adalet.az header logo
  • Bakı 21°C

ikinci olmaq istəyən birincilər

CEYHUN MUSAOĞLU
29642 | 2008-10-04 01:02
Ötən şənbə, Tofiq Abdin demiş, "Ədalət"in bu yerindəki "Özlərini söndürənlər" adlı yazımda söhbətə birdən başlamağım Etibar Cəbrayıloğlunun ürəyincə olmayıb. "Gərək bir-iki cümlə giriş yazardın" - Etibar mənə belə dedi. Əlacsızlıqdan razılaşdım. Daha demədim ki, ay Etibar, bu ölkənin qaymaqlarını tanıtmağa ehtiyac yoxdur. Bizim xalq arifdi. Çırtmanın səsindən bilir ki, barmaqlar nağaraya dəyib, yoxsa bir-birinə sürtünüb. Burası belə.
   
   İndi keçək elə-beləyə. Yəni prezident seçilmək istəyən əksər namizədlərin diləklərinə. Düzünü deyim ki, bu 13 gündə onlardan heç nə eşitməmişəm. Dostlar hərdən danışanda qulaq asmışam. Nəticəsi öncədən bəlli olan seçki maraqlı deyil. Dəqiq bilirsən ki, məsələn, qutudan İqbal Ağazadə birinci çıxmayacaq. İkincinin, üçüncünün isə heç nəyə dəxli yoxdu. Azərbaycan prezidentli respublikadır. Bizdə əsas birincidi. Bilirəm, razılaşırsınız, onun kimliyi bəlli. Mübarizə ikincilk uğrunda gedir. Əhəmiyyətsiz yer uğrunda gedən mübarizələrə tamaşa etmək şahid olmaqdır. Bütün şahidlər gec-tez dindiriləcək. Həm də incidiləcək. Buralarda incidilməyən şahid yoxdu. Ən azı məhkəmələrin yolunda süründürürlər onları. Gələcəkdə süründürülməməkdən ötrü tamaşa etmirəm birincilik uğrunda yarışda ikinci olmaq istəyən namizədlərin hərəkətlərinə. Amma nələr danışdıqlarını eşidirəm axı. Danışırlar ki, müəllimlərin maaşlarını dörd dəfə, həkimlərin maaşlarını üç dəfə, bir neçə dəfə hərbçilərin, iki-üç dəfə fəhlələrin maaşlarını qaldıracaqlar. Yadımda deyil, müəllimlər Qüdrət Həsənquliyevlik idi, həkimlər Hafiz Hacıyevlik, yoxsa, hər iksi Fuad Əliyevin inhisarındadı?.. Bircə onu başa düşdüm ki, ikincilər dəstəsindən yalnız Fazil Qəzənfəroğludan başqa kimsə maaş artımına necə, nəylə nail olacağını demədi. Nə olsun, Fazil bəy dedi, mümkünlüyünü ki, izah etmədi.
   
   1993-cü ilin namizədi Nizami Süleymanov təzə evlənənlərə ev verirdi, Qarabağı üç günə alırdı. Vədlərin həyata keçmə ehtimalını isə akademik olmağına, ixtiralardan aldığı patentlərə bağlayırdı. Nə qədər fikirləşdimsə, Qülamhüseyn Əlibəylidən tutmuş Fuad Əliyevə qədər 2008-ci ilin namizədlərindən hansınınsa ixtira sahibi olduğunu ağlıma gətirə bilmədim. Mən həm də onu ağlıma gətirə bilmirəm ki, ikinci olmağı siyasi karyeralarının ən yüksək zirvəsi bilən namizədlər niyə birinci şəxs kimi vədlər verirlər. Deyirsən, mühitə düşüblər, birinci olacaqlarına inanırlar yavaş-yavaş?.. Mümkündür. Bəlkə də onlardan hansısa birinci ola bilər. Seçkidi, xalq səs verir. Vermədi elə, verdi belə. Sadəcə, birinci olan həmin namizəd yeriylə razılaşmayacaq. Seçicilərindən üzr istəyib, "mən sonrakı olmaq istəyirəm" deyəcək. Fərqi yoxdur, ikinci, üçüncü, əsas odur ki, sonrakı olsun.
   
    Namizədlərin təbliğat vasitələrini yerləşdirmək üçün quraşdırılan dəmir lövhələrə vurulan şəkillərin hamısı qalib gələcəyi şübhə doğurmayan əsas namizədin şəklindən sonra vurulub. Bütün dəmir lövhələrdə YAP-ın namizədi İlham Əliyevin şəkli birincidir. Onlar şəkildə belə, iknci olmaq istəyənlərdir. Bəs niyə özlərini birinci şəxs kimi hiss edirlər? Cavab yoxdur. Elə adamı yandıran da budu.

TƏQVİM / ARXİV