Neft qaldıqca qızıla dönər

ETİBAR CƏBRAYILOĞLU
42078 | 2008-09-20 02:33
"Neftçi" isə autsayderə
   
   Bayramdan bol təqvimimiz bu gün də boş deyil. Bu gün neftçilərimizin peşə bayramıdı. Nə qədər ki, başım köşəyə qarışmayıb fədakar neftçilərimizi təbrik edim. Başım qarışandan sonra aranı dağa, dağı arana qatacağam, bayram da yaddan çıxacaq. Neft sahəsində çalışan insanları ürəkdən təbrik edirəm, onlar ən xoş sözlərə layiqdi.
   Təqvimdəki günümüz qəhrəman neftçilərimizə həsr olunsa da əslində bu bayramı böyükdən kiçiyə hamımız qeyd edə bilərik. Bu cümləni yazanda əlimdə Xəzərin dibini dəlib-deşən arqument var. Neçə əsrdi dünyanın istənilən nöqtəsində neft deyəndə Azərbaycan, Azərbaycan deyəndə neft başa düşülür. Tarixdə çox adamlar bal tutmaq üçün barmaqlarını bizim neftə batırıblar. Amma... Bir vaxtlar ingilislər öz əsgərlərinə şortik geyindirib Bakıya göndərdilər ki, London camaatı bolluca neft görsün. Lakin arzuları ürəklərində qaldı. Lenin hakimiyyəti ələ keçirən kimi işini-gücünü atıb Azərbaycan nefti barədə düşünməyə başladı. Zalım balası elə bilirdi ki, neftimiz arvadı Nadejdanın cehizidi. Elə o boyda Hitlerin evini Bakı nefti yıxmadı?
   Bu gün hamımız neftlə nəfəs alırıq. Körpülərimiz neftdən tikilir, yollarımız neftdən çəkilir, başı buludlara çatan göydələnlərimizin bünövrəsində neft var. Neft qaraldıqca Bakının üzü ağarır. Hələ mən müğənnilərimizi demirəm. Bəziləri ağzını açan kimi başa düşmək olur ki, repertuarından neft iyi gəlir. Müğənnilərdən söz düşmüşkən, Üzeyir Hacıbəyovun adını Bakı Musiqi Akademiyasına qaytarmaq yenə yada düşmədi. Əvəzində Faiq Ağayev, Aygün Kazımova, Nazpəri Dostəliyeva xalq artisti oldular.
   Burası gözəlim Azərbaycan olduğundan futbolumuz da neftin içindədi. "Neftçi" komandası hələ sovetlər vaxtından neftlə top-top oynayır. O zamanlar başqa klubumuz olmadığından hamımız gecə-gündüz "Neftçi"yə azarkeşlik edirdik. Elə mən özüm bu klubun heyətində kimlərin oyununu görməmişəm... Adlarını yazsam böyük siyahı alınar. İndi klublarımız çoxalıb, amma hamımızın ürəyində flaqman kimi "Neftçi"yə yer var. Düzdü, komanda autsayderdi, yeni mövsümdə oyunu hələ ki, alınmır. Baş məşqçilər iki-üç aydan bir dəyişir. O gün "Futbol+" qəzetində oxuculardan birinin məktubunu dərc etmişdilər. Həmin oxucu qardaşımız məşqçiləri qarpıza bənzədirdi. Yazırdı ki, qarpızı da alanda bilmirsən necə çıxacaq. Həmin oxucudan fərqli olaraq, mən inanıram ki, yeni dəvət olunan alman məşqçi Gede vəzifəsindən tez getməyəcək, "Neftçi"ni uğurlara daşıyacaq. Düzdü, neftimiz dənizin dibindədi, amma bu o demək deyil ki, "Neftçi" turnir cədvəlinin dibində olmalıdı. Bəziləri kluba yeni titul veriblər, deyirlər ki, "Neftçi" xalq komandasıdı. Ay başınıza dönüm, xalqın özünün nəyi var ki, komandası da olsun...
   Yaxşı ki, yazının əvvəlində fədakar neftçilərimizi bayram münasibəti ilə təbrik etdim. Yoxsa bəzi məsələlər üzündən qanım qaralacaqdı. Bir də görəcəydim ki, bayram təbriki yadımdan çıxıb. Sonra da qara qızıl ustalarının yanında üzüm qara olacaqdı.
   Tanrı hamımızı qara nefti bol olan məmləkətin üzü qara vətəndaşı olmaqdan qorusun!
   
   

TƏQVİM / ARXİV