adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Ədəbi mühitin şou-biznes tərəfləri

SAMİRƏ ƏŞRƏF
32657 | 2014-12-27 01:08


Bir dəfə hörmət etdiyim intellektual bir sənət adamından müsahibə götürürdüm. Müsahibənin orta yerində söhbət istedaddan və istedadlı insanlardan düşdü. Gördüm, dəyərli bəy istedad sözünü sevmir və hətta bundan qıcıqlanır. Mən də mövzunun istiqamətini dəyişib başqa məcraya yönəltməyə məcbur oldum. Müsahibə tam hazır olanda necə oldusa, əlim dinc durmadı və müsahibənin başlığına "bugünkü müsahibim istedadlı insan filankəs filankəsovdur" sözlərini yazdım. Müsahibim, təbii ki, sərt reaksiya verdi. Bir az əsəbləşən kimi oldu. Amma daha olan olmuşdu.
Bu əhvalatı ona görə xatırladım ki, bizdə həqiqətən də bu sözə qarşı çox sərt münasibət əmələ gəlmişdi. Bunun da əsas səbəbi sözün özünün həddindən artıq işlənməsindən irəli gəlir. Yəni bu söz kimə gəldi ithaf olunduğuna görə sənət və xüsusilə ədəbiyyat adamlarında güclü ikrah yaradır. Oxuyub yazmaqdan bir balaca başı çıxan adam istedad sözündən vəbadan qaçan kimi qaçır. Lakin bütün bunlara baxmayaraq ortalıqda yekə bir həqiqət var ki, o da elə istedadın özüdü. Bizim məmləkətdə isə bu cür insanların sayı həddindən artıq çoxdu. Yəni on nəfərdən doqquzu mütləq müəyyən sahədə fitri qüvvəyə malikdi. Kimi oxumaqda, kimi yazmaqda, kimi hoppanmaqda, kimi kəndirbazlıqda, kimi fırıldaqçılıqda, kimi də əclaflıqda. Dostoyevski deyirdi ki, "yüksək bədii istedadlar dəhşətli əclaf ola bilərlər və bu xüsusiyyətlərin heç biri digərinə mane olmur".
Bütün bu yuxarıda sadaladığım yetənəklərin içərisində mənə ən yaxın olan sahə yazmaq olduğundan elə mövzunu yazı və yazı adamları ilə davam etdirəcəm.
Gəlin etiraf edək ki, bu gün ölkə başdan-başa yazarlarla, sairlərlə dolub daşır. Roman, hekayə, şeir, qəzəl yazanlarımız en qədər, amma bizim bircə dənə də olsun, Umberto Ekomuz, Milan Kunderamız, Haruki Murakamimiz, lap bəd ayaqda Orxan Pamukumuz yoxdur. Niyə? Ona görə ki, bizim yazıçı kimi zəhmət çəkmək istəyənlərimiz yoxdu. Baxırsan ki, bir balaca bacarığı var, di gəl ki, bütün günü itib qalıb facebookda. Onun statusuna şərh yazır, bunun şəklinə layk vurur. Hərəyə bir cür yaltaqlanıb ortalıqda bulanır. Halbuki, xeyli olmasa da, bir az işlər görüb, ədəbi mühitə öz töhvəsini bağışlaya bilərdi. Və yaxud da görürsən ki, kimsə özünü təsdiq etməyə bir balaca cəhd edir, onu da şərait gətirir atır hansısa saytın köşə otağına. Adam gedib evində oturub yazıçılıq etmək əvəzinə özündən qat-qat aşağı səviyyədə cızmaqaraçıların cızdıqlarını redaktə etmək məcburiyyətində qalır. Elə isə bəs harda qaldı yazıçının heç olmasa gündəlik beş saat işləmək kimi iş qrafiki?!
Və yaxud da baxırsan ki, bir digəri üst-üstə iyirmi il tədris yolu keçib, tonlarla kitab oxuyub di gəl ki, yazdıqları bircə qara qəpiyı dəymir ki, acından öləndə satıb özünə bir günlük çörək pulu qazansın. Niyə? Ona görə ki, istedad yoxdu. Bəli məhz çatışmayan odur. Siz nə qədər qıcıqlanırsınız, qıcıqlanın, əsəbiləşirsiniz əsəbiləşin, amma istedad çox vacib məsələdi. Və bu vacib məsələ olmasa, istəyirsən gecə-gündüz gir kitabların arasında yat, yenə dəxli yoxdu.
İndi bir çox hörmətli yazıçılar yazılarında qeyd edirlər ki, bir faiz istedad, doxsan doqquz faiz zəhmət tələb olunur. Mən isə deyirəm ki, bu sözdə 99 faiz həqiqət olsa da bircə faiz istedad yoxdu!
Acı reallıq bundan ibarətdir ki, bu gün ortalıqda dişə dəyən, ədəbiyyat nümunəsi hesab edilə biləcək onca əsərimiz yoxdur. Vəssalam. Söhbət təbii ki, gənc nəslin əsərlərindən gedir.
Böyük və qüdrətli yazıçı olmaq üçün ağrılı, məhrumiyyətli, cəsarətli yollar keçmək gərəkdir ki, bizim yazıçılarımız ümumiyyətlə cəsarətin nə olduğunu bilmirlər. Bizim nə cəbhədə repartyorluq etmiş Heminqueyimiz, Markesimiz, nə katorqalarda yatan Dostoyevskimiz, nə illərlə həbsxanalarda çürüyən Nazim Hikmətimiz yoxdur. İndi biri çıxıb böyürdən soruşa bilər ki, yoxdur da, axı sənə nə? Heç nə, onda heç olmasa otururb düz-əməlli ya yazıçılıq etsinlər, ya da elə "yazıçılıq". Ostrovskinin xanımı Raya Ostrovski xatirələrində yazırdı ki, kitabxanadan Ostrovski üçün göndərilən otuz, qırx bağlamalıq kitabları yazıçı bir həftəyə oxuyub bitirirdi. Axırda kitabxananın müdiri kitabları bizə adla yox, sayla göndərmək məcburiyyətində qaldı.
Raya xanımın xatirələri bir yana özüm bu yaxınlarda internetdə Umberto Ekonun şəxsi kitabxnanasından olan fotolar gördüm, vallah huşum başımdan çıxdı. Ona görə ki, adamın bu qədər kitabı oxuyub qurtarması başdan-başa möcüzəydi.
Əlbəttə bizim də yaxşı, sistemli mütaliə edənlərimiz var. Amma təəssüf ki, onlarda da bayaqkı o zaddan çatışmır. Zorla deyil ki, əgər sən iyirmi ildi oxuyub bu gün bir köşə cırma-qara edirsənsə, dörd illik yazı qabiliyyəti olan bir başqası da bu cür yazılar yaza bilirsə, onda daha nə oldu?! Hanı bəs beş illik universitet təhsili, ardınca gələn magistr dərəcəsi, ingilis, alman, fransız dillərini mənimsəmək və s. Harda qaldı, sizin təcrübəniz, bacarığınız, isdedadınız?!
Ədəbi mühitə zərər vuran bir məsələyə də köklü münasibətimi bildirib yazının əl-ayağını bir yerə yığmaq istəyirəm. Əziz dostlar məsələ burasındır ki, bu gün qəsdən şişirdilib ortalığa atılan məzəli yazarlar və şairlər vardır. "İndi hansısa şəhərdə, bir qadın tənha qalıb. O, məhəbbətlə, ah-vayla sevgilisin haraylayır" kimi şeirlər yazan adamları gözümüzün içinə soxanda nəticə də bu cür olacaq? Yox bir "Beyrək gedəli saçlarını yoldunmu qız? Yoldum ozan!"
Hələ dünən yumurtadan cınq edib çıxan bir qızcığazdan yazıçı kimi müsahibə götürüb onun yazıları ilə yox, məhz şəkilləri ilə manşetləri bəzəyəndə, yarımyapalaq şairlərin şeirlərini saytdan-sayta ötürəndə nəticədə bu cür olacaqdı. İndi buyurub dərək yaranan ədəbi şou-biznes mühitinin bəhrələrini və xoşhal olaq.

TƏQVİM / ARXİV