adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

çörək və istedad

15184 | 2008-08-23 01:18
Həyatını yaxşı təmin etmiş yazıçı gözəl əsər yaza bilməz. Bu, Sovetdən qalma stereotipdir. Guya şair-yazıçı həmişə səfil kökündə olmalı, ən ucuz araqlardan içməli, qarın dolusu yeməməli, üzünü ayda-ildə bir dəfə qırxmalı, dişini fırçalamamalı, ayağını yumamalı, corabı iy verib iylənməli, üst-başından nimdaşlıq yağmalı, qısası, tıpkı bir bomj həyatı yaşamalıdır, yalnız belədə o, gözəl şeirlər, hekayələr, romanlar yazıb ədəbiyyat dahisinə çevrilə bilər. Qəribədir, Azərbaycan çapında elə indinin özündə "yazıçı ac və yoxsul olmalıdır" fikrini əksərən o yazıçı və şairlər ikiəlli dəstəkləyir ki, onlar komfort həyat yaşayır, çoxlu imtiyazlara sahibdirlər, səhər yeməyini Yessentukidə yeyib nahara Antalyaya gedirlər. Çoxunun xidməti maşını, sürücüsü, katibəsi var, onlara mağazadan nisyə kolbasa-çörək aldığını desən, sənə dəli kimi baxarlar, fikirləşərlər ki, bu necə ola bilər, necə ola bilər ki, bir insan hətta kolbasa-çörəyi belə borca alacaq qədər yoxsuldur. Yəni belə şeyi onların ağlı kəsmir, özlərində bişməyib, qonşudan gəlməyib. Gözlərini açıb təmin olunmuş həyat görüblər, böyüyüb özləri də komfortun arxasınca qaçıblar, buna bütün yaradıcılıqlarını, şəxsi vicdan və ləyaqət hisslərini xərcləyiblər. İndi də rahat kreslolarına yayxanıb "əsl yazıçının ac və yoxsul olmasının vacibliyi haqqında" zəvzəkliklə məşğuldurlar. Heç kim də soruşmur ki, ac və yoxsul həyat tərzi bir ədəbiyyat adamı üçün bu qədər yaradıcı stimul verirsə, niyə bunu özünüzə də qıymırsınız? Niyə, niyə, niyə? Niyə ictimai mənafeni həmişə şəxsi maraqlarınıza qurban verib özünüz, övladlarınız üçün dəbdəbəli həyat qurmaq üçün Şərin qarşısında müti və qul olmağa razılaşırsınız? Niyə, niyə, niyə? Niyə hər cür komfortdan, imtiyazlardan imtina edib sadə həyat yaşamaqdan bu qədər qorxursunuz? Niyə, niyə, niyə?
   Zatən soruşmağa ehtiyac da yoxdur. Çünki bunlar cavabı özündə olan suallardır. "Yazıçı ac və yoxsul olmalıdır" deyənlərin heç biri bu sözlərində səmimi deyil, ilk fürsətdəcə istedadlarını, vicdanla- rını əmtəəyə çevirib təmin olunmuş həyata dəyişməyə hazırdırlar. Yazıçı tox və zəngin olmalıdır. O, heç vaxt qarnını düşünmək məcburiyyətində qalmamalıdır. Ancaq bir şərtlə: gödənini ləyaqətsizliklə bəsləməsin! Qarnını doyurmaq üçün, həyatını təmin etmək üçün ağa qara, düzə əyri deməsin. Şablon dildə desək, həqiqətin gözünə dik baxa bilsin!
   Cek London və Fiscerald. Ötən əsrin iki nəhəng istedadı. Cek London heç vaxt ədəbiyyata dolanışıq mənbəyi kimi baxmayıb. Özü üçün kiçik fermer təsərrüfatı yaradıb, həm də yalnız ona görə yaradıb ki, heç vaxt pula, qarnına görə istedadından sui-istifadə etməli olmasın. Bəli, Cek London həyatda zorən kapitalist idi, əsərlərində isə kapitalizmin çürük mənəviyyatını ifşa edirdi. Fiscerald isə tamam əksinə, həyatını təmin etmək üçün istedadını eşşək kimi işlətdi, Hollivudun nökərinə çevrildi, axırda öz faciəsini anladı, amma gec idi. Müasirlərindən biri ötən əsrin "Böyük Getsbi" kimi dahiyanə romanlarından birinin müəllifi haqqında dəqiq diaqnoz qoymuşdu: "Fiscerald nə qədər çox qazanırsa, ədəbiyyat onu daha böyük sürətlə itirir". Halbuki Fiscerald öz istedadına kapitalistcəsinə yanaş- maya da bilərdi, Cek London kimi, xoşbəxt həyatı ədəbiyyatdan kənar yollarla qazana bilərdi. Deməli, ədəbiyyatda uğuru həmişə istedad həll eləmir, həm də xarakter həll edir.
   Yazıçının da hamı kimi rahat, problemsiz bir həyat yaşamaq haqqı var. Ona bunu kimsə qadağan edə bilməz. Yetər ki, yazıçı özü özünü qiymətləndirə bilsin, öz sənətinə məmur kimi yanaşmasın. Hər bir yazıçı üçün ədəbiyyatın məhrumiyyətləri saysız-hesabsızdır, amma bura çörək, gödən daxil deyil. Yekəxanalıq kimi çıxmasın, bu yaxınlarda "Proloq" qəzetinə müsahibəmdə demişdim ki, Azərbaycanda yazıçılıq çoxdan məmurlaşıb, ona bir vəzifə, iş yeri kimi baxırlar. Yazıçılıq istedadı insanı başqa qabiliyyətlərdən məhrum etmir. Heç kim oturub fikirləşmir ki, o, həm də məsələn, yaxşı vəkillik qabiliyyətinə malikdir və gedib bununla məşğul ola, həyatını təmin edə bilər. Hamı ancaq bir şeyi fikirləşir: "Mən necə edim, istedadımı əmtəəyə çevirib onu deputat mandatına, fəxri ada, orden-medala, Fəxri Xiyabana dəyişim". Yazıçılıq, məsələn, qatar bələdçiliyi deyil, amma insanın qatar bələdçisi kimi çalışmasına mane də olmur.
   Siz mənə dünya ədəbiyyatında tərcümeyi-halı ancaq yazıçılıqdan ibarət bir nəfər göstərin, bu söhbəti elə burdaca bağlayaq. Ən məşhur yazıçıların həyat tarixçəsini qaldırın, arxasından müxbirlikdən balıqçılığa, qarovulçuluqdan turist bələdçiliyinə qədər dürlü-dürlü peşələr çıxacaq. Bəs bu peşələrdən özünə qıymayanlar sonunda nə edəcək? Ay sağ olun, istedadına və ədəbiyyata qıyacaq...
   
   

TƏQVİM / ARXİV