adalet.az header logo
  • Bakı 20°C

Putinin üzündən "Rusiya" yağır

14787 | 2008-10-11 05:47
Dünyanın bütün nüfuzlu siyasətçilərinin bir xarakterik imici, siyasi və hakim duruşu var ki, bu, birbaşa onun nüfuzuna xidmət edən faktordur. Məsələn: Putin istənilən səfərdə, işgüzar görüşlərdə özünəməxsus görünür və kifayət qədər aydın olur ki, siyasətçinin spesifik imici var. Və bu imic onun siyasi görüşünü, mövqeyini ifadə edən detallarla tamamlanıb. Onun dünya siyasətindəki yerinə hesablanıb. Putinin üzündən "Rusiya" yağır. Onun bütün hərəkətləri əsl dövlət xadiminin canlı-real obrazını yaradır. İmic siyasətçinin öz missiyasına sistemli yanaşmasıdır. Bu, həm təbii haldır, həm də təşkil olunan prosesdir.
   
   Əlbəttə, siyasətçi artist deyil və onun artıq süstlənib-püstlənməsinə ehtiyac yoxdur. Amma siyasətçi ulduzdur-siyasi ulduz. Və bu ulduzu xarakterizə edən ilk növbədə onun imicidir.
   
   İmic ictimai ələqələrdə böyük rol oynayır. Üzündəki ifadədən tutmuş yerişinə, əl hərəkətlərinə, baxışlarına və situativ reaksiyalarına qədər hər detal cidd-cəhdlə professional şəkildə işlənir. Onun seçdiyi avtomobil markasından qol saatına qədər hər detal siyasətçini ciddi cəmiyyətlər üçün izah edir-açır. Dini görüşü, avtobioqrafiyası, marağı-xobbisi, oxuduğu ədəbiyyat, ailə münasibətləri, seksual arientasiyası ən kiçik nüanslara kimi birbaşa nüfuzuna təsir edir. Psixoloqların fikrincə, siyasətçinin üstündə gəzdirdiyi hər hansısa bir əşya onun haqda müəyyən informasiya ötürür, hətta bu əşya bəzən konkret məqsədə xidmət edərək aldadıcı rəy yaratmaq naminə düşünülmüş şəkildə seçilir. Baxmayaraq ki, Rusiya artıq Saakaşvilini özü üçün "siyasi meyit" hesab edir, amma Saakaşvilinin Rusiya üçün siyasi meyit olana qədər yaratdığı imic onun müəyyən mənada nüfuzunu qoruya bilir.
   
   Əlbəttə, əgər dünya siyasi arenasında siyasətçinin sözünün çəkisi, strateji gedişlərinin effekti zəifdirsə və ya sıfırdırsa ona imic də kömək edə bilmir. Bir məsələ var. Bayaq da qeyd etdiyimiz kimi, öz missiyasına və məqsədinə sistemli yanaşan çəkisi olan siyasətçilərdir və adətən belə liderlər imicləri haqda düşünür. Və əlbəttə, bu imici formalaşdıran onun komandasına daxil olan ciddi psixoloqlar, analitiklər, politoloqlar, imicmeykerlər, modelyerlər, jurnalistlər, pr-çılardır. Bu şəxslər yalnız öz xadimlərini bəzəməklə məşğul deyil. Onlar liderlərinin bütün siyasi gedişlərini, hər addımını diqqətlə və peşəkarcasına izləyir, ona yardımçı olmağa çalışırlar.
   
   Ölkədə seçkiqabağı vəziyyət "stabildir." Prezidentliyə namizədlərdən biri Fazil Qəzənfəroğlu "Dəyirmi Masada"kı çıxışında bu məsələyə toxundu.
   
   "Ola bilər ki, kiminsə kostyumu cırılmır, üzü yarılmır. Və insanlara elə gəlir ki, seçkiöncəsi proses sakit keçir, deməli, ciddi bir dəyişiklik olacağı ehtimalı yoxdur. Bu, qətiyyən belə deyil. Çox ciddi siyasi proseslər gedir. Siyasətçi qəhrəmanlıq üçün fəaliyyət göstərən şəxs deyil. Zaman siyasətçiyə daha faydalı yolla getməyi diktə edir. Elə düşünməyin ki, sizin səsiniz heç nəyi həll etməyəcək. Səs verin, qərar verin və bugünkü iqtidarı dəyişin". Bu, ilk səslənmədə iliyə işləyən sözlərdir. Amma Fazil Qəzənfəroğlunun namizədlərin şəkilləri əks olunan tablodakı "Çörçilsayağı" və ya "əlaçı şagird" kimi çəkdirdiyi fotolar şüurda başqa effekt yaradır. Seçkilərdə dəyişikliklər olacağına inandırmağa çalışan Fazil bəy öz imicində individuallığını əks etdirməyi bacarmayıb. Hələ biz ən optimal namizədi misal gətiririk. Digərlərindən nə danışmaq olar?! Azərbaycanda artistlə siyasətçinin şəklinə baxanda tanımasan ayırd etmək çətindir ki, kim kimdir. Adamın gözünə girən iri başlar, yekə qalstuklar, romantik baxışlar, ütülənmiş duruş, cansız və ifadəsiz üzlər hər ikisində də eynidir.
   
   İmic insanın məzmunundakı avtoritetliyin səviyyəsindən, bəşəriliyinin diapazonundan, özünü hansı hədəflərə hesabladığından, görəcəyi işlərdən xəbər verən məqsəddən, həyat və iş fəaliyyətinə, amalına xərclənəcək baqajdan xəbər verir. Imic insanın böyük mənada kimliyini açır. İnsanın içini çölündə də yaradır. O, təfəkkürün, mahiyyətin, prioritetin güzgüsü-inikasıdır. İmic çox vacib və seçiciyə intuitiv informasiya ötürən, onu aldadılmağa qoymayan məsələdir.
   
   Fikir verməyənlər üçün prezidentliyə namizədlərin fotoşəkilləri əks olunan lövhənin görüntüsünü təqdim edirik. Bu çox ciddi məsələdir.

TƏQVİM / ARXİV