adalet.az header logo
  • Bakı 6°C
31 Dekabr 2014 02:55
71177
ƏDƏBİYYAT
A- A+

Kimin gələ bilər ki,


Kimin gələ bilər ki,
Qədəri məndən yaxşı...
Kim tanıya bilər ki -
Kədəri məndən yaxşı...

Dan süzülür gözümdən
Sübh alışır közümdən...
Duyan varmı özümdən -
Betəri məndən yaxşı...

Söz məndəndi, dil səndən
Gün görürəm - il səndən!
Ölən olmaz bil, səndən -
Ötəri, məndən yaxşı...

***
Sən unut
hər şeyi
sil yaddaşından
hətta
dünəni də -
heç nə saxlama
və bir də
bu günü olmayan
sevginin
nəyi qala bilər ki
axı dünənində...
göz yaşından,
ahdan başqa
deməli
biz birlikdə
heç nə qazanmamışıq
bu həyatda
günahdan başqa!..

***
Səndən danışıram öz ürəyimlə
Heç kim bilmədiyi sirr puçurlaryır...
Sözümü yarıda kəsir ürəyim -
Birdi O, birdi O, Bir, pıçıldayır...

Gözümdə bu dünya çənə bürünür
Özü öz babına - tənə bürünür...
Ürəyim tül kimi sənə bürünür-
Qulağım xəfifcə, pir! - pıçıldayır...

Azalır elə bil əvvəlki ülfət
Təklik tuş gələndə qol açır xiffət.
Baxıb dörd divara şair Əbülfət -
Kövrəlmə, ay qoca şir!,- pıçıldayır...

***
Ömrün yarısı ölüb,
Qalıb diri yarısı.
Görüm elə boş qalsın,
Bu qəbirin yarısı.

Nə su, nə dəmiryolu,
Nə od, nə kömür yolu.
Mən keçən ömür yolu -
Bir sətirin yarısı.

Hər yan qəbir quyusu,
Dolmur səbr quyusu.
Dünya bir sirr quyusu-
Biz - o sirin yarısı.

***
Tüstüləndi
tüstüləndi
axır ki, yandı
demək,
tüstülənən zaman
yanacağına inandı -
bu ocaq...
Və mən də
yanan ocağa
baxa-baxa
düşündüm ki,
arxada qalan
əlli beş il
sən demə
bir andı -
ötüb, gedib
içində də
olmuşlar və olacaq
indi
tüstülənən o ocaq
sönəndə
bircə özüm bilirəm
nə olacaq!..


***


Barmağının ucunda
Bir damla su çilədin
Atəşimin üstünə...
Sönmədi
Söndürmədi -
Əksinə,
Daha da alovlandı
Və hər tərəfdən
Göründü
Bu atəş -
Dəli kimi
Necə sarılır tüstümə...
Bax sən isə
Heç vaxt ürəkdən
İstəmədin-
Odur ki,
Toparla özünü
Göstər ki, sən atəşsən! -
Atəş söndürən deyilsən...

***
Məni
əfv edə bilsən
sevinmərəm...
məni
dəfn edə bilsən
sevinərəm...
təzad axatrma
burda
amma bil ki,
əfvlə dəfnin arasında
mənim
o qədər
günahlarım var ki,
onlar
əfvə düşmür
heç bir qanunla!
Odur ki,
imkan düşən kimi
məni dəfn et -
elə bütün günahlarımla!
sənin də adın
təmizə çıxsın...

***
Peşman olmuşuq
ikimiz də
qaytarmaq istəyirik
dünəni...
ancaq
gücümüz çatmır
kimsə də
əl atmır
kömək üçün...
eşidən yoxdu
nə səni,
nə məni
eləcə
gözümüzün dibində
ürəyimizin
görünməyən küncündə
gizlincə
ağlayırıq -
içimizdə öləni...
neyləyək
geri qaytara bilmirik
ikimiz də
dünəni!..

***
Unudulmuş adayam
Nuhdan qalmış adamam...
Səsəm, həm də sədayam-
Ölüb dirilənəcən...

Haqqımı haqsız yeyəcək
Haqqımda çox şey deyəcək...
Amma dizinə döyəcək-
Ölüb dirilənəcən...

Bilirəm vaxtsız solmaram
Səbəb olmasa dolmaram...
Qoltuq adamı olmaram-
Ölüb dirilənəcən...

Yoxdu umduğum, küsdüyüm
Yaşla bağlıdı süstlüyüm...
Dəyməz kimsəyə pisliyim-
Ölüb dirilənəcən...

Daşı əzib əridəcəm
Ürəyimi kiridəcəm...
Mən kölgəmi yeridəcəm-
Ölüb dirilənəcən...

***
Sən bir səhər oyanıb
Yanını boş görəndə
Bir kənara atılmış
Balışı daş biləndə -
hönkürmə...
Soyutduğun hissləri
Öldürdüyün ümidi
Sakit qoyub qarşına
Dindirməyin yeridi! -
hönkürmə...

Üz çevirib yatdığın
Gecələri xatırla...
Varlığın unutduğun
Sevən əri xatırla -
hönkürmə...

Sən özünü toparla
Başdan başlamaq üçün...
Sənə sevgi gərəkdi
Sevgi! - Yaşamaq üçün -
hönkürmə...

***
Eh,
yenə də
alınmadı səndə
doğulmadı
vaxtında, vədəsində...
eləcə
bəlli günlər qalmış
öldü bətnində
doğum kağızı əvəzinə
ölüm kağızına
dərd atası kimi
yazıldı
adım mənim də!..
başımız sağ olsun...

***
Dərdin
böyüyü, kiçiyi
olmur...
dərdin
ölçü vahidi
ürəyin tutumudu -
dərd
dadı damağımdan
ağrısı canımdan
heç vaxt getməyən
bir
meyvə tumudu!..

***
Sən
təəssüf etmə
heç nəyə
nəsə
baş veribsə -
demək
gərəkdi!
Və əslində
mənə görə
tale özü də
bir növü çörəkdi...
kim necə bacarırsa
o cür də
qazanır,
həzm edir...
Bax,
həmin o zamanın içində
hər şey -
hətta ömür də
əriyib gedir...
Sən
təəssüf etmə
olanın,
gedənin
arxasınca
bir iynə ucu boyda belə
getmə!..
hələ
özünü toparla
"əlvida!" söylə
düşünülmüş şəkildə
bilə-bilə...

***
Səhərin yuxusunu
Ərit kirpiklərində...
Axıtma göz yaşını-
Kirit kirpiklərində...

Yaddaşına işıq sal
Xatirələrlə danış...
Onda bu şəhər sənə -
Tanış gələcək, tanış...

Neçə tini, döngəni
Adbaad sayacaqsan...
Xəzərin pıçıltısın -
Yaxından duyacaqsan...

İşıqforda dayanan
Dilənçi qadın belə
Düşəcəkdi yadına-
Düşəcək çox şey hələ!..

Arxadakı zamanı
Xatırlamaqla dirilt!
Özün kiridiyin tək-
Gülüm, məni də kirit!..

***

İçini didəndə xatirələrim
Soyuq baş daşını
Qucaqla, ağla...
Gizlədib hamıdan göz yaşlarını
Çəkil bir bucağa -
Bucaqda ağla...

Üstünə bir bəlli tarix yazdığın
Şəkillər içindən kəsib, asdığın
O şəxsin həniri hopmuş yastığın
Ətrindən məst olub-
O çağla ağla...

Özündən uzaq tut qəmi, xiffəti
Unut ayrılığa olan nifrəti...
Dəfn elə, biryolluq sən Əbülfəti-
Onun yandırdığı ocaqda ağla...

***
Elə istəyirəm ki,
buludsuz
şimşəksiz
günəşin
yandırdığı vaxt
qəfil bir yağış yağa -
odla su qovuşa!..
günəş də çaşa
yağış da çaşa
və hər ikisi
bir-birinə
baxa-baxa
səssiz
sözsüz ayrılag
Bir də
nə vaxtsa
görüşmək
ümidiylə...
Bilmirəm
niyə içimdən
keçir
bu istək
Amma
doğrudan da
belə istəyirəm, belə...

***
Gözümü qırpıram
dan sökülmür
üstümü çırpıram
un tökülmür
amma
dəyirmançı deyirlər
qarşılaşanda mənəg
Dərd üyüdüb
qəm kiritdiyim,
vüsal axtarıb
həsrət böyütdüyüm -
açıqca görünür
hər kəsə,
həm də sənə!..
heç kimdən incimirəm
heç səndən də!
incimərəm
çəkinmədən
sən də mənə
dəyirmançı desənə!..

***
Sakitləşdirmə məni
qoy yansın ürəyim
yansın hislərim,
yansın duyğularım,
yansın xatirələrim,
yansın yuxularımg
Sakitləşdirmə məni
ovutma, təsəlli vermə
heç necə yandığımı da
hiss etmə, görmə
və sadəcə
oturduğun kimi otur
baxdığın kimi bax
və sən də
yanan bir şamın
işığında dua et!
Dua et ki
necə yandığımı,
niyə yandığımı
və yana-yana da ağladığımı
Allahdan və səndən başqa
kimsə bilməsin.
birdən bilərlər
və məni dəli hesab edib
dəlinin ağlamağına gülərlər!..

***
Öz-özündən qorunub
Ruhum candan sorulubg
Bir cümlədə yorulub -
Bir sözdə də əridimg

Quru canım, yaş adım
Çalışdım ki yaşadım!..
Mən bir gözdə yaşadım -
Bir gözdə də əridimg

Yuxularda ucaldım
Yuxularda qocaldımg
Mən bir "döz"dən güc aldım -
Bir "döz"də də əridim.