adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Böyüməkdə olan zəhərlərin üstü və altı

14710 | 2008-10-04 01:02
Kino tarixində klassik nümunə sayılan filmlərdən birində belə bir səhnə var. Cənablar və xanımlar gözəl, üstünə bahalı, qar kimi ağ-appaq süfrə salınan, stəkanlar, su şüşələri qoyulan klassik üslublu uzun və dairəvi stolun arxasında əyləşiblər. Fikir verin, görün nə qədər tanış mənzərədir. Elə bir gün olurmu ki, televiziyaların xəbərlər proqramlarında belə bir görüntü ilə qarşılaşmayaq? O saat müxtəlif görüşlər, prezentasiyalar, brifinqlər, toplantılar və sairə yada düşür. Amma bu filmdəki yaraşıqlı xanımlar və cənablar onları bir az da yaraşıqlı edən bahalı stolun arxasında stullara, yaxud kresloya yox, unitazlara oturublar. Əlbəttə, unitazda öz təbii işlərini görməklə məşğuldurlar. Amma bu məşğuliyyət stol arxasında əyləşənlərin ciddi və dedikcə aktual, hətta qlobal mövzularda söhbət etməyinə mane olmur. Əksinə, onların söhbəti daha maraqlı və qızğın xarakter alır. Məsələn, ekologiya haqqında danışırlar. Xanımlardan biri məlumat verir ki, bəşər övladı hər gün 10 000 ton ekskeriment (yəni nəcis) istehsal (yəni ifraz) edir. Məgər bu balaca problemdir? Özü də söhbət əgər böyük və yaxud böyüməkdə olan şəhərlərdən gedirsə, onda məsələ daha da aktuallaşır, ciddi və təcili həllini tələb edən problemə çevrilir.
   
   Gəlin bu problemə hələlik toxunmayaq, onu bir az sonraya saxlayaq. Əvvəlcə yaxşı olar Luis Bünielin "Azadlıq kabusu" filmindəki qeyri-adi estetikası ilə yadda qalan bu səhnə barədə düşünək. Düzünə qalsa, burada qeyri-adi heç nə yoxdur. Əlbəttə, hər şeyi götürüb tərsinə qoysan belə gülməli mənzərə ilə qarşılaşa bilərsən. Yəni hər bir şeyin gördüyümüz üzü olduğu kimi, görmədiyimiz, əslində isə baxmaq və görmək istəmədiyimiz tərəfi də olur. Nəyə görə bunu yaddan çıxarmalıyıq? Dünyada nə varsa, onu bilmək lazımdır, əks təqdirdə özü gec-tez gəlib özünü sənə bildirəcək, hələ üstəlik necə lazımdır göstərəcək. Bu isə həmişə olduğu kimi ağrılı şəkildə baş verir. Bir o qədər də arzuolunmayan hallara gətirib çıxarır.
   
   Məsələn, şəhərin mərkəz küçəsi ilə gedirsən, birdən görürsən dünəndə-srağagündə asfaltlanan yeri bağlayıb orada dərə qazıyırlar. Yolun niyə bağlanması haqqında hərədən bir söz eşidirsən. Belə səhnələrə son vaxtlar tez-tez rast gəlirik. Orda hər nə edirlərsə, bunun bizə heç bir dəxli yoxdur. Odur ki, nə baş verməsi ilə maraqlanmağı da mənasız sayırıq. Daha yaxşı olar yolu davam etdirmək üçün bir deşik axtarıb tapasan. Tapdın? Çox yaxşı! İndi yolunu davam edə-edə özün üçün təxmin eləyə bilərsən ki, bəli, o aralıda tikilən otuz mərtəbəli evin kanalizasiyasını gətirib əsas, köhnə kanalizasiya ilə birləşdirirlər. Kanalizasiyasız ev olmaz. Köhnə bakılılarda məşhur bir söyüş vardı: "Mirzəbəyovun damından sənin başına pəşov eləyim!" Bu söyüşün mənasını bir nəfər belə izah etdi ki, guya erməni Mirzəbəyovun tikdirdiyi o vaxt üçün ən hündür evin kanalizasiyasını tikməyi inşaatçılar unudublarmış. Yalnız ev tikilib qurtarandan sonra bu zəhrimar yadlarına düşüb. Ona görə də təzə, hazır evin içində xeyli müddət rekonstruksiya işləri aparmalı olublar. Onlar işləyənə qədər də gözünədöndüyüm bakılılar bu uzunömürlü söyüşü icad eləyiblər. Doğrudur, "Mirzəbəyovun damı" tarixçəsini Azərbaycan memarlıq tarixi üzrə mütəxəssis olan məşhur alimə danışanda, mənimlə razılaşmadı, dedi, "belə şey dünyasında mümkün deyil, heç bir yerdə, heç vaxt kanalizasiyasız ev layihəsi ola bilməz."
   
   Nə bilim... Bir də axı mən bu problemdən danışmaq istəmirdim. Gül kimi filmdən gül kimi... (üzr istəyirəm) epizodu danışırdıq, onu qoyub keçdik yenə dəxli olmayan, elə buna görə də bizim üçün mənasız söhbətlərə. Hə, o filmdə bir çox şeylər tərsinə göstərilir. Məsələn, stol arxasında rahatlaşan və rahatlaşa-rahatlaşa qızğın müzakirələr edən cənablar və xanımlar nahar etmək istəyəndə keçirlər bunun üçün xüsusi ayrılan biradamlıq otaqlara. Təsadüfən kimsə həmin otaqlardan birinin qapısını arxadan bağlamır. Başqa birisi gəlib qapını açır və görür orada kimsə iştahla hamburger yeyir. Belə biədəb səhnənin təsadüfi şahidi olan çöldəki adam qulaqlarına qədər qızarır və "oy, bağışlayın!" deyə qışqırıb tez qapını örtür.
   
   Bu növ tərsinə çevirmənin ən dəhşətli variantını Fransada yaşayan Milan Kundera adlı çex yazıçısı yapıb. O, Stalinin oğlu Yakovun alman əsirliyində necə həlak olduğu barədə guya 80-ci illərin əvvəlində "Tayms" qəzetindən oxuduğu yeni təfərrüatlarla oxucularını tanış edir. 1968-ci ildə Praqada baş verən hadisələrə görə Sovetə, kommunizmə və ölümündən sonra yenə də kommunist hərəkatının qalib rəmzi sayılan Stalinə qarşı açıq nifrətlə Kundera yazır ki, guya Britaniya əsirləri ilə bir yerdə qalan Yakov hər dəfə tualetə gedəndə özündən sonra oranı bulaşıq qoyurmuş. Bu isə mədəni, təmizkar ingilislərin xoşuna gələ bilməzdi. Hər dəfə onların arasında buna görə ciddi mübahisə düşərmiş. Nəhayət, ingilislər düşər-gəyə nəzarət edən alman zabitinə şikayət edirlər. Alman zabiti isə (o da avropalıdır!) o boyda məğlubedilməz Stalinin oğlu ilə nəcis barədə danışmağı özünə sığışdırmır. Amma ona birtəhər ingilislərin narazılığını və öz iradlarını çatdırır. Yakov belə biabırçılığa dözməyib düşərgənin hasarları üzərindən keçən yüksək voltlu elektrik məftillərinin üzərinə tullanır və oradaca yanıb qalır. Kundera onu da qeyd etməyi unutmur ki, dünyanın altıda bir hissəsi olan sovetlər ölkəsinin əhalisi üçün Stalin Allah (əstəğfürullah!) idi. Deməli, Allahın oğlu (İsa Məsihi nəzərdə tutur və yenə də əstəğfürullah!) nəcis üstə ölüb. Özü də elə təsvir edir ki, guya məftillərin üzərində uzun müddət çarmıxa çəkilmiş kimi qalıb. Günahı Kunderanın boynuna!
   
   Amma mən o "Tayms" qəzetində hadisələrin şahidi tərəfindən yazılan məqaləni tapıb oxudum. Doğrudur, Yakov Cuqaşvili ingilislərlə bir yerdə qalırdı. Amma onun ölümünə səbəb tamam başqa, ideoloji səbəblər olub. İngilislər onun kim olduğunu bildiyindən lağa qoyur, faşistlərə münasibətdə nümayişkaranə şəkildə loyallıq göstərir və sairə... Yakov bir gün düşərgənin həyətində alman zabitinə xahiş edib ki, bir daha ingilislərin qaldığı baraka qayıtmasın. Alman zabiti isə onu başqa yerlə təmin etməyəcəyini bildirib. Belə olanda, generallisumusun oğlu yenidən alçalmamaq üçün özünü yüksək cərəyan keçən tellərin üzərinə atıb. Uşaq vaxtı Yuri Ozerovun "Azadlıq" filminə baxan zaman o məşhur səhnə, daha doğrusu, bu səhnəyə yaşlı tamaşaçıların reaksiyası həmişə yadımdan olub. Stalin oğlunu sovet əsirliyində olan fon Paulüslə dəyişmək təklifinə "mən əsgəri feldmarşala dəyişmirəm" deyir. Bu zaman bütün zal ayağa qalxıb əl çalırdı. İndi isə buyur, istedadı ilə valeh edən Kundera belə gözəl hadisəni tərsinə çevirir.
   
   Hər şeyi tərsinə çevirmək olar. Hətta ən müqəddəs olanı da. Çünki hər şeyin üzü olduğu kimi, içi də var. Ona görə üzü gözəlləşdirəndə, yol kənarındakı binaların, köhnə həyət evlərinin üzərini daş, dəmir lövhələrlə hörəndə, balkonlarını rəngləyəndə, bu gözəlliyi bəyənəndə, şəhərimizin dəyişdiyindən fərəhlənəndə hərdən içəri də boylanıb baxmaq pis olmaz.
   
   İçlə üz kontras təşkil etməməlidir. Yoxsa bizdə misal var, deyərlər...

TƏQVİM / ARXİV