Bakıda erməniyə heykəl ucaldaq!

ETİBAR CƏBRAYILOĞLU
42973 | 2008-09-13 00:13
Əvvəlki zamanlar olsaydı indi Bakıda aləm qarışmışdı. "Ədalət"in oturduğu binanın qarşısında piket keçirilirdi. Bakıda vəhşi və işğalçı erməniyə heykəl ucaldılmasını təklif edən qəzeti bağlamaq tələbi bütün Yasamalı bürümüşdü. QAT-ın üzvləri şəhərin beş-altı yerində aclıq aksiyası keçirir, yazı müəllifinin cəzalandırılmasını istəyirdilər. Mobil telefonuma hədə dolu zənglər gəlməkdəydi.
   Lakin indi bunların heç biri olmayacaq. Çünki artıq başqa zamandı. Bunun yaxşı, yoxsa pis olmasını deyə bilmərəm. Üz vurmanızı, israr etmənizi istəmirəm. Mənlik deyil, vəssəlam.
   Gündən-günə, həftənin bəzi günlərində hətta saatbasaat gözəlləşən Bakımızda erməniyə abidə ucaldılması təklifimdə isə israrlıyam. Bəri başdan deyim ki, paytaxtımızın mərkəzi hissələrinin birində görmək istədiyim həmin heykəl nə Şaumyanın, nə də Osipyanın olacaq. Təklif edirəm və istəyirəm ki, bizim Bakıda Ter-Qevondyana heykəl ucaldılsın.
   Düzdü, köpək uşağının soyadı populyar deyil. Ona görə də təklif yiyəsinin bir balaca şərhinə ehtiyac var.
   Ter-Qevondyan bəstəkar olub, opera-zad qaralayıb. Azərbaycan Dövlət Konservatoriyasının rəhbəri maaşını da alıb. Hətta o qədər qudurub ki, Üzeyir Hacıbəyov kimi dahi bəstəkarın, Azərbaycan tarixində müqayisəyə gəlməz işlər görən bir insanın Konservatoriyadakı vəzifəsindən azad olunması barədə əmr imzalayıb.
   "Ədalət"in sadiq oxucularının yəqin ki, xatirindədi. Müstəqil jurnalist Ariz Abduləliyev bu günlərdə həmin erməninin şərəfsiz əməlləri barədə tutarlı bir yazı dərc etdirmişdi. Ariz bəy həmin yazıda əsl ziyalı mövqeyi göstərərək dahi Üzeyir Hacıbəyovun adının Bakı Musiqi Akademiyasına qaytarılmasının vacibliyini vurğulayırdı. Ziyalının, əli qələm tutan insanın əlindən bundan başqa nə gəlir, gücü nəyə çatır ki? Mən isə təklifimdə yenə israr edirəm. O zaman Üzeyir bəyi işdən azad edən Ter-Qevondyana Bakıda heykəl qoyulsun! Savaşmıram, mitinq keçirmirəm, təklifdi də edirəm. Yazı-pozu adamının əlindən başqa nə gəlir, gücü nəyə çatır ki? Üzeyir Hacıbəyovun adının Bakı Musiqi Akademiyasına qaytarılması təklifi ara-sıra səslənib, yenə səslənməkdədi. Amma hələ ki, bu işin rəsmi tərəfi həll olunmayıb. Yəqin nəsə bir çətinlik var, bizim də bu həmin çətinlikdən xəbərimiz yox. Sözün açığı, bu işin Üzeyir bəyə nə istisi var, nə də soyuğu. Ad bəyə deyil, bizim özümüzə lazımdı. Nə isə...
   Mən də hiss edirəm ki, bu məsələdə çətinlik-filan olduğundan başqa bir işin həllinə nail olmaq daha yaxşıdı. Yəni Hacıbəyovun adını bərpa etməkdənsə erməni köpəy uşağı Ter-Qevondyana heykəl ucaldaq. Bir vaxtlar Üzeyir bəyin özü demişkən, o olmasın, bu olsun. Özü də bu məsələ nə qədər tez həll olunsa bir o qədər yaxşıdı. Çünki Üzeyir Hacıbəyovun doğum gününə sayılı günlər qalıb. Sentyabrın 18-i Bakıda həm də Musiqi Günü qeyd olunacaq. Üzeyir bəyin Fəxri Xiyabandakı məzarı yad ediləcək. Adsız Bakı Musiqi Akademiyasının qarşısındakı heykəli önündə tədbir keçiriləcək.
   Fikirləşməyə, seçim etməyə çox az vaxtımız qalıb. İki çətin işdən ən rahat başa gələnini həll etməliyik. Ya erməni dığası Ter-Qevondyana Bakıda heykəl ucaltmalı, ya da Üzeyir Hacıbəyovun adını Bakı Musiqi Akademiyasına qaytarmalıyıq!
   Tərslikdən bu dəfə də vaxt bizim əleyhimizə işləyir...
   
   

TƏQVİM / ARXİV