çarə qaldı Buz gələnə...

ETİBAR CƏBRAYILOĞLU
39212 | 2008-09-06 13:53
Yay qurtarmağa macal tapmamış qonaqların biri gedir, biri gəlir. Gələnlərin də hamısı elə bilir bizim tərəflərdə yel əsib qoz tökülür. Daha bilmirlər ki, şəkərin özü bir yana, onun tozu da bahalaşıb. Kimi də dindirirsən, deyir qiymətin bahalaşması Gürcüstandakı vəziyyətə görədi. Şəkər tozu satan da, bu sahəyə cavabdeh olan dövlət məmuru da eyni xor dərnəyinə gediblərmiş kimi Tiflisi, Batumini, Qorini yada salırlar. Dövlət məmurlarını haradasa anlamaq olar, amma şəkər tozu satanları heç cürə başa düşə bilmirəm. Hər gün bir-iki vaqon şəkər tozu satırlar, dillərindən bir dənə də olsun şirin söz eşidilmir.
   Bütün informasiya agentliklərindən operativ işləyən qonşumuz deyir ki, qiymətləri qaldıranların bəhanəsi kəsiləcək. Daha heç kim "Gürcüstanda vəziyyət xarab olduğundan qiymətləri qaldırmışıq"-deyə bilməyəcək. Çünki Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Dik Çeyni rusların acığına özü Tiflisə getdi. Qonşum bir vacib məsələni deməsə də, öz qanacağıma nə gəlib, bilirəm ki, Çeyni Gürcüstana uçmaq üçün əvvəlcə bizim tərəflərə gəldi. Qurban olduğum məmləkətim belədi, Amerikanın da bizə işi düşür.
   Hər gün telekanallarda regiondakı siyasətdən millətə dərs deyən stomatoloq-politoloqlar qədər bilməsəm də, özümə görə politologiyadan anlayışım var. Amerika Birləşmiş Ştatlarında vitse-prezidentdən səlahiyyətsiz adam yoxdu. Bu günə qədər həmin postu tutanlardan heç biri bir adamın yanan barmağına tüpürməyiblər. Dik Çeyni hərdən özü də bekarçılıqdan bezir. Bütün günü kabinetdə oturub televizora baxır, qəzetlərdə tanışlıq elanlarıyla tanış olur. Görəndə ki, rəngbərəng telefonlarına saatlarla zəng edən yoxdu, dərindən köks ötürüb əl atır ağ varağa. Başlayır şeirdən-poemadan qoşmağa:
   
    Saqqız çeyniyə-çeyniyə
    Çeyni girdi kabinetə.
    Saqqız çeyniyə-çeyniyə
    Çeyni çıxdı kabinetdən.
   
   Bir yandan baxanda onu da qınamalı deyil. Bekarçılıq çox pis şeydi. Bizim tərəflərdə camaatın tən yarısı elə bekarçılıqdan şair - yazıçı olur. Dik müəllim həm də bir məsələyə görə narahatdı. Nə olsun ki, Buşun müavinidi, Kondaliza Raysı ondan daha çox tanıyırlar. Bu dəqiqə Bakıda istənilən taksi sürücüsünə "Dik Çeyni kimdi?"- deyə soruşsan, səni tərs-tərs süzəcək. Amma narahat olmağa dəyməz, həmin dəqiqə Kondaliza Rays barədə soruşun. Əmin olun, sürücünün üzünə təbəssüm qonacaq. Bəs nə bilmisiz, qadın böyük qüvvədi! Özü də necə qadın - şokolad kimi...
   ABŞ-ın bekarçılıqdan darıxan vitse-prezidenti Dik Çeyni əvvəlcə biz tərəflərə, sonra Tiflisə, oradan da Kiyevə uçdu. Yenə heç kimin yanan barmağına tüpürmədi. Qonşumuzun da şəkər tozunun ucuzlaşacağına bağladığı inamı öldü. Yenə çarə qaldı Buş gələnə. Stomatoloq-politoloqlar da deyirlər ki, Buş buralara gəlsə, bəlkə qiymətlər ucuzlaşa. Tərslikdən də biz tərəflərdə qış Buşdan tez gəlir...
   
   

TƏQVİM / ARXİV