adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

izıq haradan gəlir?

18671 | 2008-10-18 03:12
Əvvəllər, indi çətinliklə yadıma gətirdiyim çağlarımda bütün uşaqlar kimi mən də özümə, bəzən də böyüklərə tez-tez belə bir sual verərdim: "İşıq haradan gəlir?" Lampanın içindən. Bəs nəyə görə lampanın içində közərən tel yanıb kül olmur? Bəs necə olur, onu közərdən qüvvə ətrafı nura qərq edir, bəs elektromaqnit şüalarını yayan qüvvə hansıdır? Bəs dünyanı işıqlandıran nədir? Onun kökünü bilmək istəyirəm. Nəyə görə bəziləri işığa and içir, onu müqəddəs sayırlar? Müqəddəs nədir? Uca olan, sayılan, sevilən, qorunan, insanları birləşdirən, onları bir-birinə oxşadan... Onda pul da müqəddəsdir. Çünki bütün deyilənlər və eləcə də müqəddəs olan haqqında yaddan çıxarılıb deyilməyənlər həm də pula aiddir. Və əgər bu müqəddəs kağızı hərəkətə gətirən qüvvə kapitaldırsa, onda kapitalizm də dindir. Məntiq belə alınır. Artıq bu suallar məndə böyüyə-böyüyə, məntiqi düşünmək qabiliyyətini özümdə formalaşdırdıqca yaranırdı. Deməli, kapitalizm dindir. Amma yox, kapitalizm din ola bilməz. Çünki dünyada yaşayan insanların bəziləri dinə inanır, bəziləri isə inanmır, yaxud da səndən fərqli olaraq, sənə əks olaraq tamam başqa dinə inanırlar. Kapitalizmə isə inanmaya bilmirsən. O, maddidir, göz qabağındadır, sən məcbursan onun qaydalarına əməl edəsən, onları sayasan, onlarla yaşayasan. Kapital vasitə deyil. Bütün dinlər, dini məbədlər onun içindədir. Hətta amerikanlar pulun üzərinə "Biz Allaha inanırıq" sözünü yazıblar. Hünərin var inanma. Ac qalacaqsan, acından xəstəlik tapacaqsan və tezliklə hardansa hələ də işıqlanan, hələ də nuru əskik olmayan bu dünyaya gözünü yumacaqsan.
   
   Amma müqəddəs olana daha bir keyfiyyət xasdır və bu, onu puldan, deməli, kapitalizmdən ayırır. Müqəddəs olan və bütün varlığınla müqəddəs saydığın uğrunda canından keçməyə hazır olmalısan.
   
   Bir az da böyüyəndə özümə artıq belə bir sual verməyə başladım: "Görəsən dünyada elə bir şey varmı ki, onun uğrunda canından keçməyə hazır olasan? Təkcə özün yox, hətta doğmaları, can-ciyərin olanları da buna qurban verməyə hazır olasan". Lənət şeytana! Yenə adamın dili dinc dayanmayıb demək istəyir ki, pul, var-dövlət. Əlbəttə, bunu təsdiq eləyən çoxlu misallar gətirmək olar. Lakin nə qədər çox olsa da, yenə bu, hamısı deyil, daha çox fərdi xarakter daşıyır, qayda-qanundan kənardır, istisna hesab olunur. Cəfər Cabbarlının "Almas" pyesindəki Hacı Əhməd kimi danışan adam az olar: "Gətir o bir oğlumun başını mənim gözümün qarşısında kəs, sənə bir söz deyərəmsə, tümbətünün oğluyam. Amma mən sağ-salamat dura-dura gəlib mülkümü əlimdən alasan? Yox, buna öldürəsən, yol vermərəm..." Yaxud da "Axırıncı aşırım" filmində Kərbəlayı İsmayılı misal gətirə bilərik. Deyir, "naxırçı filankəs gəlib mənimlə bir süfrədən çörək yeyir. O qətlə yetirilən oğlumun müsibəti bunun yanında yalan oldu".
   
   Belə misallardan yenə, özü də lazım gəlsə, həyatdan da gətirmək olar. Amma bunlar istisnalar olacaq. Müqəddəs olan, uğrunda canından keçməyə hazır olduğun başqadır. O, nədisə, maddi deyil.
   
   Bizim kəndin qurtaracağında, dənizə çatmamış sırayla düzülən qayaların üstündə Əliayağı deyilən pir var. Ora həmişə, bütün dövrlərdə axın-axın adamlar ziyarətə gəliblər. Belə ziyarətgahlara, övliyalara Azərbaycanın bütün yerlərində rast gəlmək olar. Hər yaşayış yerində bir müqəddəs məkan olmalıdır. Bu, ən ulu əcdadlarımızdan üzü bəri, son on-on beş əsrə qədər gələn adətdir. Keçmişdə adamlar axtarıb müqəddəs məkan tapdıqları yerdə yurd salardılar. Bura olardı mərkəz. Sonra onun ətrafında, yaxud yaxınlığında evlər tikər və yaşamağa başlardılar. Onların dərin inamına görə, Allah işığı, bununla bərabər həyatı, bu kəndin ruzisini, bərəkətini bu işıqla bərabər göndərərdi. Daha çox hələ sadə, kənar təsirlərə başı qatışmayan, yəni işığın guya əslində o yandan, hardansa qərbdən bizə gəldiyi fikrinə düşməyən tayfalarda, icmalarda bu daha güclü olardı. Onlar hələ özlərindən razı olub yollarını azmamışdılar.
   
   Ötən əsrin 67-68-ci illərində Sovet İttifaqında "məxməri repressiya" deyilən bir siyasət həyata keçirilirdi. 37-ci ildən fərqli olaraq bu siyasət xeyli yüngülvari aparıldı. Bu, daha çox təxribat yolu ilə, mədəni tərzdə adamların nə düşündüyünü üzə çıxarmaq və onların üzərində tərbiyə işi aparmaq, yüngülcə təmizlənmə yolu ilə aparılırdı. Belə bir vaxtda hardansa ağıllarına gəldi ki, bizim kənddə yerləşən Əliayağı piri adamları təzədən "cəhalətə" aparır, odur ki, onu sındırmaq lazımdır. Bunun üçün bircə buldozer kifayət edəcək. Bəli, buldozer kəndə girdi, başladı üzüaşağı, dəniz qırağı tərəfə, Əliayağının üstünə yeriməyə. Birdən yekə, hündür, dolu bir kişi, ağ köynəyini şalvarının üstündən sallatmış, başında quzu dərisindən köhnə papaq, ayaqyalın 28 nömrəli velosipedin təkərinin iri, dəmir diskini gilgilə eləyib üzüaşağı gillədir, özü də az qala yeri titrədən vücudu ilə onun ardınca, Əliayağına tərəf qaçır. Elə qaçırdı ki, hətta gəlib buldozeri ötdü, onu xeyli arxada qoydu. Elə qaçırdı ki, bu adamı görüb tanımaq olmurdu. Yalnız bir-iki gözdən iti olanlar onu tanıyıb bir-birinə dedilər:
   
   - Tanıdın? İnqilab idi də...
   
   - Nə danışırsan? Onun da başına hava gəldi?
   
   "Başına hava gələn İnqilab" gilgilə ilə gedib girdi Əliayağına. Buldozer gətirənlər nə qədər elədilər onu pirin içindən çıxara bilmədilər ki, işlərini görsünlər. Qocalar, arvadlar başladılar başına-dizinə döyüb qışqırmağa: "ay allahsızlar, bu xəstədən nə istəyirsiniz, əl dəyməyin ona".
   
   Sovet ideologiyasında "humanizm" deyilən anlayış da vardı. Buldozer geri qayıtdı. O gündən kəndin hörmətli, sayılan kişilərindən biri olan İnqilaba başladılar "İngil" deməyə. Bir də görürdün küçədə hamı bir-birinə dəydi, yenə İngil hətta asfaltın üstündə toz qoparıb güllə kimi gilgiləsini gillədə-gillədə üzüaşağı, Əliayağına doğru qaçır. Cavanlar bu məqamda cuşa gəlib əcaib səslə qışqırar, fit çalar, "qoyma-qaçdı" deyə onun ardınca mənasız sözlər çığırardılar. İngil küçədən keçəndən sonra yenə həmin tanış buldozer gəlib-keçər, piri sındırmaq üçün növbəti cəhd eləməyə gedərdi. Amma yenə də İngillə çarpışmada qalib gələ bilməzdi. Çünki buldozer göndərənlər kiminsə özünü bu müqəddəs yer uğrunda qurban verməsinə yol verə bilməzdilər. Bu onlar üçün biabırçılıq olardı.
   
   Elə ki piri sındırmaq söhbəti aradan götürüldü, İngil yenə dönüb oldu İnqilab. Yenə təmiz geyindi, ağır, sanballı kişilərdən birinə çevrildi. Amma camaat o ölənə qədər vaxtilə "dəlilik" elədiyini yaddan çıxarmırdı. İnqilab kişi özünün adını, sanbalını piri qoruyub saxlamaq naminə qurban vermişdi.
   
   İndi o pir təmir olunub, bəzədilib, çilçıraqdan, üzərinə xırda-xırda düzülmüş güzgü parçalarından sanki yanır. Amma mənim heç yerə, dünyada heç bir tikiliyə oxşamayan, vaxtilə İnqilab kişinin özünü, canını, abrını, ad-sanını qurban verib qorumağa çalışdığı o köhnə pir yadımdan çıxmır. O pir kapitalizmdən, puldan uzaq, kənar və çox təmiz, işıqlı bir məkan idi. İşıq isə təmizlikdən, paklıqdan süzü-lüb gəlir.
   
   Tarixboyu müxtəlif xalqlar öz müstəqilliyi uğrunda mübarizə aparıb. Çünki hər bir kəndin, hər bir şəhərin, ölkənin, xalqın işıq gələn məkanı olur. Müqəddəs, yadlardan, yad dinlərdən qorunan məkan və müstəqil ölkə.
   
   
   
   

TƏQVİM / ARXİV