görən kimi kimin fikrinin hara gedəcəyini dəqiq bilirəm. Amma yox, mənim siyasi söhbətlə nə işim, mən Şərqdə yaşayan şərq adamıyam, bu cəhətin sonundakı "q"nı heç vaxt unutmuram. Yəni mənim şər işlərlə işim və aram yoxdur. Mən şəri işlərdən danışmaq niyyətindəyəm, yəni bizim özlərini sırf dindar göstərmək istəyənlər haqda danışmaq istəyirəm. Bilirəm, bir neçə dəfə dindən, mollaların attestasiya məsələsindən, yalançı dindarlardan yazılar yazmışam, hər dəfə də əsl dindarların qəzəbinə, ən azından qınağına tuş gəlmişəm. Bu dəfə də belə olacaq, yazı əsl hacıları, kəbleyi və məşədiləri rəncidə salacaq, məni danlayacaqlar. Amma, ay imanı kamillər, hamını öz arşınınızla ölçməyin, dindən sipər və qazanc kimi istifadə edənlər əsl dindarlardan dəfələrlə çoxdur.
   
   Sovet quruluşu dağılanda bir çoxları kimi, din adamlarının da əlinə gözəl fürsət düşdü. Bir çox sahələr kimi din də azadlıq əldə elədi, hətta ömründə "fatihə", "ələhəm" bilməyənlər sırf "dindar" oldular, xət buraxdılar, əba geyindilər, xəlvətdə sağlıq dedilər, aşkarda "dua" oxudular - savabları, günahları canlarına dəysin. Gördülər ki, təzə günahlarına görə cəzanı həmin anda almırlar, başladılar bundan alver məqsədilə istifadəyə. Deyə bilərsiniz ki, sovet dövründə də mollalar dindən qazanc yolu kimi istifadə edirdilər. Düzdür, amma onda hər kəndin bir, uzaq başı 2-3 mollası olardı. İndi hansı kəndin ən azı 3 hacısı yoxdursa həmin kəndi adam yerinə qoymurlar. Sözsüz ki, 3 hacısı olan kəndin 5 kəbleyisi, 7 məşədisi də plan daxilindədir, bir düjin mollası da öz yerində...
   
   Dünən bilmirəm seçki yazılarından harada yer tapıb qəzetlərin son səhifələrində maqazin yazılar da vermişdilər və bu yazılardan biri də müğənni, şou-biznes əhli olan hacılara həsr olunmuşdu. Ruhi, Mehriban Xanlarova, İzzət Bağırov haqlı olaraq topa tutulmuşdu. Ortada Elşən Xəzərin, "Əhli-beyt" qrupunun üzvlərinin saqqal buraxmağı da müzakirə mövzusu olmuşdu və ibadətin könül məsələsi olduğu, bunu əldə bayraq eləməyin lüzumsuzluğu da qeyd olunurdu. Və belədə indi mənim verəcəyim sual əsl dindarda niyə qıcıq yaratmalıdır ki? Səhv eləmirəmsə, dinimizdə insan surətinin çəkilməsi, musiqi alətlərində ifa etmək haram sayılır, elədir? (Elə deyilsə, qoy dindarlar bunu faktla mənə sübut eləsinlər). Bəs onda sizin dini dükanlarda niyə "müqəddəslərin portretləri" satışa çıxarılıb? Axı çoxunuz bunu da kitabdan-kitaba salaraq halal kimi "oformit" eləyirsiniz. Amma tarçalanların 70, kamançalanların 50 faizi hacıdır və onlara ağızdolusu "Həci" deyə müraciət eləyirsiniz. Məntiq haradadır?
   
   Ümumiyyətlə, dindarlıq təzə dəbə minəndə (günahımı Allah bağışlasın!) əlində halal-haram pulu olanlar üz tutdular Həcc ziyarətinə. Oğrusu da "həci" oldu, qulduru da, müğənnisi də, min dəfə üzr istəyirəm, fahişəsi də. Mən bundan sonra sərt deyəcəyim hər bir sözə görə günahımın bağışlanmasını Yaradandan arzu edirəm, amma deyəcəklərimi deməliyəm. Bax, elə o zamandan mənim həqiqi "həci"lərə də inamım azaldı. Çünki o vaxtlarda, elə indi də bizə öyrədilən, oxuduğumuz qaydalara görə ən azından qonşusunda aclıq çəkən qonşusu olan adamın həcc ziyarəti qəbul sayılmır. Halal qazanc, bir illik azuqənin pulunun olması da əsas şərtlərdəndir və bunların da səhih olması böyük şübhə altındadır. Nə isə, Azərbaycan həqiqəti belədir ki, başlanğıcda keyfiyyətə yox, kəmiyyətə baxılır, hacıların sayı, məscid tikdirmək, "Hacı pivəsi" buraxdırmaq dəbdə idi. Mənə elə gəlir ki, dini idarəmiz də ilk vaxtlar say xatirinə əsl dindarların az olmasına bir növ göz yumurdu və ən böyük günah eləyirdi. Gözlənilirdi ki, vaxt keçdikcə ziyarətə gedəcək adamlar qarşısında şərtlər dəqiqləşəcək, sırf dinə söykənəcək və keyfiyyət əsas götürüləcək. Heyf, səd heyf ki, vaxt ötdükcə saxtakarlıq daha da artdı.
   
   Bu gün həci kvotası da qəşəngcə artırılıb, pulun oğurluqdu, doğruluqdu, haramdı, halaldı, "atıb" almısan, satıb almısan... dəxli yoxdu, ver get, ol hacı. Qayıdıb gələndən sonra da istəyirsən fahişəxana aç, istəyirsən şadlıq evində, restoranında araq-çaxırdan şəlalə düzəlt, hacısan ki, hacı!..
   
   Kredit verən idarəyə gedirsən, deyir bizə göstəriş verilib ki, hökumət qəzetlərində işləyənlərdən başqa heç bir jurnalistə kredit verməyin. Balam, əgər musiqiçilərin hacılığı sizi və digər dindarları təmin eləmirsə, elan verin ki, "manısların ziyarəti qəbul olunmur". Onlar da ora verdikləri pulu "əməkdar, xalq" adına xərcləsinlər. Bununla da bu musiqiçi, artist, şou əhlinin hacılıq söhbəti bitsin. Yoxsa yazırlar ki, İzzət həccə gedəndə saçını qırxdırmayıb, ancaq saçından bir tikə kəsdirib. İzzət də deyir ki, fitva (yəqin ki, dini termin kimi "fətva" daha doğrudur" amma bunların dilində və anlayışında elə fitva daha yerində səslənir) verən belə verib. Ay Mehriban Xanlarova əvvəl bürünürdü, indi bürünmür, əksinə açılır, daha nə bilim nə kimi sözlərə də son qoyular.
   
   Siz mənə və dini mümkün qədər təmiz görmək istəyən başqalarına da başa salın görək, hacı toylarda hamı ilə spirtli içki içə bilərmi, yoxsa elə ancaq "hacı pivəsi" içməlidir? Priton sahibəsinə və ya "xidmətçi"sinə "həci xanım" demək günaha yazılır, yoxsa yazılmır? Hacı şadlıq evində hər şeyin sifarişini götürür, amma "arağı özün al, mən hacıyam, mənə olmaz" deyirsə, məclisə gələn molla namazı onun ətəyində qıla bilərmi? Bir naqolay sualım da var (guya qalanlar çox qolaydı): əvvəllər lap çox dəbdə idi, indi bir az azalsa da yenə rast gəlinir. Necə bilirsiniz, iki-üç hacı birləşib bir kənddə bir məscid tikdirir və Cümə günləri o məsciddə 9 adam namaz qılır. Amma həmin kəndin şagirdləri 5 kilometr o yandakı kəndə məktəbə piyada gedirlər. Həmin hacıların həmin kənddə bir məktəb tikdirməsi savabdı, yoxsa günah? Bəs onda niyə...
   
   Olsun ki, küfr danışıram, olsun ki, bir dana bir naxır məsələsidir, amma metroda, avtobusda hicablı xanımların, əsasən də cavan qızların gözü-qaşı oynayanda, hərəkətlərindən şəhvət yağanda adilərdən daha çox onlara əsəbiləşirəm. Yuxarıda söhbəti gedən yazıda belə bir məqam var: "Dinşünas alimlərdən biri isə bizimlə söhbətində tamaşaçılara haqq qazandırdığını bildirdi. Onun sözlərinə görə, adam Həcc ziyarətinə yaşının o vaxtı getməlidir ki, onun tələblərinə əməl edə bilsin: "Ümumiyyətlə, sənət adamının, müğənni və aktyorun həccə gedib, oradan döndükdən sonra pis əməllərlə məşğul olmasını çox görmüşük. İzzət özü film çəkib və həmin filmdə şərab süfrəsi arxasında oturub. Bu nə deməkdir?"
   
   Başına dönüm, ay dinşünas alim, İzzət müğənnidir, aktyordur, onlar daha çox göz qabağında olurlar. Bəs sənin "ştatnı" mollaların, axundların, vaizlərin dini qaydaları hər santimetrdə pozur, hacı adı ilə alver edirlərsə, bunun günahını kim ödəməlidir? Belə çıxmasın ki, mən dini adlarla manipulyasiya eləyən artist-martistə haqq qazandırıram, əstəğfürullah. Amma o herti, qartımış, çörəyi dindən çıxmalı dindarların hoqqalarını görəndə, bunları qınaya bilmirəm. Axı bunlar ancaq xoruzun quyruğudur. Dalı, qalanı, pipiyi, başı isə çəkilib kölgəyə, bizi loxlaya-loxlaya aldadırlar. Bunlar elə bilir ki, nəuzibillah, Allahı da aldadırlar. Ay biçarələr, Onu aldatmaq mümkün deyil, özünüzü aldadırsınız...
   
   
   
   P.S. Bilmirəm mən öləndə Cənnətə düşəcəm, yoxsa Cəhənnəmə. Amma Cəhənnəmə düşsəm və orada "Azərbaycan hacıları" seksiyasını görsəm yəqin ki, təəccüblənməyəcəm...
   
   

TƏQVİM / ARXİV