SƏBRLİ OLSAN...

FAİQ QİSMƏTOĞLU
32347 | 2014-12-31 02:56
...Ondan gözəl nə ola bilər? Hətta "Qurani-Kərim"də buyrulur ki, səbrli insan Allah-Təalaya ən yaxın olanlardandır. İndi siz görün səbrdən gözəl heç nə yoxdur. Adam əsəbləşəndə, özünü cilovlaya bilməyəndə və ən nəhayət, səbr kasası daşanda o həddə çatır ki, özünü idarə edə bilmir və nəticədə ya ağzından söyüş çıxır, ya da əlindən bir xəta baş verir...
Hamını xətadan uzaq olmasını arzulayırıq. İnanın, insan bir saniyə, bir dəqiqə özünü saxlaya bilsə çox böyük fəlakətlərdən və faciələrdən qurtulmuş olar. Nə yazıqlar ki, biz bu məqamlarda, bu anlarda və bu saatlarda səbrimizi basa bilmirik və bir də görürsən ki, əlimizdən bir xəta çıxdı...
İnsanın qəlbinin dərinliyində çox sirlər yatır. O sirləri oyatmaq və tərpətmək üçün bir də görürsən ki, kimsə sənin qəlbini ələ almaq istəyir. Və heç kimə açmadığın ürəyini, qəlbini onu açıb danışmaq istəyirsən. O da səbrlə səni elə dinləyir ki, ömründə onun qədər özünə yaxın ikinci bir insan hiss eləmirsən. Çünki axı biz bir-birimizə qarşı çox soyuqqanlı və qəddarıq. Yaralı qəblərə, yaralı ürəklərə məlhəm qoymaqdan çox, hansısa tikanlı sözlə, ağır ifadələrlə uzun illər ürəklərdə qaysaq bağlamış o yaranın gözünü qoparmağa çalışırıq.
Bir də görürük ki, qarşımızdakı yaxın dostumuzun, qardaşımızın sifəti göydəki bulud kimi qapqara qaraldı. Qapqara qaralsa da, özünü sındırıb bir şey demir və kədərli baxışlarını sənin çöhrənə zilləyir. Bu baxışdan isə çox şey hiss etmək mümkündür; qəlbin dərinliyindəki dərdləri, əlacı olmayan qayğıları və ən nəhayət, sabaha ümidsiz baxan çırpınan ürəyi.
... Çırpınan ürəklər o qədərdir ki?! Adam belə baxanda fikirləşir ki, qarşıdakı insan çox xoşbəxt və firavan bir ömür yaşayır. Amma bir balaca səbrli olub onunla bir kəlmə kəssən, yaxud da ürəyinə yol tapa bilsən görərsən ki, yox ey, vallah, həmin adamın dərdi çox böyükdür. Sadəcə olaraq, özünü sındırrmaq istəmir və çəkdiyi dərdlə kimisə yükləməkdən uzaqdır. Belə insanlar heç vaxt dərdlərini kiməsə deməzlər. Susarlar, susarlar və axır günlərin birində də infarkt keçirərlər...
Yaxın bir dostumuz vardı, Allahın dərgahına qovuşub. Bilirdim ki, çox böyük qəmin, kədərin və dərdin içindədir. Ancaq bir kəlmə də bizimlə görüşəndə dərdini deyib ovqatımızı korlamazdı. Əksinə, həmişə gülərdi, danışardı və çoxlu da lətifələr danışardı. Rəhmətlik deyərdi ki, mənim qədrimi mən olmayandan sonra bilərsiniz. Elə də oldu. Onu itirəndən sonra bir daha o oğlanın, dostumuzun nə qədər böyük ürək sahibi olduğunu hiss elədik. Bütün dərdi, kədəri içinə atıb aranı dağa, dağı da arana apararmış. Amma bir balaca səbri olmadı. Səbri olsaydı bəlkə də bu tezliklə dünyasını dəyişməzdi. Görünür, onun da taleyinə qəmli və kədərli bir ömür yazılıbmış.
Biz tez-tez yazımızın əvvəlində qeyd elədiyimiz kimi özümüzdən çıxırıq. Evdə ailəni, uşağı, çöldə, bayırda dostları, tanışları çılğınlığımızla boğaza yığırıq. Hamı bizə güzəşt edir, loru dildə demiş olsaq yola verir, amma biz özümüz kimisə yola vermək istəmirik...
Bir dəqiqə əlinizi saxlayın! Saxlaya bilirsinizmi? Bilmirsinizsə, bir az özünüzdə cəsarət, dözüm və səbr tapın. Əgər bunları özünüzdə tapa bilsəniz, inanın, həyatın çox burulğanından, leysanından, yağışından, selindən, zəlzələsindən, vəlvələsindən qurtarmaq olar. Bir dəqiqə əlinizi saxlasanız və səbr eləsəniz, böyük bəlalardan, qanlardan və davalardan xilas olarsınız. Bir az əlinizi saxlasanız və səbrli olsanız, başınız həmişə salamat olacaq...



TƏQVİM / ARXİV