adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

iKiLƏŞMƏ

VAHİD ƏLİFOĞLU
25028 | 2008-10-11 05:48
Dodaqlar təkcə tüpürmək üçün deyil, həm də gülümsəmək üçündür
   
   ... Sürücü "KAMAZ"-ı saxladı. Maşınının qapısını açıb düşdü, yolun kənarında dayanmış yaşlı kişiyə yaxınlaşdı. Qollarını açıb kişinin boynunu qucaqladı hər üzündən (Narahat olma oxucu! Mənə elə gəlir ki, insa nda iki üz olur. Biri burundan sağda, biri burundan solda - V.Ə) öpüb hal-əhval tutdu. Oğlunun, qızının, arvadının sağlamlığı haqqında ətraflı "məlumat" topladıqdan sonra qayıtdı maşina. Motoru işə salıb tərpənmək istəyəndə, hələ də təəccüb içərisində olan kişi dilləndi:
   
   - Oğul, vallah mən səni tanımadım...
   
   ... Elə bil hamı bir-birinə oxşayır. Yaddaşımızdan çoxdan düşüb itmiş, amma hansı ehtiyacdansa xatırlamaq istədiyimiz "kimsənə" qarşımıza çıxan hər bir kəsə bənzəyir... Və kimin kimliyini, nəçiliyini aydınlaşdırmaq get-ge də çətinləşir...
   
   ... İnsan göydə Ay kimidi,
   
   Görünməyən tərəfi var...
   
   ... Görünür el ər uh məsələsidi bu. İkisindən biri gedir, biri qalır. İkiləşməmiş insandan nə qalır?...
   
   ... İşindən evə dönəndən sonra saatlarla əlimi çənəmə söykənib fikirləşirəm: "Görəsən, otağın qapısını bağladım?"...
   
   "O qızı tapın" filmindəki oğlan da gitaranı silkələyə-silkələyə yerdən, göydən, dənizdən, küləkdən soruşur:
   
   - Kimsən sən, kimsən sən?...
   
   ... Bu bəlkə də düşüncənin ayrı, həqiqi yaşantının tam ayrı olmasından irəli gəlir...
   
   ... Ya göründüyün kimi ol, ya da olduğun kimi görün... Bu deyim məşhur deyimdi. Dünyada bu deyimi bayraq edib yaşayanlar var. Dilin dedikləri başqa, real əməl başqa... Düşündüklərinlə, ağlına gələnlərin və qələmin yazdıqlarının arasındakı fərq...
   
   ... İnsanın şərəfi, şöhrəti məncə,
   
   Deyildir nə ipək, nə tirmə, oğlum...
   
   Hər yazının birinci kəlməsində gətirəcəyi qonorarın qəpiyinə qədər haq-hesabı... Balığın təzədən dəryaya qaytarılmasının balıqdan çox xaliqə xoş olacağını bilsək də, qarmaqdan azad etdiyimiz balığı dəryaya deyil, vedrəyə atırıq. Xaliq qarşısındakı insani borclara, yaradılmışlara yaradılmış baxışlara yağı cızıldayan tava qalib gəlir...
   
   ... Çayxananın pəncərəsi önündə əyləşmiş oğlan bayaqdan məndən gözünü çəkmir. Elə hey gülümsəyir, gözlərimin düz içinə baxır, mehribanlıqla başını silkələyir... Nəhayət ayağa qalxdı, bizim stola yaxınlaşıb əlini uzatdı... Mənim əlim hələ də onun ovcundadı... Əlimi yüngülcə sıxa-sıxa dil-boğaza qoymur:
   
   - Əşrəf müəllim, nə var, nə yox? Uşaqlar necədi? Evdə-eşikdə... Xüsusi vəziyyət...
   
   "Çox sağ ol. Yaxşıyam. Uşaqlar da yaxşıdı" deməkdən başqa çarəm qalmır... Bizim içdiyimiz çayın da pulunu verib çıxdı. Qapının ağzında geri çevrilib dedi:
   
   - Sağlıq olsun. Görüşərik...
   
   Mən bu adamı tanımadım və heç onu da deyə bilmədim ki, mən Əşrəf müəllim deyiləm. Niyə biz çox vaxt kimlərəsə oxşadırıq?... Elə bizi də kimlərəsə oxşadırlar...
   
   ... Üzündə, gözündə "gülüş çiçəkləmiş" (klassik sovet şairlərinin bədii tapıntısı - V.Ə.) oğlanlar, qızlar, arvadlar, kişilər qarışıblar bir-birinə. Elə gözəl, elə şux oynayırlar ki, adamın "tamahı" düşür. Mən də belə gülərüz, qayğısız olmaq istəyirəm... Kim rəqs havalarını "növbəyə" düzə-düzə, "qımqımı" çala-çala evdə, güzgünün qarşısında özünü "sınamayıb"... Yatanda da gülə-gülə yatan, duranda da gülə-gülə duran... İşdə, yolda, av tobusda... hər yerdə gülümsəyənlər nə xoşbəxtdilər, ilahi...
   
   ... Ən kiçik sevincin də, Ən böyük kədərin də təsadüf olmadığını, dünyanın harmoniyadan və qanunauyğunluqdan ibarət olduğunu sü but etməyə çalışanlar yanılmırlar ki?.. Niyə sevinclə kədərin tarazlıbı yoxdur? Niyə tərəzinin kədər gözü ağır olur, həmişə? İkiləşmə şübhədi, uğurun məğlubiyyətidir... İkiləşmə əslində öz həyatını yaşamamaqdı... Bizim başqalarına oxşamağımız, daha doğrusu "Əşrəf müəllim" kimi görünməyimiz özgə həyatdı...
   
   ... Nə şair, nə jurnalist... Mənim şairliyim təsdiq olunmadı... Heç jurnalistliyim də təsdiq olunmadı... Bəs onda mən kiməm? A rtıq on beş ildi siyasiləşmiş, ictimailəşmiş, beynəlxalqlaş mış şəxsi həyatımın görüntüləri kimin üçün maraqlıdır?...
   
   Dairə çox kiçikdir... Diametri qısa olan dairə tez qapanır... Artıq unudulmaqda olan Seyidəhmədli, dünənki çadır, bugünkü Haramı...Publisitika, şairliklə tanınmağın mümkünsüzlüyünün təsdiqi deyil ki?...
   
   ... Yazmaq istədiyim elə şeylər var ki, bircə kəlməsini vərəqə köçürsəm məni əhatə edən dirədən nöqtə qaalr... Mən kim olduğumu aydınlaşdıra bilmədim... Kimdi axı olduğu kimi görünən və yaxud göründüyü kimi olan?...
   
   ... Hər bir insanın içi meyvələri əclaflıq tamı verən ağaclarla doludu. Kim nə qədər o ağacaları çiçəklənməmiş baltalayır... Kim də... Bəlkə bizim əclaflıq bildiklərimiz elə həyatın əsil reallığı, həqiqətidir?...
   
   ... Sağ adamlara oxşadılmaq hələ bu dünyada mövcud olduğuna işarədir...
   
   Axırıncı dəfə on beş il əvvəl gördüyüm qızı tanıdım. Bizim kənddəndi. Adım da dəqiq dedim, atasının da adını...
   
   ... Diqqətlə üzümə baxıb dedi:
   
   - Vəzir müəllim deyilsən?
   
   Vəzir müəllim mənim böyük qardaşım idi. On üç ildi Yağlıvənd qəbristanlığındadı. O qızın nəzərində Vəzir müəllim bu saat onunla üz-üzə duran adamdı... Bəs mən hardayam?... Ölmüş adamların adıynan yaşamaq... Evə qayıdanda "şəxsiyyət vəsiqəmə" bir də baxacağam...
   
   ... Günel Bakıdan bir kitab gətirib mənə. Bu kita bın girişində məni "tutan" bir əhvalat yazılıb: "Faşistlərin həbs düşərgələrində yaddaşını, hətta neçə illik şəxsi adını belə itirmiş bir fransız minlərlə insanın yığıldığı meydandakı səhnəyə çıxır, üzünü tutur meydandakılara və deyir:
   
   - Aranızda mənim kim olduğumu bilən varmı?...
   
   ... 2028-ci ildə Əhmədbəyli dördyolundakı çayxanaya bir nəfər girəcək, mənim indii əyləşdiyim stula yaxınlaşıb deyəcək:
   
   - Bağışlayın, siz Vahid müəllim deyilsiniz?... Onda həmin oğlan da Vahid müəllim olmadığım deyə bilməyəcək, necə ki, mən 2008-ci ildə Əşrəf müəllim olmadığımı deyə bilmədim...
   
   
   
   P.S. İmza və səhifə mənə aiddir. Bu yazını kimin yazıdığını bilən varmı?...

TƏQVİM / ARXİV