adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Yorulan atları güllələmirlər

ETİBAR CƏBRAYILOĞLU
44659 | 2008-08-23 01:18
Bu gün Zərdabda hava necədi? Sabah Samuxda neçə dərəcə isti olacaq? İndi bu suallar yəqin ki, ancaq Zərdabda yaşayanları düşündürür. Yalnız Samuxdan olan dostum-qardaşım sabah doğma yurdunda neçə dərəcə isti olacağı barədə bilgi almaq istəyir. Amma hamının maraqlandığı bircə məkan var - Çin. İndi hamı özünü Pekində hiss edir. Hələ bir-iki gün də belə olacaq. XXIX Yay Olimpiya Oyunları bitənəcən dünya Çin vaxtıyla yatıb-duracaq.
   Telekanallarda göstərilən reportajlardan görürəm ki, Pekində ara-sıra yağışlar yağır. Buralarda isə başqa mənzərə gözə dəyir. Özü boyda çantasını belinə atıb Bakı küçələrini dolaşan çinli balası istidən güclə nəfəs alır. Zirzəmidə "JEK" suyundan doldurulan "Qazlı Təmiz Bulaq Suyu"nu birnəfəsə başına çəkir. İnsafən alveri pis getmir. Axşam düşüncə yəqin ki, hələ bir xeyli adam ondan ağcaqanad öldürən aparat alacaq. Bakının yay günləri belədi. Axşam evə dönəndə çörək almasan da olar. Hünərin var ağcaqanad dərmanı almağı unut...
   Yay gələndən Aqşinin "Sizin eradan əvvəl" kitabında yer alan "Ağcaqanadlar və diktatorlar" şeiri dilimin əzbəridi.
    Ağcaqanadlar da şəhərlərdə yaşayır
   Qan sorurlar
   Ancaq bizim bir ağcaqanada olan nifrətimiz
   Elə onun özü boydadı
   Biz o vaxt yuxudan qalxıb onu öldürürük ki
   Ona olan nifrətimiz
   Bütün ağcaqanadların cəminə bərabər olur.
   Sahə müvəkkilimizə əlüstü onu bildirim ki, şeirin yalnız birinci hissəsini, yəni ancaq ağcaqanadlara aid bölümünü sevirəm. İkinci, yəni diktatorlara aid yazılanlara heç gözümün ucuyla da baxmıram. Seçki ilində siyasətlə məşğul olmaq təhlükəli işdi, özüm ölüm...
   Telekanallar göstərir ki, Pekində ara-sıra yağışlar yağır. Mənsə gözəlim Bakının bu bürküsündə "İdreska de Brekka" adlı atı axtarıram. Tapan kimi onu qabağıma qoyub danlayacağam. Bilirəm ki, onu tapmaq xeyli çətin məsələdi. Kimdi 1 milyon 900 min avro qiyməti olan atı mənə göstərən? Düz sözümdü, "İdreska de Brekka" adlı at atlı olub, mən piyada. Heç bir yerdə tapa bilmədiyimdən onunla qiyabi söhbətləşirəm. Deyirəm ki, yekə atsan, bizi niyə dost-düşmən yanında biabır etdin? Səni almağa düz 1 milyon 900 min avro xərclədik. Qoz-fındıq ləpəsindən tutmuş, kişmişə qədər yedizdirdik. Günlərlə evimizə gəlməyən suyla bədənini şampunladıq. Dünyanın o biri başına - Pekinə yola saldıq. Dedik ki, ora-bura çapıb heç olmasa gümüş medal alarsan. Bəs sən nə etdin? Təkcə çaparımız Camal Rəhimovu deyil, bütün ümidlərimizi yerə çırpdın. İndi o ümidi də yerdən qaldırmaq üçün təzədən 1 milyon avro xərcləmək lazım gələcək.
   Bilirəm, sənin heç nə vecinə deyil, göynən gedirsən. Zarafat deyil, 1 milyon 900 min avro qiymətin var. İndi bəziləri götürüb yazacaq ki, bu qədər pula 1 milyon qaçqın üçün filan qədər ev tikmək olardı. Başqa bir dostum-qardaşım yazacaq ki, bu qədər pulu ata xərcləməkdənsə yol çəkmək, körpü salmaq daha sərfəli idi. Hansısa bir məmur başqa cür hesablama aparacaq. Zarafat deyil, bu pulla ərindən yenicə boşanan neçə müğənniyə təzə binada mənzil, ən son dəbli avtomobil almaq olardı. Klip çəkdirmək, onun dəbdəbəli təqdimat mərasimini keçirmək də öz yerində...
   Mən bunların heç birini hesablamıram, ay, "İdreska de Brekka". Çünki rəqəmlərdən heç xoşum gəlmir. Bu dəqiqə məni düşündürən başqa məsələdi. Sən bizim pis vaxtımıza gəlib çıxmısan. Biz elə həmişə yıxılan və uduzan tərəf olmamışıq ki... Xəbərin olmaya bilər, amma biz Koroğlunun, Qaçaq Nəbinin nəvələriyik. Babalarımızın Qıratı, Boz atı olub. Babalarımız öz yerində, onların atları böyük igidlik göstəriblər. Özü də təmənnasız-filansız. 1 avro da qonorar tələb etmədən. O cür qəhrəman atlarımızın başını bir-iki beyt bayatı, iki-üç misra şeirlə aldatmışıq. Bu da nəticəsi. Qalmışıq yorğun-arğın "İdreska de Brekka"nın ümidinə.
   Bu istidə səni çox danlamağın da mənası yoxdu. Onsuz da başa düşməyəcəksən. Bizim dərdimizi kim anlayır ki, at da başa düşsün?
   Nə olsun, ona 1 milyon 900 min avro xərclənib...
   
   

TƏQVİM / ARXİV