adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

üNVANINA YETiŞMƏYƏN MƏKTUB

22257 | 2008-10-18 03:12
Dəmir Feliksin siyasi karyerasında pas atan, çat verən məqamlar, sıxıntılı anlar az olmayıb. Cavanlığından atdığı hər addımın, dediyi sözün son nəticəsindən çəkinmədən bu və ya digər məsələyə mövqeyini bildirib. Brest sülh müqaviləsi bağlanmasının ciddi surətdə əleyhinə çıxıb. Bu barədə etirazını Leninə də çatdırıb. Kütləvi şəkildə tanınmış ziyalıların həbsini, onların ölkədən məcburi çıxarılmasını yanlış addım kimi qiymətləndirib. Dövlət tərəfindən ateizm təbliğatını aparanların yerlərdə ifrat hallara yol verməsini pisləyib. Amma idarə olunmayan komissarın öz hərəkətlərində də izahı müşkül məqamlar az deyildi. 1918-ci il iyulun 6-da Almaniyanın Rusiyadakı səfiri qraf Mirbarxın ÇK-nın iki əməkdaşı tərəfindən qətlə yetirilməsi sensasiya yaratdı. Ciddi mühafizə olunan obyektdə terror aktı törədən komissar Blyuxinin yaralı vəziyyətdə hadisə yerindən asanlıqla uzaqlaşması ağlasığmaz hal idi. Həmin günlərdə Dzerjinski vəzifəsindən kənarlaşdırıldı. Amma necə oldusa, nə baş verdisə, o, yenə əvvəlki vəzifəsinə qaytarıldı. Cinayəti törədən Blyuxini isə həbs etmək əvəzinə, hadisədən bir qədər keçmiş, Dzerjinskinin təqdimatı ilə Lenin partiyasına üzv seçdilər. Tezliklə dəri gödəkçəli qəhrəmanın səsi-sorağı gah İrandan, gah Turandan eşidildi. Bir gün məlum olur ki, Cənubi Azərbaycanda yaranan Gilan Respublikasında ağ atlı oğlan xüsusi tapşırıqlar yerinə yetirir. Qraf Mirbaxı qətlə yetirən şir ürəkli komissar beləcə dövranını sürürdü. Günün birində doğma bolşevik gülləsinin ömrünə son qoyacağı ağlına gəlmirdi. Az sonra ağlına gəlməyənlər başına gələcəkdi. Bu da bir ayrı hekayədir.
   
   * * *
   
    Lenin həmişə Feliksə ehtiyatla yanaşardı. İşgüzarlığını, təşkilatçılıq bacarığını yüksək qiymətləndirib ona məsul vəzifələr tapşırsa da, Siyasi Büroya yaxın buraxmırdı. Bəzi mühüm tapşırıqları eyni vaxtda bir neçə nəfərə, ya da ayrı-ayrı qurumlara tapşırıb ümumi rəhbərliyi öz əlində saxlayırdı. Hüquq-mühafizə orqanlarının fəaliyyətinə nəzarəti kimsəyə etibar etməzdi. Dzerjinski yalnız Stalin hakimiyyəti dövründə Siyasi Büroya namizəd seçildi. Buna baxmayaraq, Feliks Edmundoviç İosif Vissarionoviç üçün də ipə-sapa yatan adam olmadı.
   
   
   
   * * *
   
   Keçmiş SSRİ-nin tarixindən danışan və yazan insanların dilindən, eləcə də mətbuat səhifələrində bəzən belə fikirlər səslənir ki, guya rüşvətxorluq halları, sosialist əmlakının talan edilməsi faktları altmışıncı illərin sonundan meydana gəlməyə başladı. O vaxta kimi rəhbər vəzifələrdə sanki aydan arı, sudan duru adamlar işləyirdi. Bu fikir kökündən yanlışdır. Rüşvətxorluq tarixən olub, var və olacaq. Sadəcə onun miqyası və miqdarı fərqli ola bilər. Vaxtilə Məhəmməd Füzuli də gileylənirdi ki, "Salam verdim, rüşvət deyil, deyə almadılar". Yəni, rüşvət kommunistlərdən əvvəl də, sonra da olub və var. Lenin hakimiyyəti də bu mərəzə yoluxmanın qarşısını ala bilmədi. Dəmir Feliks nə qədər fəallıq nümayiş etdirməyə çalışsa da, nəticə ürəkaçan deyildi. Bu üzdən getdikcə üzülən "dəmir" adam da yavaş-yavaş paslanırdı. İyirminci illərin əvvəllərində irimiqyaslı aclıq Rusiyanı bürümüşdü. Belə vəziyyətdə dövlət müəssisələrində büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi, yol verilən əyintilər, rüşvətxorluq halları daha da genişlənirdi. Yerindəcə güllələnmələr, həbslər prosesin qarşısını ala bilmirdi. Çünki balıq başdan iy verirdi. 1923-cü ilin mart ayında Dzerjinskinin öz müavininə ünvanladığı xidməti yazıya diqqət yetirək. Sədr xaricdən alınan avtomobillərin günbəgün çoxalmasından gileylənir. Bunu gətirənin kimliyi, əcnəbi markalı maşınların hökumət idarələrinə neçəyə başa gəldiyi ilə maraqlanır. Bahalı nəqliyyat vasitələrinin dövlət büdcəsi hesabına alınmasına kimlərin icazə verdiyinin müəyyənləşdirilməsini istəyir. Bu sualları bilavasitə Yaqodaya ünvanlayan Dzerjinski tezliklə ətraflı araşdırmalar aparıb nəticəni arayış şəklində Partiya Nəzarət-Təftiş Komissiyasına, ya da birbaşa Tribunala verilməsini tapşırır. İyirminci illərdə də elə məmurlar vardı ki, ailə üzvləri xarici ölkələrdə təhsil alar, müalicə olunar, yaxud dincələrdilər.
   
   İnqilabın ilk illərində sənaye və kənd təsərrüfatında yaranmış ağır şəraitdə Sovetlərin atdığı ən doğru addım Yeni İqtisadi Siyasət Planının həyata keçirilməsi oldu. 15 il ərzində (1921-1936) bu plan uğurlu nəticələr verdi. Ən başlıcası, Sovet quruluşunu iflasdan qurtardı. Xüsusi mülkiyyətin bütün formalarının dövlət mülkiyyəti ilə paralel mövcudluğunu mümkün sayan siyasətin aparılmasına bilavasitə cavabdeh olan dövlət rəsmisi F.E.Dzerjinski idi.
   
   
   
   * * *
   
   1922-ci ilin yanvar ayının 1-dən yeni sovet əskinasları dövriyyəyə buraxıldı. Fəqət, hökumətin bu addımı inflyasiyanın qarşısını ala bilmədi. Yeni rubl köhnə on minə bərabər oldu. Bu yeniləşmə gözlənilən nəticələr verməyəndə, reformatorlar daha bir addım atdılar. Oktyabr ayında elan etdilər ki, sovetin 10 kağız rublu devrilən Nikolayın qızıl onluğuna bərabərdir. Qızıl onluğu kağıza dəyişin ki, cibinizdə daşımaq ağır olmasın. Sən maliyyəçilərdə qətiyyətə, cəsarətə, özünəgüvənə bax! Sadəlövh insan hər yerdə və hər zaman tapılır. Bir müddət dövriyyədə hər iki pul işləsə də qızıl qızıllığını, kağız kağızlığını saxladı. İki il keçməmiş dəyərdən düşən kağız əskinasları dəyişməli oldular. Nikolayın qızılı isə qiymətini saxladı. 1924-cü ildən Xalq təsərrüfatına rəhbərlik məqsədilə yaradılan yeni Şuraya Feliks Edmundoviçi sədr təyin etdilər. Soyuq başlı, qaynar ürəkli Dzerjinski bir neçə vəzifə daşıyırdı. Düzünü demək lazım ki, o, həqiqətən, Araz aşığından, Kür topuğundan olan əhlikef təsərrüfat rəhbərlərinin kökünü kəsmək istəyirdi. Hökumətə ən böyük ziyan belə məsləksiz biveclərdən gələr, deyə düşünürdü. Bilikli mütəxəssislərə, elmi nailiyyətlərə, yeni texnologiyaya əsaslanmadan iqtisadi inkişafı təmin etməyin mümkün olmadığına əmin idi. Əyinti hallarının artması onu hiddətləndirirdi. 1923-cü ildə Fəhlə-kəndli müfəttişliyinin rəhbəri Valerian Kuybışevə yazdığı məktubda Dzerjinski bu quruluşu dövlət kapitalizmi adlandırıb. O deyirdi ki, dövləti bankrot etməmək üçün aparatla problemi həll etmək lazımdır. O, bu problemin yalnız mübarizə yolu ilə çözüləcəyinə ümid bəsləyirdi. Açıq etiraf edirdi ki, bu mübarizədə biz vurulmuşuq, məğlubuq. Ştatların şişirdilməsi, boş yerə yeni idarəetmə strukturlarının yaradılması, qorxunc və təhlükəli bürokratikləşmə tendensiyası, saysız-hesabsız yazışmalar, biganəlik, laqeydlik və səriştəsizlik ucbatından ümumi şöbələrdə, dəftərxanalarda qalaq-qalaq yığılıb qalan kağızlar, aylarla baxılmayan, vaxtında araşdırılmayan müraciətlər, ərizələr, şikayətlər əvvəl-axır yaxşı sonluqla tamamlana bilməzdi. Müəssisə və təşkilatlarda məskunlaşan cızmaqaraçı məmur ordusu yavaş-yavaş ciddi narahatçılıq mənbəyinə çevrilirdi. Tarixi memarlıq əhəmiyyəti kəsb edən böyük binaların qondarma qurumların istifadəsinə verilməsini, məmurların xidməti avtomobil mərəzinə yoluxmasını, digər ifratçılıq hallarını yolverilməz hesab edən Dzerjinski bütün bunları dövlət əmlakının leqal şəkildə dağıdılması kimi qiymətləndirirdi. Abırsızcasına artan rüşvətxorluq, sosialist əmlakının oğurlanması hallarının geniş miqyas almasını ürək yanğısı ilə həmin məktubda ifadə edirdi. Bütün bunlar Böyük Oktyabr Sosialist İnqilabı adlanan çevrilişdən cəmi beş-altı il sonra gerçək vəziyyət barədə hamıdan çox məlumatı olan baş çekistin dilə gətirdiyi acı həqiqətlər idi. 1926-cı il iyulun 2-də Xalq Komissarları Sovetinin sədri Aleksey Rıkova ünvanladığı başqa bir məktubda o, yenə hökumətin siyasəti ilə razılaşmadığını açıqca bildirirdi. Yazılı olaraq xəbərdar edirdi ki, əgər ölkənin və iqtisadiyyatın idarə olunmasında ən doğru yolu tapmasaq, müxalifət qüvvələrinin sayı getdikcə artacaq. Bu halda inqilab biryolluq torpağa gömülərək ölkə yeni qırmızı diktatorun əlinə keçəcək. Feliks xüsusi olaraq onu da vurğulayırdı ki, indiki diktatorların əksəriyyəti keçmiş qırmızılardır. Bunu deyəndə o, İtaliyada Mussolinini, Polşada Pilsudskini nəzərdə tuturdu. Yeri gəlmişkən, marşal Yuzef Pilsudski ilə Feliks Edmundoviç vaxtilə bir gimnaziyada təhsil almışdılar. Düzdür, Dzerjinski təhsil ocağını yarımçıq buraxıb inqilabi hərəkata qoşulmuşdu. Vaxtında kifayət qədər təhsil almadığı ara-sıra özünü büruzə versə də, ona savadsız, biliksiz demək olmazdı. O, həqiqətən böyük həyat məktəbi keçdiyindən, öz üzərində mütəmadi çalışdığından, güclü mütaliə qabiliyyətinə malik olduğundan tutduğu yüksək vəzifələrin öhdəsindən layiqincə gəlirdi. Qüsurlarını hamıdan gizlətməyi bacaran insanlara öz əskikləri daha yaxşı bəlli olur. Bəlkə elə ona görə gənclik illərindən həyatını haqq yolunda mübarizəyə həsr edən Feliks heç vaxt özünü siyasətçi bilməzdi. Həmişə etiraf edirdi ki, mən siyasətçi deyiləm.
   
   
   
   * * *
   
   Bəzi tədqiqatçıların fikrincə, onun ölümünə səbəb fərqli düşünməsi, bir çox halda hökumətin apardığı siyasətlə razılaşmaması idi. Arxivlər açıldıqca tədqiqatçılar belə məqamları daha çox üzə çıxarır. 1925-ci il dekabr ayının 3-də Stalinə ünvanlanan müraciətdə deyilir ki, sənayedə və Xalq Təsərrüfatı Ali Şurası aparatında yaranmış vəziyyətlə əlaqədar vəzifəmdən istefam barədə Mərkəzi Komitəyə müraciət edirəm. Mövcud şəraitdə mənə etibar olunan sahəyə uğurla rəhbərlik etmək imkanında deyiləm. Bizdə düzgün planlaşdırma aparılmır. Sovet İttifaqının xalq təsərrüfatı üçün vahid plan yoxdur. Müxtəlif sahələr arasında əlaqə yaradılmayıb, təsərrüfata operativ şəkildə ümumi rəhbərlik planı işlənməyib. Bu səbəbdən biz iri addımlarla ara-sıra rastlaşdığımız böhrana doğru gedirik. Ən qısa zamanda partiya təcili surətdə lazımi tədbirlər görməsə, vəziyyət getdikcə mürəkkəbləşib ölkədə bütünlükdə iqtisadi böhrana gətirib çıxara bilər. Mən siyasətçi olmadığım üçün bu məsələləri vaxtında qaldırıb onların həllinə nail ola bilmirəm. Xalq Təsərrüfatı Ali Şurasının Rəyasət Heyətinin sədri kimi problemlərin təcili və vaxtında həllinə maneçilik törədirəm. Yaranmış vəziyyətdə özüm üçün vəzifəmdən istefa etməkdən başqa çıxış yolu görmürəm. Üç günlük götür-qoydan sonra Feliks belə qərara gəlir ki, yazdığı müraciəti şəxsi arxivində saxlasın. Beləliklə, Stalinə ünvanlanan məktub sahibinə yetişmədi.
   
   
   
   (ardı var)
   
   

TƏQVİM / ARXİV