SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA

FAİQ QİSMƏTOĞLU
65311 | 2014-12-27 01:06
... Dünyaya gələndə çox şey haqqında fikirləşmirik və bəzilərimiz deyirik ki, əşi, beş günlük dünyadır də, ye, iç, kef elə, gəz! Süleymana qalmayan dünya heç bizə də qalmayacaq. Belə düşünürük, belə fikirləşirik. Və dünyaya gəldiyimiz gündən az qala bir-birimizin ətini yeməyə çalışırıq. Kimsə qəlbimizə dəyəndə, köntöy bir söz deyəndə istəyirik ki, onun ciyərini çıxaraq və bir göz qırpımında salıb ayağımızın altında dəli inək balasını ayaqlayan kimi tapdalayaq...
Əlimizi fırlayıb sonra da bir söz demədən susuruq. Susuruq, susuruq, axırda günlərin birində bomba kimi partlayırıq; içimizdəki bir-birimizə olan kin, nifrət, qəzəb vulkana dönüb dünyanı öz ağzına götürür. Əlimizə imkan keçən kimi filankəs filan vaxtı mənim qəlbimə dəymişdi. İndi onun dədəsinə od vuracam deyirik. Elə od da vururuq. Düşünmürük ki, kimlərsə də bizə nə vaxtsa od vuracaqlar. Qəlbimizi, ürəyimizi, varlığımızı tar-mar eləyəcəklər.
Qəlb sındırmağa nə var ki ey! Gündə yüz qəlb sındırmaq olar, yüz ürəyə yara vurmaq mümkündü. Oğul odur ki, yaxşılıq eləsin, pis adamı da yaxşıların sırasına çəkə bilsin və onu ayağa qaldırsın. Bunun üçün kişi olmaq lazımdır, kişi!!!
İndi özünə çox adam "kişi" deyir. Üzdə bir cür, arxada başqa cür danışır. Bol-bol tərifləyir, elə ki həmin adam ayağı büdrəyib yıxıldı və başlayır onun dalınca o ki var dişinin dibindən çıxanları deməyə. Hansı ki, bir vaxtlar dalınca danışdığı adamın ayaqqabısının tozunu silirdi və aftafasını götürürdü. Elə ki onun ayağı büdrədi, kreslodan düşdü və münasibətlər də fərqli oldu.
Deyəsən bir qədər mətləbdən uzaqlaşdıq axı. İnsanlara biz heç vaxt vaxtında qiymət verə bilmirik. Qiymət verə bilmirik ki, bu insan doğrudan da namuslu, vicdanlı və ədalətli adamdır. Çünki hər şeyi tərsinə qiymətləndiririk.
Məsələn, vicdansızlar vicdanlı, namussuzlar namuslu, ədalətsiz adama ədalətli deməkdən qorxmuruq. Qorxmuruq ki, Allah bunların hamısını görür, bilir və eşidir.
Elə ki, biri vəzifə kreslosuna qalxdı, böyür-başında yaltaqların, fırıldaqçıların və dələduzların əlindən tərpənmək olmur. Hamı da bir ağızdan o adama deyir ki, yoldaş Həsənov, sənin sifətindən nur yağır, peyğəmbərə oxşayırsan. Yoldaş Həsənov da bu yağlı tərifdən xoşhallanıb, kresloya yayxınır və özünü göyün yeddinci qatında təsəvvür edir.
Elə bilir ki, zalım oğlu doğrudan da əməlli-başlı ağayana bir adamdı. Amma vəzifədən düşür, heç kim ona salam vermir, onda anlayır ki, ətrafındakılar istifadə eləmək üçün məddahlıq eləyirmiş. Onsuz da məddahlara bütün zamanlarda "yaşıl işıq" yandırılıb. Düz söz deyən insanı isə heç kim yaxına buraxmayıb. Axı düz söz acı olur...
Yadımıza gözəl şair Cabir Novruzun "Sağlığında qiymət verin insanlara" şeiri düşür. Həmin şeirin bir bəndindən oxuyuruq:

Bir arzum var, istəyirəm sizə deyim,
Sağlığında qiymət verin insanlara.
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.

Amma indi deyin görək hər adam böyük Cabir Novruzun dediyi kimi, insanlara sağlığında qiymət verə bilirmi? Təbii ki, düz söz danışan, haqqı-ədaləti üstün tutan kifayət qədər insanlar da var.
Amma nə yazıqlar ki, onlar barmaqla sayılır. Bu insanlara milyonlar da versn, heç vaxt haqqı tapdamayacaq və yamana yaxşı deməyəcək. Bəlkə də belə insanların gücü hesabınadır ki, hələ dünyamız rahatca fırlanır. Nə yaxşı ki, dünyamız rahatca fırlanır, göy guruldayıb ordan başımıza daş, qaya yağmır. Günahlarsa çoxdur, çox!
Yaxşı adamları sevmək, qorumaq lazımdır. Düz söz deyənləri, haqqın tərəfində olanları vəzifəli insanların bəziləri xoşlamırlar.
Çünki onlar fikirləşirlər ki, kimsə düz söz danışırsa, bu onun fəaliyyətinə kölgə sala bilər, amma düz sözdən, həqiqətdən heç kəs qorxmalı deyil. Nöqsanlara görə səni əks elətdirən güzgünü sındırmaq ədalətli olmaz. O nöqsanları düzəltmək, adam olmaq və haqqı-ədaləti qəbul eləmək lazımdır.
Yazımızı yuxarıda adını çəkdiyimiz şair Cabir Novruzun məlum şeirinin bir bəndi ilə bitirmək istəyirik:

İstəmirəm vaxt-vədəsiz hər qiyməti
Bu haqq sözə baş əyirəm milyon kərə,
Sağlığında iynə boyda bir hörməti
Ondan sonra min heykələ dəyişmərəm...



TƏQVİM / ARXİV