hacklink Adalet.az | ACLIQ ÇƏKƏN RUSLARIN QIZIL PAROVOZLARI Adalet.az | ACLIQ ÇƏKƏN RUSLARIN QIZIL PAROVOZLARI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ACLIQ ÇƏKƏN RUSLARIN QIZIL PAROVOZLARI

("Tarix ibrət alanlar üçün dərsdir" silsiləsindən )

16212    |   2008-09-28 01:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Əvvəli ötən şənbə sayımızda)
   
   Birinci dəfə həbs olunanda 20 yaşlı Feliksə cəmi 1 il iş kəsmiş-dilər. Onu 10 rubl qarşılığında bir provokator polisə satmışdı. Sonra həbslər, sürgünlər, katorqa işgəncəsi onun həyatında adi hal aldı. Üst-üstə hesablayanda ömrünün 11 ilini cəzaçəkmə yerlərində keçirdi. Nəinki özü, həyat yoldaşı Sofya da məhbəs həyatının nə olduğunu erkən çağlarında öyrəndi. Sonuncu dəfə Varşavada həbs olunanda 23 yaşlı qız lap təzəcə gəlin getmişdi. Çarna (onun partiya ləqəbi idi E.B.) məhkəmə qərarı ilə ömürlük Sibirə sürgün edildi. Varşava məhbəslərində birində dünyaya göz açan oğlunu özü ilə qürbətə aparmaq təhlükəli olduğundan onu qohumlarının ümidinə buraxdı. Ana ürəyi qıymadı ki, soyuq şimal rüzgarları yeni doğulan körpəyə layla çalsın. Ayazlı, şaxtalı günlərdə yarı ac, yarı tox keçinən bu insanların dayağı möhkəm əqidə, sabaha inam hissi idi. Dzerjinski xatirələrinin birində yazır ki, mən Sibirdən qaçanda it dərisinə bürünmüşdüm ki, soyuqdan donmayam. İt dərisinə sığınan bu adamı bəlalardan qoruyan, əslində qəlbində məşəl tək daim yanan mübarizə əzmi, qələbə ümidi idi. Qarşıya çıxan çətinliklərdən qorxmayan, məhrumiyyətlərə dözməyə alışan, amalından dönməyən o insanların inamına, əqidəsinə, tükənməz mübarizə əzminə yalnız həsəd aparmaq olardı. Haqsızlığa qarşı mücadilə onlar üçün yaşamağın mənası idi. Həyat, dövran dözülməz həddə çatanda, zülmün sədası ərşə qalxanda zaman bu cür mətin mübarizləri yetirib meydana çıxarır ki, cəmiyyət təzələnsin, insanlar əsarətdən, istibdaddan qurtulsun. Onları yaşadan ruh nikbinliyi olmasaydı, kim dözərdi illər boyu çəkilən ağlasığmaz əzab-əziyyətlərə, saysız məşəqqət və məhrumiyyətlərə ? Daxildə bir ümid çırağı şölə saçmasaydı bu insanlar dəmir barmaqlıqlar arxasında dözülməz şəraitə, üstəlik Sibir torpaqlarının sərt iqliminə necə tab gətirərdi ?
   Yeri-yurdu bəlli olandan sonra günlərin birində poçtalyon Çarnaya ərindən kiçik bağlama gətirdi. İçində məktub, bir də kitab vardı. Feliks ona kitabı diqqətlə oxumağı tövsiyə edirdi. O, Yuzefin (Feliksin partiya ləqəbi E.B.) nə demək istədiyini anlamışdı. Üz qabığının içində ona ünvanlanan pasport gizlədilmişdi. Bu saxta sənədlə sürgündən Avropaya qayıtmaq, körpə balasına qovuşmaq gənc anaya nəsib oldu. Üç illik sürgün həyatından sonra Felikslə görüşmək yenə qismət deyildi. Həmin günlərdə xəfiyyələr onun izinə düşüb Varşavada qaldığı mənzildə həbs etdilər. Sofya balaca oğlu ilə Krakovdan Venaya, oradan da İsveçrəyə daşındı. Ailə üzvləri yalnız 8 ildən sonra bir araya gəldilər. O zaman artıq Dzerjinski ÇK-nın sədri təyin edilmişdi. Sovet hakimiyyətinin verdiyi böyük səlahiyyətlər çərçivəsində indi Feliks özü kimi istəsə həbs etdirə, məhşər ayağına çəkə, yeri gəlsə, lap canını da ala bilərdi. bilərdi. Ona təsadüfən "dəmir Feliks" demirdilər. O, çox qətiyyətli, anidən hökm çıxarmağa, qərar verməyə hazır olan bir adam idi. Deyilənə görə, günlərin birində onun iş otağına necə olursa, içkili vəziyyətdə özündən müştəbeh matros daxil olur. Danışığında və hərəkətlərində tərbiyəsizliyə yol verən bu adamı Feliks nəzakətli olmağa, ədəbli davranmağa çağırır. Məzəmmət və tənbehdən xoşlanmayan başı havalı "qoçaq" bir qədər də qızışıb ana söyüşünə keçəndə, Dzerjinski bir göz qırpımında tapançasını çəkib matrosu yerindəcə güllələyir.
   Dövrün mürəkkəbliyi, tutduğu vəzifənin ağırlığı təbiətən onsuz da sərt olan bu insanı bir az da sərtləşdirmiş, bir az da qaraqabaq və bir qədər də zalım etmişdi. Dzerjinski Fövqəladə Komissiyanın yaradılmasında, onun bir qurum kimi sağlam və möhkəm təməl üzərində formalaşmasında, sonrakı inkişafında əvəzsiz xidmətlər göstərib. Təhlükəsizlik orqanlarında vahid təhsil, tərbiyə, peşəkar hazırlıq sisteminin yaradılmasını da mütəxəssislər bilavasitə onun adı ilə bağlayırlar. İyirminci illərdə ilk kövrək addımlarını atan Sovet hökuməti bu təşkilatın hesabına daxili əksinqilabı qüvvələri, xaricdən müdaxilə hallarını dəf edərək yetmiş il ömür sürdü desək, bəlkə də yanılmarıq. O vaxt bəzi rəhbərlər bu təşkilatın sürətlə böyüdüyünü və gücləndiyini görüb səlahiyyətlərinin bir qədər məhdudlaşdırılmasını tələb edirdi. Dzerjinski həmişə kəskin şəkildə belə fikirlərin əleyhinə çıxardı. Bu təşkilatın öz vəzifə səlahiyyətlərini aşdığını söyləyənlərə onun bir cavabı vardı: "o yerdə ki, proletariat kütləvi terror aksiyaları həyata keçirir, orada satqınlıq hallarına rast gəlinmir. Bu üzdən məhkəmə qərarı olmadan yerindəcə sorğusualsız güllələmə ixtiyarını ÇK üçün son dərəcə zəruri sayardı". Dzerjinski bəzən günahsız insanlara qarşı törədilən haqsızlıqlara yol verildiyini də inkar etmirdi və hər kəsi buna anlayışla yanaşmağa çağırırdı. Axı, zarafat deyil, 1917-ci ilin payızında dünya məhvərindən oynamışdı. O da Leninlə eyni fikirdə paylaşırdı ki, qoy rus xalqının 90% qırılsın. Təki, sağ qalacaq 10% insana dünya inqilabını görmək nəsib olsun. Obrazlı şəkildə deyilmiş olsa da, bu sözləri dilə gətirən insan sadə zəhmətkeşlərin dəstəyinə hər addımda ümid bəsləyirdi. Hüquq-mühafizə orqanlarına əhalinin etibarı artsın deyə, bəzi qərarlar, yeni qaydalar işlənib hazırlanmışdı. Daxili İşlər Xalq Komissarlığının xidməti tövsiyələrinin birində bi sözlər yazılmışdı: "elə etmək lazımdır ki, milis nəfəri deyəndə, əhalinin təsəvvüründə yalnız sağlam əqidəli, təmiz vicdanlı, ədalətli, davranışında mədəni və nəzakətli, vəzifə borcuna sadiq bir qanun keşikçisinin obrazı canlansın." Bu nadir keyfiyyətləri ilk növbədə tərəddüdsüz Dzerjinskinin özünə şamil etmək olardı. Bəlkə elə bu səbəbdən Vladimir İliç Lenin eyni vaxtda bir neçə yüksək vəzifəni ona tapşırmışdı. Daxili İşlər Xalq Komissarı, Nəqliyyat üzrə Xalq Komissarı, ÇKnın sədri, SSRİ Xalq Təsərrüfatı Ali Şurasının sədri. Bundan əlavə, partiyanın Mərkəzi Komitəsinin, neçəneçə komissiyanın, işçi qrupun tərkibində də fəaliyyət göstərərdi. Mənim zənnimcə onun ən böyük xidməti tüfeyli həyat tərzi sürən kimsəsiz uşaqların əlayağının yığışdırılması oldu. İyirminci illərdə küçələr kimsəsiz uşaqlarla dolmuşdu. Ac-yalavac adamdan hər nə desən gözləmək olardı. Natəmizlikdən sir-sifəti qatmaq bağlayan azyaşlılar asanlıqla cinayətkarların toruna düşürdülər. 1921-ci ildə hökumət vəziyyətin daha da mürəkkəbləşəcəyindən ehtiyatlanıb uşaq evlərinin, əmək kommunalarının yaradılması barədə qərar qəbul etdi. Bu məsələnin Dzerjinskiyə həvalə olunması da təsadüfi deyildi. Çünki, vəziyyət həqiqətən fövqəladə hal almışdı. Düşmənlə vuruşmaq, quldur-qaçaqlara atəş açmaq, əksinqilabçıları edam etmək o qədər də çətin deyildi. Ailə tərbiyəsindən, təhsildən uzaq düşən uşaqların, yeniyetmələrin sosial təhlükəyə çevrilməsi kimi böyük bəlanın qarşısını almaq daha mürəkkəb məsələ idi. O, belə düşünürdü ki, əhalinin ümumi maddi-rifah halını yüksəltmək, ölkədə dağıntıların nəticələrini aradan qaldırmaq, maaşları yüksəltmək, məhsulun maya dəyərini aşağı salıb, sənaye müəssisələrinin istehsal gücünü artırmaq, cəmiyyətdə ictimai nəzarəti və vətəndaşın fərdi məsuliyyətini gücləndirmək hesabına cinayətkarlığın qarşısı xeyli alına bilərdi. Azyaşlılar arasında hüquq pozuntuları isə tüfeyli həyat tərzi sürənlərə diqqəti artırmaqda azala bilər, deyirdi. Dzerjinskinin təşəbbüsü ilə 1921-ci ilin yanvar ayının 27-də yaranan Uşaq komissiyası öz fəaliyyətini məhz bu istiqamətdə qururdu. Təsadüfi deyil ki, həmin uşaq evlərində, əmək kommunalarında sonralar neçə-neçə alim, ziyalı, əmək və müharibə qəhrəmanı, sənət adamı yetişdi. İndi Bakı küçələrində dilənməklə, bazarların girəcəyində xırda alverlə, maşın şüşələri silmək, təkər qaraltmaqla məşğul olan azyaşlıları görəndə düşünürəm ki, bu hallara qarşı qəti tədbir görən niyə tapılmır? Təhsil, Daxili İşlər , Gənclər və İdman, Fövqəladə hallar nazirliklərimiz var ikən nəzir yığan sahibsiz uşaqlar Bakı küçələrində niyə meydan sulayır? Hərdən mənə elə gəlir ki, tüfeyli həyata sövq edilən bu adamları kənardan idarə eləyən mütəşəkkil dəstələr var. Onların öz maliyyə planları, marşrut cədvəlləri, irəliyə hesablanmış siyasi və iqtisadi hədəfləri də mütləq vardır. Amma, indi təqvimdə iyirminci əsrin iyirminci ili yox, iyirmi birinci əsrin birinci onilliyidir. Azyaşlıların tüfeyli həyat tərzinə biganə qalmağa əlaqədar təşkilatların haqqı yoxdur. Görünür, bir Dzerjinski də biz tapmalıyıq ki, bu işlərin öhdəsindən həm ağıl, həm qətiyyətlə gəlsin. Çünki, sonra gec ola bilər...
    * * *
   Birinci Dünya savaşından, Vətəndaş müharibəsindən qurtulan Rusiya indi də ərzaq çatışmazlığı ilə üzləşmişdi. İyirmidən artıq quberniya hər gün ölümlə üzləşirdi. Qəribədir ki, kifayət qədər qızıl ehtiyatları olan Rusiya taxıl qıtlığının qarşısını vaxtında ala bilmədi. Bəs, niyə tədbir görülmürdü? Axı, bu haqda hökumət üzvləri, dövlət başçıları dəfələrlə xəbərdar edilmişdi. Yerlərə ezam edilən ərzaq desantının silah, hədə-qorxu gücünə qolçomaq və ortabab kəndlilərdən taxılı zorla qoparması problemi əsaslı şəkildə həll etmirdi. Kim ki, bir-iki çuval taxılı qış ehtiyatı olaraq evində saxlamışdı, başına min bir oyun açırdılar. Əsl qara günün nə olduğunu əli silahlı bolşevik qardaşlar kənd camaatına tüfəngin qundağı ilə başa salırdı. Bəs, ölkənin qızıl ehtiyatları nə vaxt işə yarayacaqdı? Axı, dünyada ilk proletar dövlətinin milyonlarla fəhlə-kəndli vətəndaşı acından küçələrdə can verirdi. Məgər "bütün hakimiyyət Sovetlərə" deyən xalqın tələbi ilə qurulan xalq hakimiyyəti hakimiyyətə gələndən sonra sarı qızıl bu şüarları səsləndirən, yeni quruluşun yolunda qan tökən qırmızı bacı-qardaşlardan qiymətli oldu? Yoxsa, yeni dövlət naçar günlərində çarlardan qalan sərvəti toxunulmaz elan edib, gələcək nəsillərə miras saxlamaq fikrinə düşmüşdü ? O illərin arxiv sənədləri arasında aşkarlanan qəribə faktlara rast gəldim. 1921 ci ildə cəmi 40 parovoz istehsal edən bir xarici şirkətlə 1000 ədəd parovoz sifarişi barədə müqavilə imzalanmışdı. Həmin sənəd əsasında qızıl pulla 15 milyon rubl ilkin ödəmə aparıldı ki, xarici sahibkar öz istehsal həcmini artırmaq üçün əlavə avadanlıqlar alıb, fəaliyyətini genişləndirsin. Halbuki, Rusiyanın özündə kifayət qədər parovoz istehsalçıları var idi. Zavod-fabriklər aylarla işsiz qaldıqlarından fəhlələrə vaxtında maaş ödəyə bilmirdi. Sinfi düşmən dedikləri kapitalistlərin cibinə axıdılan milyonlarla yerli istehsalı gücləndirmək, inqilabın aparıcı və həlledici qüvvəsi olan fəhlə sinfini yoxsulluqdan qurtarmaq daha məntiqli olmazdımı? Məgər dünya proletariatının "dahi" rəhbəri Vladimir İliç Lenin bunu dərk etmirdi? Bəlkə bu cür sövdələşmələrdən onun xəbəri yox idi? Bilməyənlərə söyləyim ki, təkcə parovoz kontraktı nə az, nə çox, düz iki yüz milyon qızıl rubla bağlanmışdı. Qızıl pulla bu qiymətə qızıl parovoz almaq olardı.
    ( ardı var )


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-12-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (86.36%)
Pullsuz (13.64%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK