adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Özlərini söndürənlər

CEYHUN MUSAOĞLU
27619 | 2008-09-28 01:24
Görərik kimlərin əli
   kimlərin cibindən çıxır,
   Kimlər əyilə-əyilə
   kimlərin evindən çıxır
   Dünya qəfil işıqlansa
   
   Ramiz Rövşən
   
   Redaksiyaların qabağında növbə yaranıb. Keçmişdən gələnlər gələcək arzusundadır. "Bilməmişik", "uşaq olmuşuq", "məni bağışlayın" kimi ifadələr, necə deyərlər, itinə tök. Biri köşə gətirir, biri hazır müsahibə. Bellərinə şəllədikləri etiraf torbasının içi doludur.
   Bəs bu adamlar əvvəl hardaydılar? Ləzzət elədi, tapdın. Görürəm onları yaxşı tanıyırsan. Birini Rəsul Quliyevin, o birini İsa Qəmbərin, bax kostyumun içində özünü qalstukundan asan iki nəfər var e, onları da Ayaz Mütəllibovun yanında görmüsən? Deyirəm halaldı, simalarını yadından çıxarmamsan. Nə vaxtsa papkalarını qoltuqlarına vurub, qəzetlərdən yer dilənəcəklərini bilirmişsən. Sən ağıllı adama oxşayırsan. Səhvlərini etiraf edib, prezidentin siyasətindən yapışmaq istəyənlərin axırı nə olacaq? Buyur, buyur eşidirəm.
   - Qaqaş, mən sizin kimi mədəni danışa bilmrəm. İndiyə qədər bir kitab da oxumamışam. Özüm də ki, şəhər uşağıyam. Mənim kimilərin sözlərini qəzetdə yazmazlar.
   - Söyüşlə danışırsan?
   - Hərdən olur.
   - Yox da söyüş söymə, amma nə istəyirsən denən.
   - Bax məcbur elədin ha... O adamlar var e, onlara YAP-çılar "optovoy otval" verəcək. Necə ki, Sərdar Cəlaloğlu, Tahir Kərimli, Çingiz Dəmiroğlu ortalıqda qaldı ha, şələ-şüləsini yığışdırıb, hakimiyyət tərəfə keçmək istəyənlər də potensial Sərdar, Tahir, Çingizdi. Yenə heç olmasa hərəsi bir müxalifət partiyasında gün keçirirdi, səhər evdən çıxıb, başlarını soxmağa yerləri vardı. Pulsuz çay, domino, nərd, baş qatışırdı da. İndi neyləyəcəklər? Nə atdıqları qəbul edəcək, nə tutmaq istədikləri.
   Mən kitab oxumasam da, Salamın şeirlərini dostların ağzından eşidib əzbərləmişəm. Qədeş bir şeirində deyir ki, "qorxdum yıxılmağa tutduğum yerdən". Prezidentə yarınmaq istəyənlər hara yıxılmağa qorxurdularsa, ordan tutublar. Deməli, yıxılıblar da. Haçan eşitmisiz ki, yıxılana bomba oğlan desinlər?
   Ağzımı açdırırsız. Özünü satdığa çıxaranlar lap uşaq kimi fikirləşir. Elə bilirlər ki, seçkidən sonra vəzifə alacaqlar. Hə, alassız, siz nazir kreslosunda oturassız, Əli Əhmədov partiya kreslosunda. Hər hansı məmur işdən çıxarılacaqsa, bəyəm, YAP rəhbərliyində təmsil olunanlar Sibirə gedib ki, onun yerinə sizi qoysunlar?! Yoxsa, sizin idaərəçilik metodunuz dəhşətdi, bizim xəbərimiz yoxdu...
   - Deyirsən, özlərini yandırıb da keçmiş müxalifətçilər?
   - Yandırsaydılar, nə vardı ki... Yenə uzaqdan kimsə görüb, haraylarına səs verərdi. Onlar özlərini söndürüblər.
   
   

TƏQVİM / ARXİV