adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

PAYIZ YAğIŞLARI

ƏBÜLFƏT MƏDƏTOĞLU
37541 | 2008-10-11 05:52
Bakıdan çıxanda hava boz bulanıq idi. Adama elə gəlirdi ki, bu boz bulanıq hava onun canını sıxacaq, qəlbini ağrıdacaq. Çünki bu havadan yaxşı heç nə gözləmək mümkün deyil. Ən azı ona görə ki, istər sükan arxasında ol, istər sərnişin, içində bir narahatçılıq hakim kəsilir, yolun asfalt örtüyü sabun köpüyü kimidir. Ayağını əyləc üstünə qoymağa ehtiyat edirsən. Qorxursan ki, sükan, təkərlər sözünə baxmasın. Amma getmək lazımdır və elə ona görə də Bakıdan çıxanda havanı göz altına aldım...
   
   Bu çiskinli gündə qəribliyini çəkdiyim, həsrətindən günbəgün daha çox acılar duyduğum Ərgünəşə doğru üz tutmuşam. Bəzən fikirləşirəm ki, Bakıdan Ərgünəşə getmək üçün hansı yoldan istifadə etsəm daha tez çataram. Amma sonra bu yollarda heç bir fərq görmürəm. Çünki o yolların hamısının sonunda bir şlaqbaum dayanır. Növbədə durmuş əsgər qadağan işarəsini göstərib bildirdi ki, "olmaz!". Bu işarənin ardınca sual verməyə üzüm qalmır. Çünki bu sual adamın səriştəsizliyini, məlumatsızlığını ortaya qoya bilər. Axı hər kəs bilir ki, döyüş bölgəsinin hansı məntəqəsində dayanıb durmaq lazımdır. Bu, məcburidir. O məntəqədən sonra düşmənlə üz-üzə gəlmək, onun gülləsinə tuş olmaq çılpaq bir həqiqətdir. Və mən bunları düşünə-düşünə yolların heç bir fərq daşımadığını Ərgünəşə doğru hardan getməyimin heç məna kəsb etmədiyini anladım və artıq Bakıdan çıxanda bu yağmurlu, çiskinli havanın bəlkə də mənim halıma, bütövlükdə ürəyi yurd nisgili ilə qövr edən hər kəsin halına bir su səpdiyini düşündüm. Bəlkə də yanılıram, amma mənə belə gəldi...
   
   Yol uzanır, Qobustan, Hacıqabul, Şirvan, Sabirabad... burada yolun yorğunluğunu azaltmaq, bir azca dincəlmək üçün maşını yol kənarındakı iaşə obyektlərinin birində saxlayıram. Çox qəribə bir mənzərə yaranır. Daldalanıb oturduğumuz stolun üzərində qurulmuş dama döyəcləyən yağış adamın əsəblərinə bir rahatlıq gətirir, ağrı-acısını nisbətən azaldır, xəyallarını çəkib uzaqlara aparır, ağacların tək-tək xallamış yarpaqları, yuyulmuş otlar, yağışdan gizlənib səs-səsə vermiş quşlar, bir sözlə, hər şey bir harmoniya təşkil edir, ruhun dincəlir, özünü dünyanın cənnətində hiss edirsən... və...
   
   Qəfil telefon zəngi məni xəyallardan qoparıb ayırır. Bu günə, bu reallığa qayıdıram. Telefonda gedəcəyim ünvanda yolumu gözləyən doğmalarım "ehtiyatlı ol, yollar narahatdır" sözləri məni yenidən sükan arxasına qaytarır. Bu da Beyləqan sərhədi, buradan Füzuliyə yarımca saat yol qalıb. Daşburun dördyolundan baxanda Horadiz qəsəbəsi üzərində dalğalanan Azərbaycan bayrağı adamın ürəyini elə həyəcanlandırırı ki, az qala ovcunla tutub ürəyini saxlayasan. Qəribədir, heç belə hisslər keçirməmişdim. Bayrağımızı özümə bu qədər doğma bilməmişdim. Səbəbini indi də anlaya bilmirəm. Təkcə onu bilirəm ki, düşmənin burnunun ucunda dalğalanan bu bayraq son dərəcə əzəmətli, son dərəcə əlçatmaz bir təsir bağışladı mənə. Mənə elə gəldi ki, o bayrağın dalğalanan atlası düşmənin yuxusuna haram qatıb, yerinə qor doldurub. Mən belə düşündüm. Ona görə də...
   
   Bəli, ona görə də üzü dağlara, Ərgünəşə doğru bu payız yağışının altında ayaqyalın yüyürmək istəyi keçdi könlümdən. Heç nəyə baxmadan, heç nəyi düşünmədən. Qaçmaq, qaçmaq... Tuğa, Şuşaya qədər qaçmaq. Kimsə çiynimə toxundu. Hiss etdim ki, idarə etdiyim maşının pəncərəsi açıq qalıb və payız yağışı oradan əməlli-başlı məni isladıb. Amma yanaqlarım da islanmışdı. O isə isti idi. Bu payız yağışları həmişə isti olur, yoxsa?..

TƏQVİM / ARXİV