adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

XƏZiNƏ

17018 | 2008-10-11 05:47
Deyirlər hər adamın bu dünyada xəzinəsi olur. Yəni hər bir adam istəsə xəzinə tapa bilər. Sadəcə olaraq o, hərəyə bir şəkildə qismət olur. Bəziləri onun uğrunda çarpışır, vuruşur, alçalır, yüksəlir, döyülür, döyür, dözür, lazım gələndə söyür, söylənir və nəhayət, istədiyini tapır. Daha doğrusu, istədiyinə yetişir. Çünki əvvəlcədən o, xəzinəni görürdü. Hansı xəzinəni, öz payına düşəni, yoxsa özgənkini? Fərqi yoxdur, əsas odur ki, onu görəsən. Gördünsə, sorağına, sevdasına düşdünsə, deməli, gec-tez səninki olacaq. Yox əgər görməsən, hətta özünkü olsa belə, hətta qismətin düz gəlib ayaqlarının altına düşsə belə, yenə o səninki olmayacaq. Onu görmək lazımdır, görmək!
   
   Bu haqda məşhur rəvayət də var. Bir kasıb kişi hər səhər arxın üstündəki körpüdən keçib işə gedərmiş. Hər dəfə körpünün düz ortasına çatanda dayanıb əllərini yuxarı qaldırar, ucadan göyə yalvarardı: "Ay Allah! Nə olardı, mənim üçün bir xəzinə göndərərdin, canım da hambalçılığın əlindən qurtarardı." Hər səhər eyni yerdə, eyni sözləri deyib yolunu davam edərdi. Körpüdən xeyli aralıda varlı bir kişi adəti üzrə hər səhər dükanlarını açar, nökərlərə, satıcılara göstərişlərini verər, sonra da çıxıb gedərdi pulunun üstünə pul qoymaq üçün başqa işlərlə məşğul olmağa. Hər dəfə də aralıdakı o körpünün üstündə əllərini yuxarı qaldıran kişi diqqətini cəlb edərdi. Bir gün varlı dözməyib adətini pozur, səhər tezdən dükanlarını açmaq əvəzinə gedib o körpünün altında gizlənir ki, görsün bu kişinin Allahdan diləyi nədir? Məlum edir ki, bu bədbəxtin istədiyi xəzinədir. Varlının xətrinə həm xeyirxahlıq etmək, həm də azca məzələnmək düşür. O biri günün səhəri qızıl-gümüş, daş-qaşla dolu kasanı aparıb qoyur o kişinin Allaha yalvardığı yerə və yenə də qaçıb gizlənir körpünün altında. Gözəl yaz havası olur, quşlar cəh-cəh vurur, göyün üzündə bir dənə olsun bulud olmur, tər-təmiz, aydın... Budur, taleyilə barışa bilməyən kasıb uzaqdan zümzümə eləyə-eləyə gəlir və körpüyə çatanda birdən dayanır, oxumağını saxlayır. Ağlına nə gəlirsə, öz-özünə deyir: "Hər gün bu körpünü gözüaçıq keçirəm. Görəsən, gözümü yumsam, yıxılmaram ki?" Yıxılmır, amma səndirləyə-səndirləyə, bəzən körpünün kənarlarından tuta-tuta o biri taya keçə bilir. Ona görə də ortada onu gözləyən xəzinə toxunulmaz qalır, heç ayağı ilə də ona ilişmir. Çox zaman bu rəvayətdə sonluq kimi varlı kişinin fikirlərini gətirirlər. Varlı düşünür ki, hərənin öz payı, öz qisməti var. Bu kişinin payı bir parça quru çörəkdir, mənim payım isə aşıb-daşan var-dövlətim. Neyləyək, belə məsləhətdir. Allahın işinə qarışmaq olmaz.
   
   Maraq üçün gəlin görək gözlərini yumub qismətindən yan keçən kişi bu zaman nə fikirləşir. O, körpünü keçən kimi gözlərini açır və ətrafdakı gözəlliyə baxıb deyir: "Görməmək nə pis şeymiş! İlahi, mənə iki göz və belə gözəl dünyanı görmək qisməti verdiyin üçün sənə min-min dəfə şükürlər olsun!"
   
   Burda söhbət qismətdən getmir. Burda söhbət kimin nə gördüyündən gedir. Biri xəzinə görür, onu əldə etmək üçün çarpışır, var-dövlət yığır, az bilib yenə yığır, yenə, yenə... Digəri dünyanın gözəlliyini görür və bu dünyada var olmaqdan həzz alır. Hər ikisi Allaha şükr edir. Belə çıxır ki, Əflatunun ideal cəmiyyəti bizim gözümüz önündəymiş. Daha bundan yaxşı nə ola bilər? Deməli, hər şey biz düşünəndən daha sadədir. Əslində heç bir problem yoxdur. Sadəcə olaraq hərə öz qismətiylə barışmalıdır, vəssəlam. Qoy zəmanə, cəmiyyət nə qədər istəyir təbəqələşsin özü üçün...
   
   Amma yox! Burda başqa məsələ ortaya çıxır. Bunun üçün bir daha rəvayəti yadımıza salmalıyıq. Gözəlliyi görə bilən və buna görə Gözəgörünməzə şükr edən bir kəs heç vədə ola bilməz ki, səfeh adam olsun! Yəni o anlamır ki, Allah onun üçün göydən zənbillə xəzinə göndərən deyil? Anlayır, elə bu səbəbdən də uzaqdan, nəzərə alsaq ki, onun görmə qabiliyyəti yaxşıdır, həmin o qaş-daşla, qızıl-tənə ilə dolu kasanı görür. Görən kimi, burda çooox gizli bir kələk olduğunu başa düşür. Birdən-birə bu gözəl dünya qapqara qaralır gözlərində. Çıxış yolu tapmaq lazımdır. Nə etməli? Aha, gəl özümüzü qoyaq korluğa. O, sınaq körpüsünü keçən kimi gözünü açıb görür ki, azadlıq, sərbəstlik, üstəgəl dünyanın gözəlliyi nə böyük səadətmiş. Və bu səadətin içində şükr eləmək nə qədər xoş, savab işdir.
   
   Bəs varlı? Bu ağa məgər o dərəcədə səfehdir ki, bu qədər əzab-əziyyətlə, ona-buna işgəncə, zülm verməklə, onun-bunun qarşısında alçalmaqla əldə etdiyi var-dövlətdən bir kasa xəzinə ayırıb, aparıb qoysun yoldan keçən bir lütün qabağına? Əsla! Bir anlığa hadisəni başqa şəkildə inkişaf etdirək. Kasıb gözlərini yummayır və kasanı götürüb Allaha, onun səsini eşitdiyi üçün şükr edərək yoluna düzəllənir. Belə olanda varlı kənardan, daha doğrusu, gizlindən baxıb tanımadığı adamın sevincinə şərik çıxmalı idi. Nəyə görə? Onu aldatdığına görə? Xeyr, ola bilməz! Xəzinəni Allah göndərməyib. Xəzinəni Yaradanın adından yolun üstünə o özü qoyub. Əstəğfürullah! Bu, əslində onun tərəfindən Allahsızlıqdır! Allahsız adam isə belə xeyirxahlıq etməyə qadir deyil. Deməli, o, kələk qurmuşdu. Kasıbla məzələnmək, ona lağ etmək istəyirdi. Yaxud da onu tələyə salmaq fikrində idi.
   
   Ən yaxşı varianta diqqət yetirək. Kasıb o qədər pulu tapandan sonra neyləyəcəkdi? Yenə onun, varlının satdıq mallarını alacaqdı, tapdıqlarını, göydən zənbillə endiyini güman etdiklərini yenə ona, varlıya qaytaracaq və hələ üstəlik, ondan asılı vəziyyətə düşəcəkdi. Bu isə iqtisadiyyatın qanunudur. Bu, eşşəyin belinə oturub arxadan onun gözü önünə ot tutmaq və onu hərəkətə gətirmək deməkdir.
   
   Danışdığımız rəvayətdə kasıb səfeh deyil, müdrik rolunda çıxış edir. Əksinə, varlı səfeh yerində qalır. Amma bu, rəvayətlərdə, nağıllarda baş verə bilər. Gerçəkdə hər şey nağıldakının əksi olur. Bununla belə bəzən nağıl-hadisələr də ünvanını səhv salıb gəlib gerçək həyatımıza düşürlər.
   
   Bütün bunlara baxmayaraq, yenə də hər birimizin taleyində xəzinə payı olduğuna inanırıq. Çünki bunun həqiqət olduğunu bilirik. Sadəcə, baxır o xəzinə hansı şəkildə həyatımıza daxil olur. Biz yuxarıda birinci şəkildən danışdıq. Yəni həyatını həsr edib xəzinəni əldə etmək yolunu misal gətirdik. Başqa yollar da var. Məsələn, gözlənilmədən, heç yuxuna belə girmədən, yaxud o kasıb kişi kimi hər gün Yaradana yalvarmadan belə, birdən gözlənilmədən xəzinə çıxır qarşına. Bu şəkildə gərək güman edək ki, nağılla gerçəklik yerlərini səhv salıb. Üçüncüsü isə xəzinə payını görmədən onun yanından keçib getməkdir. Hər üç halda xəzinə bizim həyatımızda mühüm rol oynayır. Ümumiyyətlə, xəzinəsiz bizim həyatımızı, varlı olsun, kasıb olsun, dəxli yoxdur, təsəvvür eləmək mümkün deyil.
   
   Əsas odur ki, çaşıb aldanmayasan. Xəzinə gördün, üstünə qaçma. Ayaq saxla. Əmin ol ki, səni kənardan heç kim güdmür. Əmin oldun, deməli, bu sənin payındır. Yox əgər sənə kənardan tamaşa eləyən varsa, onda sən də ona yaxşı tamaşa göstər. Gözlərini yum, xəzinənin yanından keç. Elə bil görmədin.

TƏQVİM / ARXİV