adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

XIRDACA PROBLEMLƏR

OQTAY SALAMOV
25899 | 2008-10-11 05:47
Məni qınamayın, deyirəm adamın hər işi düz gətirsə, heç bir problem, əyər-əskik olmasa, yaşamaq maraqsız olar. Çalışırsan, vuruşursan, rüşvət verirsən, adam tapırsan - iş düzəlmir. Təzədən başlayırsan, bir də görürsən telefonuna SMS gəldi ki, "ad gününü təbrik eləyirəm". Ayə, qardaş, neujeli bir il də keçdi? Təqvimə baxırsan ki, doğrudan da keçdi. Amma ötən ad günündə geyindiyin pencək heç əyninə balaca da olmayıb, əksinə, bir az şax durur. Deməli, bir ilini maraqlı keçirmisən. Sonra bir ilini də, sonra birini də, sonda... "Deməsinlər bu dünyadan tamarzı getdi"...
   
   
   
   
   
   Amma bir iş də var ki, problem böyük olanda həyat çox maraqlı və əzici olur. Allah versin xırda problemlərə. Həm düzəlməyinə gümanın olur, həm də intihar-filan haqda düşünmürsən. Odey, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri, Amerika Birləşmiş Ştatları dövlət katibinin müavininin müşaviri, türk qızına evləndiyi üçün bizim yeznəmiz sayılan Metyu Brayza bizdən muştuluq istəyir ki, bəs "Qarabağ problemində bir neçə xırda problem qalıb". Problemlər o qədər xırdadır ki, hətta Metyu müəllim onları sadalamağa da ehtiyac görməyib. Təxmin eləyirəm ki, ermənilər cəmi üç məsələdə bizimlə razı deyillər: 1. Qarabağ ya müstəqil olmalı, ya da Ermənistana birləşdirilməlidir. 2. Torpaqların azad olunması indinin işi deyil. 3. Azərbaycan ermənilərin müstəqilliyini tanımalıdır. Vəssəəəlam. Üçcə dənə mikroskopik problemcik. Amma onlar mehriban qonşuluq şəraitində yaşamağa razıdırlar, iqtisadi əlaqələrin yaranmasına tərəfdardırlar, bizdən neft, qaz almağa maraqlıdırlar, hətta Azərbaycandan köçmüş ermənilərin qayıtması məsələsinə də pis baxmırlar. Qəti əminəm ki, Metyu Brayza soruşsa ermənilər bizimlə kirvə olmağa, qız verməyə də etiraz eləməzlər. Görürsünüz nə boyda problemlərdə ortaq məxrəc tapmaq olar? Bunların yanında o üç dənə problemcik nədir ki?..
   
   Bu gün mənə xüsusi ləzzət eləyən bir yazı oxudum. İqtidar nümayəndələri deyirlər ki, müxalifətin sosial bazası olmadığı üçün mitinq keçirmir. Deyirəm, ay gidi zəmanə, gör iş hansı yerə çatıb ki, iqtidar özü də müxalifətin mitinqi üçün darıxıb, amma nə müxalifəti var, nə də mitinqi. Amma əslində bu da böyük problem döyül, müxalifət yoxluğunu etiraf eləsə, iqtidarımız özü bir müxalifət yaradar, mitinq də çağırar, konsert də verər. Yoxsa xaricdə gələn bir sürü müşahidəçi burada boş qalıb darıxar axı...
   
   Deyir Dünya Bankı inkişafda olan 28 ölkəyə xəbərdarlıq göndərib ki, beynəlxalq maliyyə böhranının yayılması şirkətlərin iflas etməsinə, bank sahəsində ciddi problemlərin yaranmasına, xarici borcların ödənilməsində çətinliklərin ortaya çıxmasına səbəb olacaq. Bir ciddi xəbərdarlıq da eləyib ki, inkişafda olan dövlətlərdə də vəziyyət rusca olacaq. Şəxsən mənim tüküm də tərpənmədi. Çünki xəbərdarlıq haqda məlumatda ölkələrin adı yoxdur. Çünki biz inkişaf etməkdə olan yox, artıq inkişaf etmiş ölkəyik. Özü də o qədər inkişaf eləmişik ki, dünya maliyyə böhranının bizə qəti təsiri ola bilməz. Vallah, mən demirəm, bizim ekspertlər, iqtisadi inkişaf nazirimiz deyir. Deyir qiymətlərin beynəlxalq səviyyədə artması nəticəsində pis qidalananların sayı 44 milyondan 960 milyona yüksələcək. Əh, bizə nə var? Bizimkilərin əksəriyyəti onsuz da o 44 milyona daxildir, qoy əvvəllər yaxşı yeyənlər narahat olsunlar. Yəni deyirsiniz bundan da pis qidalanmaq olar?
   
   Bizdə böyük problem qalmayıb, qalanlar xırda-xuruşdur. Məsələn, dünən məlumat verildi ki, Ədliyyə Nazirliyində Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi ləğv ediləcək. Məlumatı verən mənbə çox qərəzli şəkildə bildirib ki, idarənin ləğv edilməsinin səbəbi son vaxtlar məhkəmə qərarlarının icrası ilə bağlı nazirliyə edilən şikayətlərin sayının artması ilə bağlıdır. Deyir nazirlik dəfələrlə baş idarəyə xəbərdarlıq eləyib, amma nəticəsiz qalıb, ona görə də onu bağlayır. Boş söhbətdir. Baş idarə elə ağız bahəm eləyib ki, nazirliyin xəbərdarlığını qulaqardına vurur? Maa elə gəlir ki, məsələ tamam başqa cürdü. Məhkəmələrin qərarları haqda xəbər tutan kimi onu icra eləyirlər, kağızı aparıb verən kimi iş həll olunur. Ona görə də ayrıca idarə saxlamağa ehtiyac yoxdur. Əşi, problemsizlik belədir dəə. Amma filan qədər adam işsiz qalacaq. Amma ziyan yoxdur, məhkəmələrin yanında çox olublar, işi bilirlər, uzaqbaşı hakim işləyərlər. Onsuz da hakimlərin iş əlindən ciblərini qaşımağa vaxtları yoxdur...
   
   Biz özümüz də qəribə adamlarıq, problemsiz yaşaya bilmirik. Deyir o gün prezidentliyə namizəd Qüdrət Həsənquliyev "Təbriz" kinoteatrının qarşısında (Qara Qarayev metrostansiyasının yanı) seçicilərlə görüş keçirmək üçün bir həftə qabaq Bakı Şəhər İcra Hakimiyyətinə müraciət eləyib. BŞİH-in müraciətə cavab məktubunda deyilir: " Paytaxt meriyası namizədin Səbayel rayonu Bibiheybət qəsəbəsi Neftçi İdman-Sağlamlıq Mərkəzinin stadionunda seçicilərlə planlaşdırılan görüş keçirməyinizə etiraz etmir." İndi namizədin seçki qərargahının sədri Elçin Mirzəbəyli durub narazılıq eləyir. Nədi, qardaş, Nizaminin seçiciləri seçicidi, Səbayelinkilər deyil? Nə fərqi var. Lap uzağı Nizaminin seçicilərini aparın Bibiheybətə. Adamın yadına lətifə düşür: - Tofiqi tanıyırsan? - Hansı Tofiqi, Rafiqi deyirsən?
   
   Dünənki məlumatların birində oxudum ki, Naxçıvanda dələduzluq üstündə bir adamı tutublar. Nə bilim kiməsə oğlunu hərbi xidmətdən saxlamaqla hərbi bilet verəcəyini vəd eləyib pul alıb, bir müəllimə "əməkdar" faxri adı verdirəcəyini deyib ondan pul alıb, bir sözlə, adi, adət elədiyimiz "atanşik"dir. Məni maraqlandıran müəllimin özünə problem yaratmağıdır. Məlumatdan aydın olur ki, Gəngərli rayon Şahtaxtlı kənd orta məktəbinin müəllimi Miryasin Seyidov 200 manat pul verib ki, "əməkdar müəllim" olsun. Ay başına dönüm, adından, soyadından görünür ki, seyid adamsan, müəllimsən, sənin dələduzlarla nə işin var, haram adı neynəyirsən? Gərək elə mütləq özünə problem axtarasan? Onsuz da xırda problemlərimiz çoxdur, bu boyda zırıltılılarını axtarmağa nə hacət var axı?..
   
   Əzizlərim, siz bilərsiniz, mən bu artist-martisti çox da yaxşı tanımıram -bu Çelik deyilən türk müğənnisi kişidir, yoxsa arvad? Yox, o qədər tam məlumatsız deyiləm, bilirəm ki, bu, Əsadı, Trostdu, Çəlikdi-nədi kişifason türk müğənnisidi. Köçüb gəlib Azərbaycanda yaşayacaq. "Le Paris" adlı bir restoran da açıb, özü də orada da oxuyacaq. Bunlardan xəbərim var. Maraqlı qaldığım odur ki, Çelik Bakıda özünü qaydaya salmaq üçün ən yaxşı ...qadın salonu axtarır. Ay balam, niyə qadın salonu. Bəyəm bizim kişi dəlləklərimiz, bərbərlərimiz, ayıb da olsa, kuyaforlarımız qırılıb ki, bu özünə arvad salonu axtarır?
   
   Deyəsən, mən problemciklərdən çıxıb problemlərə keçirəm axı. Yox ey, başıma at təpməyib ki. Bundan sonra problemsiz yaşayacam. İstədim yazam ki, qarğa kimi, üç yüz il yaşayacam. Sonra düşündüm ki, əvvəla, mənim istəyimdən asılı deyil, ikincisi də mənə ləzzət eləyən, məni başa düşən elə indi, mənimlə yanaşı yaşayanlardır. Siz olmayandan sonra mən nəyə lazımam ki? Bayquş kimi tək yaşamaqdansa, qarğa kimi çox yaşamaqdansa, səni başa düşənlər, anlayanlar arasında alnına yazılan qədər yaşaya bilmək daha gözəl, daha sərfəlidir. Problemsiz, filansız... Yaşaya bilsən...

TƏQVİM / ARXİV