Könlüm keçir Helsinkidən...

ETİBAR CƏBRAYILOĞLU
40011 | 2008-10-11 05:47
Körpülər və yeraltı keçidlər şəhəri Bakıda oturmuşam, amma bütün fikrim Helsinkidə qalıb. Bizimkilər oradadı axı... Futbolçuları deyirəm, uzaq Finlandiyaya gedəsi başqa kimim var ki? Bu gün axşam milli komandamız Finlandiya yığmasıyla top qovacaq. Daha doğrusu, fin futbolçular qovacaq, bizimkilər qaçacaq.
   
   Sözün açığı, bu gecə baş tutacaq görüş nə dünya çempionatının yarımfinalıdı, nə Avropa birinciliyinin final oyunu. Lakin nədənsə həmin oyunu səbrsizliklə gözləyirəm. Elə bilirəm ki, möcüzə olacaq, hakim final fitini çalanda tablodakı rəqəmlər Azərbaycan milli futbol komandasının qalib gəldiyini göstərəcək. Dünyada o qədər möcüzəli hadisələr baş verir ki...
   
   Amma deyəsən, FİFA-da möcüzəyə inanan qalmayıb. O gün yenə milli komandaların reytinqini açıqlayıblar. Azərbaycanı da aparıb 143-cü yerdə yazıblar. Yəni bizimkiləri reytinq cədvəlinin zirzəmisinə salıblar. Bizim futbolçular zirzəmidə darıxmasınlar deyə ora bir-iki dənə başqa dövlətlərin yığmalarını da göndəriblər.
   
   Gecə oyun olacaq, oyun. Fin azarkeşlərini təəccüb bürüyəcək. Stadiondan çıxıb "QAZel"də basabas sala-sala evlərinə gedənəcən fikirləşəcəklər ki, görəsən, Azərbaycan millisi bu oyunu haradan öyrənib? Belə futbol oynamaqda bizimkilərin məqsədləri nədi? Ay bu suallara cavab tapdılar ha.. Ona da Berti Foqts deyərlər, alman məşqçi şeytanı gündə beş dəfə çaya aparıb gətirər, bir qurtum Bavariya pivəsi də verməz. Analar Berti kimi oğul doğmayıb. Bizim jurnalistləri görəndə elə bil qutuda ilan görür. Elə bilir Lixtenşteynlə Bakıda keçirilən oyun zamanı rəqibin qapısında Azərbaycan jurnalistləri qalıb. Almaniyada arvadı dovğaya duz tökməyəndə də günahı bizim qələm əhlində görür, fikirləşir ki, yəqin biz tapşırmışıq. İşimiz-gücümüz qurtarıb...
   
   Bu günlərdə Türkiyədə maraqlı hadisə baş verib. Daha doğrusu, Türkiyədə çox olaylar olub, lakin bu köşəmiz futbol haqqında olduğundan xəbərimiz də elə futbolla bağlıdı. Deməli belə, UEFA kubokunda Ukraynada böyük hesabla məğlub olub geri qayıdan "Beşiktaş" komandasını azarkeşlər narazılıqla qarşılayıblar. Məğlubiyyəti həzm edə bilməyən fanatlar futbolçulara deyiblər ki, bundan sonra soyunub meydana çıxın.
   
   "Beşiktaş" da uduzmağa vaxt tapdı. Gərək elə indi fanatlarını hirsləndirəydilər? Tərslikdən də bizimkilər Helsinkidədi. Finlandiya paytaxtını eninə-uzununa gəzəndən sonra bu axşam stadionda oyuna çıxacaqlar. Bizim camaatı tanıyırsız da... Türkiyədə nə oldusa tez götürüb onu təkrar edirlər. Azərbaycanın tən yarısı "Kurtlar Vadisi"ndəki Polat Alemdar kimi yeriyir, tən yarısı da "Yapraq Dökümü"ndəki Şevket kimi banka pul ata-ata gəzir. İndi də çoxları özünü "Beşiktaş"ın fanatı kimi aparacaq. Dünya standartlarına cavab verən yolla gedəcəklər Binədəki Beynəlxalq Hava Limanına. Futbolçularımız təyyarədən enən kimi "Bu nə oyun idi oynadınız. Bundan sonra stadiona çıxanda soyunub oynayın!" - deyib hay-küy salacaqlar.
   
   Amma bir də gördük ki, bu gözəl-gözəl dünyada möcüzə baş verdi. Axşam Helsinkidə meydana çıxacaq millimiz ürəyimizcə olan nəticə əldə etdi. Biz də yığışıb getdik Binəyə. "Beşiktaş"ın çılğın azarkeşlərindən fərqli olaraq, qabiliyyətli şüarlar səsləndirdik. Futbolçularımızın şərəfinə "Şeytan diyor ki..." mahnısını sifariş verib doyunca oynadıq.
   
   Bu gecə Helsinkidə möcüzə baş verəcəyinə yaman inanıram. Təki Berti Foqtsun meydana buraxacağı futbolçular da möcüzəyə inanaydılar...

TƏQVİM / ARXİV