adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

TEZ-GEC BüTüN SANDIQLAR AçILIR...

21204 | 2008-09-06 13:53
S.M.Kirov sovet rəhbərliyində yeganə adamdır ki, ölümü ilə bağlı söz-söhbət Tanrının ona bəxş etdiyi ömür payı 1934-cü ildə yarımçıq tamamlanandan ta indiyədək davam edir. Bu günə kimi qətlin necə və nə səbəbdən baş verməsi tam dəqiq məlum deyil. Bu məsələ üzərində müxtəlif vaxtlarda nəinki hüquq-mühafizə orqanları, hətta ölkə başçıları Stalin, Xruşşov, Qorbaçov da şəxsən baş sındırmışlar. Məlum olduğu kimi, ayrı-ayrı vaxtlarda bir neçə səlahiyyətli komissiya yaradılıb, araşdırmalar aparılıb, ümumilikdə altı fərqli səbəb irəli sürülüb. Nəhayət, 1990-cı ildə Rusiya Federasi-yasının Məhkəməsi cinayətin kəskinliklə qısqanclıq zəminində törədildiyini təsdiq edib və ayrıca qərar çıxarıb ki, bu məsələ bir daha məhkəmə araşdırması predmeti olmasın. Buna baxmayaraq, 1934-cü ildə Smolnıda baş verən müəmmalı qətl ba-rədə yazılar mətbuat səhifələrində dərc olunmaqda davam edir. Hər dəfə yeni məqamlar üzə çıxmasa da, məlum faktlar yeni dövrün gözüylə incələnir, münasibət bildirilir, tarixi həqiqəti olduğu kimi bərpa etməyə cəhd göstərilir. Hadisə yerinə ilk yetişən yaxınlıqdakı tibb məntəqəsinin işçiləri olmuşdu. İyirmi dəqiqə sonra təcili yardım xidməti gəldi. Axşamçağı Smol-nıya şəhərin ən görkəmli təbiblərini də çağırmışdılar. Onların arasında məşhur cərrah İ. Canelidze də var idi. Fəqət, bir aləm ağ xalatlının bir araya yığışması "toydan sonra nağara"nı xatırladırdı. Çünki yaxın məsafədən açılan atəş anındaca öz işini görmüşdü. Meyidi diriltməksə insan əməli deyildi. Sarsıntı içində olan həkimlər belə vəziyyətdə əllərindən heç nə gəlməsə də, ağıllarından keçənləri, hər ehtimala qarşı, ölmüşdən əsirgəmədilər. Süni nəfəs də verdilər, iynə də vurdular, nəbzi susan, nəfəsi kəsilən adamın üzərində bir saat əlləşdilər. Amma ölünün heç qıdığı da gəlmədi. Bütün bun-lar Kirovun Smolnıdakı iş otağında cərə-yan edirdi. NKVD-nin rəisi Medved İdarənin baş həkimi Mamuşini də özüylə gətirmişdi ki, bəlkə bu çıxılmaz vəziyyətdə o da bir işə yarasın. Ümumi çaşqınlıq hiss olunurdu. Telefonlar da susmurdu. Ayaq üstə farağat duran ikinci katib Çudov Kremllə birbaşa bağlı olan telefonun dəstəyindən bərk-bərk yapış-mışdı. Canelidzeyə telefona çağırıldığını deyəndə o, bir qədər həyəcanlandı. Axı, xəttin o başında yoldaş İosif Vissariono-viç gözləyirdi... Bir anda ortalıq sükuta qərq oldu. Stalinin İustin İllivanoviçə xüsusi ehtiramı və etibarı vardı. Odur ki, durumun nə yerdə olduğunu bilavasitə professordan eşitmək istəyirdi. Onların öz aralarında gürcücə danışması hər kəsin diqqətini çəkdi. Ölümün dəqiq səbəblərini aydınlaşdırmaq üçün meyidin tibbi müayinədən keçirilməsi barədə həkim icazə istədi. Rəhbərin razılığını alandan sonra cəsədi xəstəxanaya apardılar. Müa-yinə zamanı yəqin ki, ilk növbədə ən mühüm məsələ güllənin hansı istiqa-mətdə beyni zədələdiyini təyin etmək idi. Baş nahiyəsində yeganə dəlik vardı. De-mək, güllə ağız boşluğundan bayıra çıxmışdı. Boyu 1 metr 68 santimetr olan Kostrikovu (Kirovun soyadı-E.B.) güllələ-diyi güman edilən Nİkolayevi Allah bir çox şeylə bərabər, qəddi-qamətdən də məh-rum etmişdi. Onun boyu Kirovdan gödək idi. Metr yarımlıq Nikolayev ayağının altına stul qoymalıydı ki, tapançanın gülləsi belə istiqamət alsın. Bunu bizdən də yaxşı məşhur cərrah bilməliydi. Dinib-danışan olmadı. Hazırlanan arayışda o da qeyd olundu ki, mədəsində cüzi qastrit əlaməti istisna olmaqla, 48 yaşlı Kirovun soyumuş əndamı tam sağlam imiş. Güllənin hansı tapançadan açılması, əldə edilən gilizlərin Nikolayevin silahına aid olub-olmaması kimsəni maraqlandırmadı. Axı, dəhlizdə Mironoviçə bir başqası, lap elə arxasınca gələn kapitan Borisov, yaxud yaxınlıqdakı mühafizəçilərdən Auzen, Dudeyko, Balkovski də atəş aça bilərdi...
   Belə bir məsəl var : "Açaram sandığı, tökərəm pambığı". Tarix göstərir ki, günü gələndə, saatı yetişəndə zaman irili-xırdalı bütün qapalı sandıqları açıb içindəkiləri ortaya qoyur. Kimin ağlına gələrdi ki, həmin gün Kirovun əynindən çıxarılıb ev muzeyinin anbarında istifadəsiz qalan şəxsi geyim əşyaları 70 il sonra sahibi barədə gizli mətləblərin üzə çıxmasına səbəb olacaq. 2004-cü ilin dekabrında Rusiya Federasiyası Müdafiə Nazirliyinin 111 saylı Məhkəmə-Tibbi Ekspertizası Kirovun qətlinin hansı şərait-də baş verdiyini yenidən araşdırdı. Tədqiqata ekspertiza sahəsində görkəmli mütəxəssis kimi tanınan professor S. Zosimov, Müdafiə Nazirliyinin Baş məh-kəmə-tibbi eksperti V.Kolkutin, S.Kirovun ev muzeyinin direktoru T.Suxarnikova da cəlb edilmişdi. Mütəxəssislərin səyi nəti-cəsində maraqlı faktlar üzə çıxdı. Apa-rılan trasoloji araşdırmalar göstərdi ki, kəl-lə sümüyündəki güllə dəliyi ilə papağındakı deşik düz gəlmir. Yəni, baş ayrı, papaq ayrı dəlinib. Bu isə qətllə bağlı yeni mülahizənin meydana gəlməsinə əsas verdi. Belə məlum oldu ki, Sergeyin kəllə-beyin nahiyəsinə üzüqoylu uzanan vəziyyətdə arxadan atəş açılıb. Papaq çox güman ki, sonradan dəlinib. Yetmiş il son-ra daha bir maraqlı məqam aşkarlandı. Kirovun muzeydə saxlanılan alt paltarın-dakı ləkələrin bioloji analizi nəticəsində müəyyən edildi ki, həmin gün Sergey Mironoviç məşuqəsi ilə cinsi əlaqədə olub. Bəlkə, kabinetdə baş verən bu iyrənc hadisənin şahidi olmaq və qisas almaq üçün Leonid "xeyirxah dostları" tərəfindən məqsədli şəkildə Smolnıya yönəldil-mişdi? Ona görə də əli silahlı daxil olduğu hökumət binasında istədiyi kimi hərəkət edirdi? Gördüklərindən dəhşətli emo-sional sarsıntı keçirən zaman aldadılmış və alçaldılmış kişinin qısqanclıq zəminində kimisə qətlə yetirməsi kənardan hər kəsə təbii görünəcəkdi. Bəlkə də üzbəüz otaqdan güllə səsinə özünü yetirən qorumalar yarımcan Kiro-vu dəhlizə çıxarıblar ki, rüsvayçılıq ol-masın. Təsadüfi deyil ki, hadisədən 15 dəqiqə sonra Smolnıdan birbaşa NKVD-yə gətirilən Mildanı məxfi-siyasi şöbəsinin 4-cü bölməsinin rəisi Koqan özü sorğu-sual edirmiş. Yoxsa, ilk dindirilən niyə görə latış qızı olmalıydı? Belə baxanda, dəhliz versiyası əvvəlcədən düşünülmüş plana çox oxşayır. Yoxsa, bütün bunları ekspromt düzüb-qoşmaq ağlasığan iş deyildi. Hər atılan addımı yüksək səviyyədə razılaşdırmadan bu cür incə və iri miqyaslı məxfi əməliyyatı nə Medved, nə Zaparojets təkbaşına keçirməyə cürət etməzdi. Məhz belə məqamlar cinayətin qabaqcadan hərtərəfli hazırlanmış plan əsasında baş verməsi barədə müəyyən şübhələr, fərziyyələr yaradır.
   Həmin gecə Nikolayevin dindirilməsi də çox uzun sürdü. Onunla bilavasitə NKVD-nin Leninqrad idarəsinin rəhbəri Medved, onun müavini Fomin, iqtisadi şöbənin müdiri Moloçnikov, məxfi-siyasi şöbənin rəis müavini Stromin işləyirdi. Nə qədər sorğu-sual etsələr də Leonid birmənalı şəkildə israrla deyirdi ki, qətli özüm təkbaşına düşünüb həyata keçirmişəm. Heç bir köməkçim olmayıb. Kimsə məni bu işə təhrik etməyib. Buna səbəb 8 aydan bəri işsiz qalmağım, bu müddətdə kimsənin mənim taleyimlə maraqlanmaması, rəhbər partiya orqan-larına göndərdiyim yazılı müraciətlərimə baxılmaması, bir də ailə-məişət zəmi-nində yaranan problemlər olub.
   Dekabr ayının 3-4-də aparılan dindirmələrdə Nikolayev artıq şəhərdə gizli fəaliyyət göstərən əks-inqilabı qruplaşmaya mənsub olduğunu etiraf edib. Bəyan edib ki, indiyədək verdiyi yanlış ifadələr istintaqı cinayətin əsl səbəbinin, qaynağının, iştirakçılarının aşkar edilməsindən yayındırmaq məqsədi daşıyıb. Qeyd edib ki, bu aksiyanın So-vet hakimiyyətinə, bolşeviklər partiyasına qarşı ölkədə artan narazılıq dalğasını hərəkətə gətirəcəyini düşünüb. Leonidin cib dəftərində yazılan bir ünvan əməliyyatçıların diqqətindən yayınmadı: Gertsen küçəsi, 43. Yanında telefon nömrəsi də var idi: 196-82. Həmin ünvanda Almaniyanın Baş Konsulluğu yerləşirdi. Sən demə, son aylar işsiz-gücsüz dolaşan Nikolayev dəfələrlə kon-sulluğu ziyarət gedibmiş. Hər dəfə oradan çıxanda Torqsin mağazasına yollanarmış. Özü də alış-verişin pulunu alman markı ilə ödəyərmiş. Onun hansı xidmətlərinə görə cibinə alman pulu qoyulması məlum deyil. Maraqlıdır ki, dekabrın 2-si, yəni hadisə törədilən günün səhəri, Baş konsul Rixard Zommer kimsəyə xəbər vermədən qatara minib Finlandiyaya yollandı. Halbuki, diplomatik qaydalara görə, Baş konsul bu barədə Xarici İşlər Xalq Komissarlığına mütləq qaydada məlumat verməliydi. Zommer ömrünün sonuna kimi bir də SSRİ-yə qayıtmadı. Bu qaranlıq məsələyə altı komissiyanın heç biri aydınlıq gətirmədi.
   Mənim təxminimə görə, Stalini Smolnıda baş verən hadisədə bir insan, yaxın iş yoldaşı, silahdaş, məsləkdaş itkisindən daha çox, Mərkəzi Komitə katibi, Siyasi Büro üzvünün mənəviyyat düşkünü kimi dünyasını dəyişməsi nara-hat edirdi. Axı, inqilabın beşiyi sayılan tarixi binada partiya liderinin eyş-işrətlə məşğul olarkən qısqanclıq zəminində qətlə yetirilməsi dünya ictimaiyyətində bolşevik rəhbəri obrazı barədə mənfi fikir yaradar, onun kadr siyasətinə kölgə sala, xələl gətirə bilərdi. Əxlaqsızlıq çanağı elə Kirovun öz başında çatlasa da, hadisəni olduğu kimi ictimaiyyətə çatdırmaq iqtidar nümayəndələrinə də müəyyən mənada zərbə endirə, xaricdən sovetlərə qarşı aparılan əks-təbliğatı gücləndirə bilərdi. Bunlar birmənalı şəkildə yolverilməz sayılırdı. Stalin mövcud xətanın qarşısını almaqla, mahir ovçunu - Kirovu, Nikolayevin şikarı kimi deyil, əks-inqilabçıların, terrorçuların, zinovyev-çilərin mütəşəkkil cinayətkar dəstəsinin qurbanı kimi tarixdə yaşatdı. Yaşlı nəslin yaxşı yadındadır ki, Mironoviçin xatirəsi ölkənin hər yerində necə əbədiləşdi, əziz-ləndi. Görən, hər zaman niyyəti gizli, əməlinin nəticəsi aşkar olan Koba bu qərara nə vaxt gəldi? Gecə vaxtı qatarla Piterə gedəndə, yoxsa Smolnıda keçirdiyi görüşlərdə, toplantılarda, dindirmələrdə Kirovun faciəsi ilə bağlı həqiqəti aydınlaşdıranda? Hər halda Nikolayev artıq təşkilatın xüsusi tapşırığı ilə bu qətli həyata keçirdiyini müstəntiqlərə rəsmən etiraf etdi.
   Kirov öləndən sonra aləmi od bürüdü. Bu odun tüstüsünə boğulanlar da oldu, istisinə qızınan yox, köz kimi qızaran, alışıb yanan da vardı. Sırada birinci keçmiş gimnazist, gənc və yaraşıqlı xanım Milda gəlirdi. Güllə səsi qulaqlardan getməmiş, yəni daha dəqiq desək, hadisədən 15 dəqiqə sonra Milda artıq ifadə verirdi. Demək ki, üç əsas iştirakçı - Sergey, Leonid və Milda - mə-harətlə qurulan qanlı tamaşanın final səh-nəsində iştirak etmək üçün eyni vaxtda Smolnıda idilər. Səhnə arxasında qalan müəllifin, quruluşçu rejissorun isimləri indiyədək naməlumdu. Bir şey birmənalı şəkildə aydındır ki, baş verən olaylardan sonra ölən Kirov, udan isə Stalin oldu. Amma tamaşa bununla bitmədi. Stalinin siyasi rəqibləri Kirovun qətlində günahkar bilinərək siyasi arenanı növbə ilə tərk edir-di. Müttəhimlərin dilindən inanılmaz etiraflar səslənirdi. Kütləvi həbslər baş alıb gedən vaxtda dünən yüzlərlə adamı azadlıqdan məhrum edənlərin özlərinə bir müddət sonra məhbus paltarı geydirərək cəzaçəkmə yerlərinə göndərirdilər. Leninqradın daxili işlər komissarı Medved, onun müavini Zaporojets, hətta Sovet İttifaqı Daxili İşlər Xalq Komissarlığının rəhbəri Yaqoda da Smolnıdakı cinayətdə təqsirkar bilinərək həbs edilmişdi. 1938-ci ildə Yaqoda məhkəmə qarşısında ən ağır cəzaya məhkum oldı. Onun şəxsi katibi P.Bu-lanovun məhkəmədə səsləndirdiyi fikirlərə diqqət yetirin: Yaqoda mənə dedi ki, NKVD-nin Leninqrad idarəsinin əməkdaşı Borisov Kirovun qətlinin iştirakçısı olub. Leninqrada gələn hökumət rəhbərləri hadisənin şahidi kimi, onunla görüşüb bəzi məsələləri aydınlaşdırmaq istəyi məlum olanda Zaporojets bundan çox əndişələndi. Yaqodanın göstərişilə Zaporojets elə etdi ki, Borisovu təcrid-xanadan Smolnıya aparan vaxt baş verən yol qəza hadisəsində Mixail öldü. Bunu bədbəxt hadisə kimi rəsmiləşdirdilər. Heç cinayət işi də açılmadı.
   Tarixçi alim Y.Jukovun araşdırma-larına görə, Nikolayevin cinayət işi ilə bağlı 17 nəfər güllələnmə cəzası aldı. 106 nəfər iki ildən on il kimi müxtəlif müddətə azadlıqdan məhrum oldu. Məhkəmə qərarı olmadan 663 nəfər sürgünə göndərildi. 325 nəfər məcburi surətdə Leninqraddan başqa yaçayış yerlərinə köçürüldü. Kimin ağlına gələrdi ki, Kamenev, Zinovyev, Medved, Zaporojest, Yaqoda, Yejov, Yenukidze Kirovun qətlində günahkar bilinəcəkdilər? Qırxıncı, əllinci, altmışıncı, hətta doxsanıncı illərdə də əli Kirovun qanına bulaşanlar axtarılırdı. NKVD general-leytenantı Pavel Sudoplatov qır-xıncı illərdə Litvanın dövlət təhlükəsizlik nazirindən eşitdiyi bir hekayəti xatirələrində qələmə alıb. Müharibədən sonrakı dövrdə nazir tapşırıq alıb ki, Litvanın əyalət şəhərlərindən birində gizlənən Kirovun qatilinin həbs edilməsi üçün tədbirlər görsün. Sual olunur: bir hal-da ki, Nikolayev əlbir olduğu 13 nəfər dəstə üzvü ilə 1934-cü il dekabrın 28-də məhkəmə qərarı ilə Kirovun qatili kimi güllələnmişdisə, qırxıncı illərdə Litva meşələrində axtarılan kim olacaqdı? Bəl-kə həmin ölülər təkrar xortlamışdı? Mən hələ bu hadisəylə bağlı digər zərərçəkənlər barədə təkrar söz açmaq istəmirəm. Sudoplatov litvalı həmkarının sözlərinə əsasən yazır ki, əməliyyat axtarışları tezliklə nəticə verdi. Tutulan da oldu. Amma həmin adam qatil yox, Moskvaya yalan məlumat göndərən bir alkoqol düşkünü çıxdı. Anonim olmasına baxmayaraq, Mərkəzi Komitədə həmin məktub xüsusi nəzarətə götürülmüşdü.
   Beləliklə, Stalin - Trotski, Zinovyev, Kamenev və onların əlaltılarını, Xruşşov - Stalini və onun repressiya maşını olan NKVD-ni cinayətin təşkilatçısı kimi cəmiyyətə tanıtmağa çalışırdı. Qorbaçov-sa bu məsələdə Xruşşovla həmfikir olduğunu nümayiş edirdi. Kirovun qətli ilə bağlı bir çox sənəd indi də məxfi saxlanılır, onlarla tanış olmaq hələ qəti su-rətdə qadağandır. Bu isə o deməkdir ki, məsələ ilə bağlı qarşıda bizi yeni sürprizlər də gözləyə bilər.
   Tarix boyu, şair Hüseyn Arif demişkən, "hərə bir tor atıb, bit tələ qurur". Tələyə düşənlərin hamısı suçlu olmadığı kimi, çox suçlu da ömür boyu tələsiz ötüşür. Kənardan dayanıb seyrçi mövqeyindən hadisələri izləyənlər haqsızlıq tələlərinin dünyada ən ağrılı-acılı olduğunu bilməzlər. Sovetlərdə milyonlarla ailə bu əzabla, bu dərdlə günlərini, aylarını, illərini yaşamalı oldu. Bir şair də deyir ki:
   
    "Böyüklərin günahı da
    böyük olur.
    Böyüklərin hər günahı
    tarix üçün
    Daşınmayan bir yük olur...
   (Adil Babayev)
   
   Tarixin çəkə bilmədiyi bu ağır yükü ailələr öz talelərində, kişilər çiyinlərində, qadınlar ürəklərində illərlə daşıdılar və bəzən elə son mənzilə də özləriylə bərabər apardılar. Rəhbərlərə ucaldılan çoxsaylı heykəllərin kölgəsi başsız qalan ailələri payızın soyuq səmum yellərindən, qışın ayazlı şaxtasından, yaz yağmurlarından demirəm, heç yayın qızmar günəşindən belə qorumadı. Bəlkə elə ona görə bir adama kölgə qədər xeyri dəyməyən yalançı bütlərə qoyulan abidələr zamanın mizan-tərəzisi ətalət yuxusundan ayılıb, işə başlayan kimi, bir gecədə kəllə-mayallaq olurlar? Milyonlarla insanın təsəllisi də bundadır ki, tez-gec Ədalət zəfər çalır! Zaman sehrli qızıl açar kimi, əvvəl-axır bütün qapalı sandıqları, mücrüləri, qapıları, darvazaları açır. Dəniz sinəsi təmizlənsin deyə, özündə güc tapıb üzərindəki çirkabı sahilə atdığı kimi, zaman da qaranlıq mətləblərə işıq salır ki, gizlilər aşkarlansın, həqiqətlər üzə çıxsın, insanların mənəviyyatı saflaşsın, haqqın varlığına ürəklərdə inam artsın. Bütün sirlərin ömrü açılan məqama qədərdir. Açılmayan yeganə sirr varsa, o da Tanrının varlığıdır!
   
   

TƏQVİM / ARXİV