adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

KüTLƏ

VƏSİLƏ USUBOVA
30435 | 2008-10-11 05:47
Çoxdandı belə maraqlı filmə tamaşa eləmirdim. Zəmanə adamlarının cılızlığından, məqsədli, təmənnalı rəftarlardan, mənfəət və maraqlardan qaynaqlanan üzgörənliklərdən çiyrinmiş birisinə kifayət qədər zövq və könül rahatlığı verən səhnələrlə zəngindi bir film. Kadrlar dəyişdikcə gah yaşıl, gah da qızılı rəngə boyanan ağaclar, kollar, şəffaf sularından dibi görünən kiçik gölməçələr. Hələ yollar... Bizim bugünkü asfalt yollarımızdan daha hamar və rahat torpaq yollara baxanda elə bilirsən yaşıl vərəqə ağ təbaşirlə xətt çəkilib. Və bu yollarda süzən bəzəkli karetalarda əyləşib dörd bir yana naz satan incə, ədalı xanımlar, karetaların böyrüynən at çapıb xanımların iltifatını qazanmaqdan sonsuz zövq duyan, sevimli qadının bir təbəssümündən, xoş baxışından ötrü bir-birini qılınclayıb qanını tökməyə hazır olan kişilər... Bir sözlə, cəngavər dövrü Avropasının tipik mənzərələri- xoş rəftarlar, ürəyəyatan söhbətlər, cəngavərlik jestləri... (Kişilər at belində gəzəndə həyat daha gözəl, qadınlar daha sevimli və bəxtəvər idilər).
   
   Elə bilirdim filmi bu epizodlarla başa vurub sonra o səhnələri xəyalımda canlandıra-canlandıra şirin, rahat bir yuxuya gedəcəyəm. Belə də olacaqdı, əgər qanımı qaraldan bir epizod olmasaydı... Filmin şirin yerində carçı elan elədi ki, bu gün baş meydanda bir nəfər şaqqalanacaq. Elə o dəqiqədə də kadr dəyişdi və meydanda qurulmuş kürsüdə arxası üstə uzadılıb əlləri, qolları hərəsi bir ata bağlanmış biçarəni göstərdilər. Deməli, edam vaxtı yetişəndə atların dördünü də birdən qamçılayacaqlar və o dilsiz-ağızsız heyvanlar da hərəkətə gəlib məhkumu dörd parçaya böləcəkdilər. İnanın, əgər bu səhnəni həyatda öz gözlərimlə görsəydim bu qədər təsirlənməzdim, nəinki... Növbəti kadrda adamların necə vəcd və həvəslə meydana tərəf axışdığını görəndə elə bildim ki, ağlım kəsəndən həmişə inandığım və arxalandığım nəhəng bir dağın necə çökdüyünü, uçulub dağıldığını seyr edirəm... Qadınlı-kişili, uşaqlı-böyüklü hamı bir nəfər kimi edam yerinə mümkün qədər tez çatmağa, əti ətindən, qanı qanından olan həmcinsinin necə şaqqalanacağına, qanı töküləcəyinə, sonsuz əzablar içində necə öləcəyinə tamaşa etməyə tələsirdilər. Kişilər papaqlarını, qadınlar uzun, qırçınlı donlarının ətəklərini tuta-tuta qaçırdılar. Volterin "xalq kütləsi qoyun sürüsüdü" deyimi sanki bu səhnənin boyuna ölçülmüşdü. Yox, o müdrik insanın sözləri təhqiramiz səslənsə də, çox yumşaq deyilib. Bu adamlar indi qoyuna yox, yırtıcıya, adamyeyənə bənzəyirdilər. İş-güclərini atıb öz həris maraqlarını söndürmək üçün bir-birini tapdaya-tapdaya, basabas sala-sala qanlı tamaşaya baxmağa can atırdılar...
   
   Bu, xalq idi! Bu, kütlə idi!
   
   Bəlkə (bəlkə yox, elə həqiqətən) o edam olunacaq biçarə bu adamların əksəriyyətindən daha təmiz və namuslu, daha xeyirxah və canıyanandı. Bəlkə də o, bu adamların (?) xeyrinə danışdığı bir haqq sözə, gördüyü savab əmələ görə edam olunurdu. Bəlkə də...
   
   Filmlərin çoxunda olduğu kimi, o adamı şaqqalaya bilmədilər. Kənarda bir dəstə adam şuluqluq salıb aranı qarışdırdı , bayaqkı kütlə indi də ora axışdı, bir üzü niqablı da kəndiri kəsib məhkumu onunçun hazırlanmış ata mindirib aradan çıxartdı. Və kütlə həmin gün tamaşasız qaldı...
   
   Amma həmişə belə olmur ki,.. Edamlar əksərən icra olunur və rahatlanmış kütlə də dinməzcə öz ev-eşiyinə dönüb yarımçıq qoyduğu iş-gücüynən məşğul olur. Amma bu edamlar heç nəyi dəyişmir. Çünki bu edam olunanlar nə camaatın yuxusunu ərşə çəkən oğrular, nə yol-rizi pusan soyğunçular, nə də son tikələrini əllərindən alanlar olur. Adama elə gəlir ki, bu edamlar elə kütlənin özüyçün nəzərdə tutulub. Onları əyləndirmək və qorxutmaqçın...
   
   
   
   ***
   
   
   
   Bu yerdə oxucuların səbrindən istifadə edib bir rəvayəti xatırlatmaq istəyirəm. Bir usta öz şagirdiynən tanımadıqları şəhərə gəlir. Bir qədər rahatlanandan sonra şagirdinə şəhərə çıxıb vəziyyətlə tanış olmağı tapşırır. Çox keçmir ki, şagird tövşüyə-tövşüyə sevincək özünü içəri salır. Dili dolaşa-dolaşa: "Usta, cənnətə düşmüşük. Mən ömrümdə belə şey görməmişəm. Bu şəhərdə baha-ucuz deyilən şey yoxdu, hər şey eyni qiymətədi" - deyir. Ustanın qanı qaralır, qaş-qabağını sallayıb, yığış gedirik, deyir. Bu şəhərdə qalmaq xatalıdı. Şagird daş atıb başını tutur, "məni öldürsən də, burdan heç yana gedən deyiləm" - deyir. Usta tərs, düşüncəsiz şagirdini orada qoyub həmin anda şəhəri tərk edir...
   
   Bir müddət keçir. Günlərin birində yolu həmin şəhərdən keçən usta adamların meydana axışdığını görüb onlara qoşulur. Bu zaman boğazına kəndir salınmış adam ona tanış gəlir, yaxınlaşanda şagirdini tanıyır. Bir az da yaxınlaşıb qulağına pıçıldayır: "De görüm neyləmisən ki, belə ağır cəza almısan?". Şagird göz yaşları içində "And olsun Allaha ki, heç bir günahım yoxdu. Bu gün asılacaq adam zindandan qaçıb. Padşah da əmr elədi ki, kimin boynu o həlqəyə uyğun gəlir, tutub asın. Bu qədər adam yığışıb boş qayıtmayacaqlar ki,.. Əllərinə mən keçdim". Usta yanıqlı-yanıqlı ah çəkib "hər şeyi eyni qiymətə olan şəhərdən sən bundan artıq nə gözləyirdin, ay oğul?" - deyir...
   
   "Boş qayıtmayacaqlar ki?.." Deməli, adamlar edam meydanından boş qayıtmırlar, özləriynən nəsə aparırlar. Bu "nəsə"ni özləri də dərk etmirlər. Amma bu "nəsə" onları günlərlə rahat yatmağa, dik gəzməyə qoymur...
   
   
   
   ***
   
   
   
   Şərqdən Qərbə, Asiyadan Avropaya, Amerikaya qədər xalqların və millətlərin qədim, tarixi şou azarları... Onlar heç vaxt gözlərinin qabağında edam olunanın kimliyini duya, qədir-qiymətini verə bilməyiblər. "Bu biçarələr heç vaxt bilməyəcəklər ki, sən hansı ucalıqda dayanırsan!" Şagirdini edam kürsüsündən düşürəndə deyir Nəsimi bu sözləri. Babək bilsəydi ki, uğrunda canından keçdiyi millət sabah Şeyx Nəsrullahlara baş əyəcək, nəinki 23 il, heç 23 gün də vuruşmazdı... Mirzə Cəlil ahıl çağında qızınmaqçın əlyazmalarını sobaya atanda qələmiynən ömrünə işıq saldığı insanların çoxunun anbarında bir qışa yetdik odun vardı... Bu adamlar "xalq üçün ağlayan göz kor olar" deyimini bilə-bilə öz gözlərini kor edirdilər...
   
   Öz dahilərini, xilaskarlarını tanımayanların övladları bu nurlu insanlara heykəl qoyur, nəvə-nəticələrisə bu heykəlləri gül-çiçəyə qərq edirlər. Ancaq daldan atılan daş heç onların topuğuna da dəymir...
   
   Sən bu imişsən, KÜTLƏ!
   
   Sənə güvəndiyim dağlar...

TƏQVİM / ARXİV