adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

QURBAğA SƏSiYLƏ DOLU BiR GECƏ...

VAHİD ƏLİFOĞLU
20993 | 2008-10-04 01:03
... Kəndə gedəcəyəm elə beləcə,
   
   Bir də görəcəyəm kəndimizdəyəm.
   
   Qurbağa səsiylə dolu bir gecə,
   
   Ay da ki, çay da ki, kefin istəyən...
   
   R.Rövşən.
   
   
   
   ... Uşaqlıq və gənclik dostum Həsən telefonda dedi ki, çıx qəsəbənin girişindəki çayxanaya, tələsirəm, görüşək, beş-on dəqiqə vaxtım var... məzələnmək üçün dedim:
   
   - Ə, tanımadım, ey. Hansı Həsəndi?
   
   Dərhal cavab gəldi ki, "Yetim Həsənəm"... Güldüm. "Ə, sənə yetim deyiləndə mənim atam da sağ idi, anam da. İndi mənim nə atam var, nə də anam. Allaha şükür, sənin anan hələ yanındadı"... Sözümün "mustafasın" göydə aldı:
   
   - Qağa, indi sən standart yetimsən, mən girdimə...
   
   ... Bir dəfə Aqil Abbas yazmışdı ki, bəs Hacı Zamin Məkkəyə gedib gəlsə olar "Dubel Hacı"...
   
   ... Əvvəlcə qabaqda gələn "CİP" dayandı, sonra avtobus. Saqqallı, şortikli kişilər tökülmüşdü yerə. Əli mikrofonlu, çiyni "videokameralı" iki cavan oğlan, tərcüməçi, irəlidə daimi gülümsəyən sarışın bir şəxs. Bu sarışın adamı hardasa görmüşəm. Elə tanış gəlir ki...
   
   Bizimlə bir stolda əyləşmiş kişi cəld qalxdı, çatdı həmin o "sarışına", onu bərk-bərk qucaqlayıb hər üzündən bir cüt öpüş götürdü və həyəcanla dedi:
   
   - Ə, bu bizim Cefridi, ey. Yeznə...
   
   Hə, indi yadıma düşdü. Mən bu adamı dəfələrlə televizorda görmüşəm. Amerikalı tar, kamança çalan...
   
   ... Gözlənilməz "hücum"dan Cefri səndələdi, az qaldı dizləri gələ yerə...
   
   ... Sovet hökumətinin dövründə bir rus əsgəri girir İşıqlı kəndinin üzüm bağındakı bir-iki salxım üzüm yesin. Sahənin qarovulçusu əsgəri qorxutmaq üçün bağa bir güllə atır və təsadüfən güllə dəyir əsgərə...
   
   ... Məhkəmədə prokuror qarovulçuya deyir ki, bilirsən sən neyləmisən? Sovet əsgərini güllələmisən. Qarovulçu da cavab verir ki, əvvəla güllə dəyəndən sonra bilmişəm ki, bu bizim Vasyadı. İkincisi də ki, bu necə sovet "soldatı"dı ki, bir gülləyə yıxılıb ölüb...
   
   ... İki dəqiqəyə çayxanaya bir toyun adamı yığıldı. "Yeznə" kompüterə oxşar bir aparatı quraşdırıb xırda, val kimi bir şeyi qoşdu ona. Ekranda on bir, on iki yaşında bir oğlan uşağı gözəl, şux səslə "Qarabağ şikəstəsi" oxuyur... Cefri mahnıdan bir xeyli ləzzət alıb (hər halda hərəkətlərindən və üzünün cizgilərindən belə hiss olunurdu - V.Ə) başını qaldırdı və təmiz Azərbaycan dilində dedi:
   
   - Bu lenti 2000-ci ildə çəkiblər. Dəqiq bilinmir ki, fin evlərində çəkilib, yoxsa çadır şəhərciyində... Bəlkə aranızda bu uşağı tanıyan var?..
   
   ... Axır ki, tanıyan tapıldı. Məlum oldu ki, bu lent İmişli rayonundakı fin şəhərciyində çəkilib və bu uşaq da Füzulidəndi... Cefri onu da bildirdi ki, Azərbaycan xalqının mədəniyyətini amerikalılara çatdırmaq üçün film çəkir və bu uşağı da o filmə çəkmək istəyir.
   
   Bekarçılıqdan əlüstü hesablama aparıb müəyyən etdik ki, bu "uşağın" hazırda iyirmi bir, iyirmi iki yaşı var...
   
   ... Cefri maşına minməmiş üzünü çevirdi dağlara tərəf, dərindən nəfəs alıb dedi:
   
   - Qarabağ iyi gəlir. "Dördyol"da da beləydi...
   
   (Tərcüməçi bildirdi ki, bura gəlməmişdən əvvəl Ağdamın "dördyol"unda olmuşuq-V.Ə).
   
   ... Hər şey kənddən başlanır. Həyatın ilkinliyi, saflığı, təmizliyi var kəndlərdə...
   
   ... Əbülfət də on ildən çoxdur ki, Babəkin bir tərəfə çıxmağı, özünün kəndə qayıtmağı xəyalları ilə yaşayır... 70-80-ci illər ədəbi nəsli kənd həsrətli şerlər yazırdılar. İndikilər kəndi unudublar, şəhər haqqında daha çox yazırlar... Böyük şəhər axtalanmış ata oxşayır. Axtalanmış atlar da heç vaxt kişnəmirlər, oxranırlar...
   
   ... Yeddi, səkkiz ay şəhərin soyuqluğunu, biganəliyini, laqeydliyini öz içinə yığmış adamlar bir-iki aylığa qaçırlar dağlara, kəndlərə... Saflaşmağa, təmizlənməyə, dincəlməyə... Şəhərdə dinclik yoxdu... Qaçhaqaçdı...
   
   ... Deyirlər ki, ilanların zəhəri artdıqca, dişlərinin dibindəki zəhər tuluğu boşalmadıqca başlarının ağrıları kəsmir...
   
   ... Bəlkə biz də dişimizin dibindəki zəhərdən, başımızdakı ağrıdan azad olmaq üçün qaçırıq kəndlərə...
   
   ... Uşaq vaxtı bizi inandırmışdılar ki, ilanlara zəhəri kərtənkələlər verir. Elə ona görə də kərtənkələlərə "ilana ağu verən" deyirdik... Kəndlər ilan zəhərlərinin qəbulu məntəqələri deyil ki?..
   
   ... Bütün şəhərlərdə axan sular laldı. Bütün şəhərlərin adamları yerə baxandılar. Adamın yerə baxanı, suyun lal axanı... Dağlarda heç vaxt sular lal axmır. Dağlarda heç vaxt adamlar yerə baxmırlar... Sular şarhaşar axır, adamlar ancaq göyə baxır...
   
   ... Yerdə itki olar, pul olar, dövlət olar, yaraşıqlı saray-imarət olar... Göydə Allah var... Bizim, sizin, yerə baxanın, göyə baxanın... hər şeyin, hər şeyin birləşdiyi nöqtə...
   
   ... Dağ çaylarında adam batmaz. Dağ çaylarında ölənləri çay dibinə çəkib öldürməz. Ya daşa çırpıb öldürər, ya qayaya...
   
   ... Lal axan sular, nə dibi bəllidi, nə eni...
   
   Yerə baxan adamlar... Qarınlarının altını fələk də bilməz...
   
   ... Qonşumuz Teyyub kişi həmişə başı aşağı yeriyir. Salam verəndə də, alanda da yerə baxır. Soruşanda ki, Teyyub dayı niyə yerə baxa-baxa yeriyirsən, deyir ki, göyə baxanda başım gicəllənir...
   
   ... İndi bütün qarabağlıların başı gicəllənir göyə baxanda...
   
   ... Dünyada suları lal axmayan, adamları yerə baxmayan bir şəhər var idi. Şuşa...

TƏQVİM / ARXİV