adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

"MƏNiYNƏN MƏZƏ çIRTDADIRSAN?"

OQTAY SALAMOV
36956 | 2008-10-04 01:02
Qəzetlərin birində oxudum ki, "Səyavuş Novruzov namizədlərlə məzələnir". Və birdən düşündüm ki, bu məzələnmək sözü yaxşı sözdür, yoxsa pis söz. Əslində sözün pisi olmur, yəqin Dədə Qorqud bu sözü də nahaqdan işlətməyib. Sadəcə olaraq yerinə düşən və düşməyən söz var. Məsələn, Tarif Şurası qiymətlərlə və bizlə məzələnir deyəndə söz birbaşa yerinə düşür və faktı göstərir. ABŞ İranla məzələnir və ya İran da ABŞ-la məzələnir deyəndə lap siyasi mənada da söz yerinə düşür. Amma hər halda "Səyavuş Novruzov namizədlərlə məzələnir" ifadəsi bir az naqolay səslənir. Əlbəttə, əgər yazsaydılar ki, "qalan namizədlərlə", yenə birtəhər ötüşmək olardı. Nə isə, sözü çox uzatmayım, sonra deyərlər mən də məzələnirəm. Mənim isə nə belə niyyətim, nə marağım, nə də cürətim var, mən hara, məzələnmək hara...
   
   Söz namizədlərdən düşmüşkən, qoy bir məqamı da yola verək, sonra görək başımıza nə iş gəlir. Əslində təbliğaq-təşviqat kampaniyasının ən qızğın çağı olmasına baxmayaraq, sən deyən elə də qızğın iş gözə çarpmır. Ekspertlər təəccüblənirlər ki, nə əcəb indiyə qədər "namizədlər özlərinin yerlərdəki görüşlərinin əks olunduğu xüsusi reklam çarxlarını efir dövriyyəsinə buraxmayıblar". Siyasi təhlilçi, professor Vaqif Arzumanlı belə passivliyin səbəblərini siyasi baxımdan açıqlayır və qeyd edir ki, "namizədlərin bəziləri heç plakat da hazırlamır". Bax, mənə elə gəlir ki, burada siyasi yox, iqtisadi məqamlara diqqət yetirmək lazımdır. Nə ad çəkək, nə ünvan göstərək, sayı bəlli, niyyətləri bəlli. Hərəsinə cəmi 28 mindən bir az çox manat veriblər. Bunu da çarxa, plakata versən, daha ortada nə qalar ki? Odey, namizədlərdən biri bir ailədən 9 nəfəri özünə vəkil seçib. Deməli, 9 nəfər işini-gücünü atıb bu adamın təbliğatı ilə məşğul olmalıdır. İndi də sovet vaxtı deyil ki, "bolniçnı" açdıralar, ayın axırında pullarını alalar. Deməli, ən azından bu ailəni dolandırmaq üçün onlara pul vermək lazımdırmı? Hə, nə olsun, çarx da çəkdirsin, plakat da buraxdırsın, 15 gündən sonra özlərindən başqa kimə lazım olacaq ki? Mən bilmirəm ki, namizədlərdən kim plakat hazırlamayıb, amma kimdisə düz eləyir, praktik, qənaətcil və işini bilən adamdır.
   
   Başımız bayrama qatışıb, Azərbaycanın siyasi partiya həyatında çox zırıltı bir partlayış olub, eşidə bilməmişik. Zırıltı sözünün də yaxşı və ya pis söz olduğunu bilmədiyimi qeyd edəndən sonra deyim ki, bu bəd xəbəri mən ilk əvvəl (məzələnmirəm, çoxları belə deyir, son əvvəl də olur?- ilkdisə, elə əvvəldi dəə) "Gündəlik Bakı"da oxudum. Sən demə, Açıq Cəmiyyət Partiyasının Ali Məclisinin sədrinin müavini, İdarə Heyətinin üzvü Aqtay Mirzəyev partiya sıralarından istefa verib. Özü də həmkarım Qasımın yazısında ağsaqqalın adı beş-altı dəfə çəkilir və hər dəfə Aqtay da yazılır. Sevindim ki, nə yaxşı bu kişi mənim adaşım deyil, ad yaxınlığımız var. Yoxsa oqtaylar istefa verməzlər, hələ beləsi olmayıb. Sonra başqa qəzetlərdə ACP Ali Məclisinin sədrinin müavininin, İdarə Heyətinin üzvünün adının Oqtay yazıldığını görüb yamanca dilxor oldum. Hələ bu azmış kimi, 70 yaşlı adaşımızı agent də adlandırırlar. Məzələnmə yox ey, "pazorçuluq"du...
   
   Bir dənə də erkək məzələnmə var, adını siyasi məsələ qoyublar. Türkiyə prezidentinin Ermənistana getməsi, əlaqələrin isinməsi, dostluq söhbətlərinə çox müxtəlif və radikal baxışlar var. Türkiyə göyünü ermənilərə açıb, yerini də aça bilər, erməni prezidenti bu ayın 16-da Türkiyəyə gedəcək, onların xarici işlər naziri ilə bizimki türk həmkarının təşəbbüsü ilə görüşür. Bir sözlə, ayrı mərəkədir. Erməni isə deyir ki, türk düşməndir ki, düşməndir. Ermənistan Milli Strateji Araşdırmalar Mərkəzinin apardığı sorğunun nəticələri göstərir ki, əhalinin 64 faizi Türkiyəni düşmən ölkə kimi görür. Sorğuda iştirak edənlərin 76 faizi deyir ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması ancaq Ermənistanın tələblərinin yerinə yetirilməsindən sonra mümkün ola bilər. 33 faiz deyir ki, əlaqələrin düzəlməsi "voobşe" mümkün deyil, 43 faiz isə şübhə ilə yanaşdığını bildirir. Deyəsən, türk qardaşlarımız bizim "səni sevəcəyəm, sən sevməsən də" mahnısını çox sevirlər. Birdən elə bilərsiniz ki, bu araşdırmadan Türkiyənin xəbəri yoxdur, məzələnmiş olarsınız. Xəbəri Türkiyənin "Timertürk" informasiya agentliyi yayıb...
   
   Sən demə, "Ergenekon" "Qurani-Kərim"i təzədən yazmağı planlaşdırırmış. Təşkilatın başçılarından biri olan Fikri Karadağ uzunmüddətli araşdırma nəticəsində bu qərara gəlib ki, "Quran"da zina (qeyri-rəsmi cinsi əlaqə) günah deyil, namaz qılmaq isə vacib deyil. O, yenidən "yazacağı" "Quran"da hər şeyin "doğru" formada xalqa çatdırılacağını deyib...
   
   Təhsilimizdə, xüsusən də ali təhsil sahəsində vəziyyətin, yumşaq desək, ürəkaçan olmamasının əsas səbəbi aydınlaşdı. Sən demə, bunun əsas günahkarı universitetlərin şəhərin içərisində yerləşməsi imiş. Əgər şəhərdən qıraqda təhsil şəhərciyi yaradılsa və bir sıra təhsil müəssisələri paytaxtın mərkəzindən kənara köçürülsə, təhsilin səviyyəsi kəlləçarxa çıxacaq. Nazirimiz deyir ki, Azərbaycanda təhsilin səviyyəsi yüksələndən sonra bu sahədə biznesin yaranması mümkündür. Təhsil səviyyəsinin aşağı olması dolayı yolla elə bu sözlərdə də etiraf olunur. Amma o "bir sıra" təhsil müəssisələrinin şəhərin qırağına köçürülməsi məsələsində kalanca biznes də var, pul da. Maraqlıdır, "bir sıra"nın sırasına hansılar daxildir və niyə hamısı yox, bir sırası? Tibb Universitetini köçürmək olmaz, oranın tələbələri xəstəxanalarda da dərs keçirlər. İqtisadiyyat Universiteti də olmaz, banklar şəhərdədir. İncəsənət də olmaz, teatrlar şəhərdədir. Amma əntiqə yerlərdə əntiqə binaları, sahələri var ha. Dövlət Universitetinə köhnə geyimlə, qızıl pulla bir ətək pul xərclənib, indi bu boyda sərvəti qoyub onu Ələtə, ya da Xırdalana köçürsünlər? Kefdi, bir yandan təhsilin keyfiyyətini qaldırmaq üçün universitetləri şəhərdən qırağa çıxartmaq istəyirlər, bir yandan da əsas keyfiyyəti qalmalılar qalmalıdır şəhərdə. Bəs onda kimi çıxarırsınız, cənablar?.. Yeri gəlmişkən, həbsxanaları da şəhərdən kənara çıxarmağı sürətləndirmək lazımdır, şəhərdə satlıq torpaq yerləri yamanca azalıb...
   
   Deyir benzindoldurma məntəqələri də sürücülərlə məzələnir. O gün "Xaqani Petrol"un maxinasiyasını tutublar. Bir sürücünün 20 litrlik qabına 27 litr benzin "vurublar", qab dolmayıb ki, dolmayıb. Benzinvurana töhmət veriblər ki, niyə benzinin baka yox, açıq qaba vurmusan? Bilmirəm "Xaqani Petrol" kimindir, amma onu dəqiq bilirəm ki, o, rəhmətlik şair Əfzələddin Xaqanininki deyil. Ən azından onun adına görə maxinasiyasını açıb-ağartmazdılar. Deyəsən, kimsə həmin məntəqənin sahibi ilə məzələnir axı, guya o biri məntəqələrdə benzini artıqlaması ilə verirlər?..
   
   Maa elə gəlir ki, şəhərin kommunal təşkilatları bu Ramazan bayramında fitrə çıxarmayıblar. Ona görə də təbiət və göyün sahibi onlarla yamanca məzələndi, bir ucdan yağışı əndərdi küçələrə. Bir çox yerlərdə asfaltı su apardı, bir neçə yerdə gölməçələrdə torpaq çökdü, küçələrin çoxunu su basdı. Bəs bilmirdiniz ki, yollara ayrılan pulla məzələnəndə ən azından onun fitrə-zəkatını vermək lazımdır? Ümumiyyətlə, unutmayın, yağışdan qar yaxşıdır. Həm üşüməkdən qorxub küçəyə çıxanlar azalır, yəni şahidi az olur, həm də yağış əskikləri üzə çıxardır, üz qaraldır, qar üstünü bağlayır, üz ağardır. Bundan sonra nəzir verəndə yağışın əvəzinə qar zakaz verərsiniz...

TƏQVİM / ARXİV