Xalq məni ruslarla savaza göndərdi

ETİBAR CƏBRAYILOĞLU
41251 | 2008-08-30 00:52
Xalq tələb eləməyə başlayıb. Deməli, poeziyaya gəlməkdə qətiyyən yanılmamışam. Üstəlik, çox vaxtında-vədəsində gəlmişəm. Yayın bu istisində yazı-pozu adamlarının dincəlmək üçün Bakıdan kənara üz tutduğu məqamda ədəbiyyata gəlmək hər oğulun işi deyil. Həftənin əvvəlində "Ədalət" qəzetində dərc olunan poetik düşüncələrim inanılmaz uğur qazanıb. Pekin Olimpiadasına, Rusiya-Gürcüstan məsələsinə, erməni vəhşiliyinə həsr etdiyim misralarım böyük səs-küy yaradıb. Od püskürən sözlərim futbol diliylə desək, "doqquzluğa" vurub.
   Qəzet köşklərə çıxmağa macal tapmamış mənə gələn zəng və məktublardan belə başa düşürəm ki, mətbəədə çalışan insanlar qəzet çapa gedən ərəfədə poetik düşüncələrimi diqqətlə oxuyublar. Yayın bu isti günlərində poetik düşüncələrim xalqımın ürəyinə sərin su kimi yayılıb. Həftə tamam olmayıb, amma zənglərin ardı-arası kəsilmir. İnandırım sizi, iki il əvvəl pulunu ödəyə bilmədiyimə görə bağlanan mobil nömrəmə də zəng vururlar. Xalqımız belədi, şeirini xoşladığı şairi pullu çimərlikdə də olsa tapır.
   Sözə, poeziyaya, əli qələm tutan adama böyük önəm verən xalqım mənə, özünün müdrik övladına, şair-politoloquna üz tutub ərknən soruşur ki, Rusiya prezidenti səviyyəsində separatçı qurumların dəstəklənməsinə etiraz bildirən şeiri niyə yazmırsan? Kremlin bu işğalçılıq siyasətinə rəhbərlik edən, onlara züy tutan insanları niyə öz sözünlə topa-tüfənfə tutmursan?
   Mən kiməm ki, xalqın tələbinə əməl etməyim? Xalq məni dübarə evləndirsə də mən onun sözündən çıxmaram. Xalqımın tələbiylə ruslara qarşı savaşa yollandım. Əlimdə də bomba saçan misralarım. Sifariş ədəbiyyatının ən güclü nümunəsi belə yarandı.
   
   Sən əgər təmiz urussansa
   əməlində dürüstsənsə
   niyə getmirsən evinə
   baxmırsan arvadının kefinə
   
   Gördüyünüz kimi, şeirdə heç bir durğu işarəsi qoymamışam. Dünyanın bu qarışıq zamanında vergül, sual işarəsiylə əlləşməyə vaxtimmı var? Rəhmətlik ustadım Məmməd Nazimoğlu demişkən, mən mübarizə adamıyam, nöqtə-vergül yox! Məmməd müəllimgilin rayonunda olduğu kimi, bizim tərəflərin məktəblərində də durğu işarəsi keçmirlər. Allah şair dostum Qulu Ağsəsin canını sağ eləsin, deyir ki, Habil Əliyev də kamançanı nöqtə-vergülsüz çalır.
   Politoloq-şair kimi indidən hiss edirəm ki, bomba partlayacaq. Rusiyaya qarşı yazdığım ən yeni poetik düşüncələrim "Ədalət"də dərc olunan kimi Moskva səhv addım atdığını anlayacaq. Misralarımın gücünü nə bilmisiz?
   Mən onlarçün nə BMT-yəm, nə də NATO. Rusiyanı çətin məqamda yaxalamışam. Öz aramızdı, Gürcüstan ərazisində tankın belinə minib özünü göstərməkdənsə gedib arvadının kefinə baxmaq məsələsini qəsdən qabartmışam. Politoloq-şair kimi Rusiyanı hardan "vurmağı" yaxşı bilirəm.
   Qoy bircə "Ədalət"in bu sayı köşklərə çatsın, görün Kremldə çalışan sürücülər, süpürgəçilər, qapıçılar və liftin düyməsini basanlar özlərini necə yığışdıracaqlar...
   Yığışdırmasalar, politoloq-şair kimi bilirəm neylərəm. Xalqımın tələbiylə Rusiyaya qarşı ikinci cəbhə açaram. Misralarımdan od-alov yağar, hər kəlməm atom bombasına çevrilər.
   İndi qızmar günəş altında oturub xalqımdan növbəti sifariş gözləyirəm. Xalqım da bilir ki, kimə sifariş verir. Xalqım bir məsələdə tam arxayındı - mən onun sifarişini yerinə yetirməyə həmişə hazıram...
   
   

TƏQVİM / ARXİV