adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Səhnədən ayrı düşən aktyorların çox yaşadıqlarını xatırlamıram...

SAMİRƏ ƏŞRƏF
28801 | 2014-12-26 10:51
Bugünkü müsahibim Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Hacı İsmayılovdu.
-Hacı müəllim, bu gün necə rollar ifa etmək istərdiniz ki, ürəyinizdə olan sözünüzü məhz həmin rollar vasitəsi ilə cəmiyyətə ötürmək mümkün olsun?
-Sizin dediyiniz hal kinoda təbii ki baş verib. İstər "Ad günü" filmində, istər "Həm ziyarət, həm ticarət" filmində öz istəyimi, münasibətimi büruzə verə bilmişəm. Teatrda da olub. Bir vaxtlar "Sizi deyib gəlmişəm" tamaşasında Məmmədhəsən əmi rolu ilə mən kasıb, əzilmiş inanın fəryadlarını tamaşaçıya çatdır bilmişdim. 7 il bundan qabaq da "Alın yazısı" adlı bir tamaşada Əliməndər rolu mənə çox yaxın idi. İnsanlara münasibət, qayğı, onların psixoloji durumlarını müəyyənləşdirmək baxımından arzuladığım rol olmuşdu. İndi də arzuladığım rollar var. Amma mən hərdən deyirəm ki, insanlar talelərini seçmir, tale insanları seçir. Teatrda da belədir ki, rol verirlər ifa edirsən, vermirlər etmirsən. Mən də ya müəllifdən, ya rejissordan rol istəyə bilmərəm axı... Yəni gözləyirəm. Bir də bilirsinizmi mənim əsas məqsədim mənə tapşırılan rolu yaxşı ifa etməkdən ibarətdir. Fərqi yoxdu, müsbət, mənfi, böyük, kiçik olsun. Əsas odur ki, mən o rolu ürəyim istəyən kimi ifa bilim.
-Hacı bəy, bu gün teatrda yetərincə gənc rejissorlar da fəaliyyət göstərir. Müqayisə aparanda hansı nəsillə işləmək sizin üçün daha rahat idi. İndikilərlə, ya keçmiş rejissorlarla?
-Təbii ki, keçmişdəki rejissorlarla işləmək daha asan və rahat idi. Çünki mən Tofiq Kazımov, Mehdi Məmmədov, Ələsgər Şərifov kimi rejissorlarla işləmişəm. Onlarla işləmək ona görə asan idi ki, onlar bizdən nə istədiklərini yaxşı bilirdilər. Aktyordan olunan tələb də peşəkar tələb olduğundan heç bir aktyorun durub onlarla mübahisə etməyinə ehtiyac və həvəs olmurdu. Bu baxımdan bizim nəslin bəxti gətirmişdi ki, elə rejissorlarla işləmişdik. İndiki gənc rejissorlarla işləmək də bəzən alınır, bəzən alınmır. Gərək onların iş rejiminə alışasan. Bəzən elə olur ki, heç rejissorla təmasa girmək də mümkün olmur. Bu baxımdan o dövrün rejissorları ilə işləmək daha xoş idi. Həm də bəhrəsi, nəticəsi olurdu. İndikilərlə də işləmək olur. Ancaq bəzən baxırsan ki, onlar ayrı-ayrı cərəyanlara mənsubdular. Sən də məcbur olursan ki, onlara uyğunlaşasan. Bu da aktyora təbii ki, asan başa gəlmir. Bu gün Azər Paşa Nemətov, Mərahim Fərzəlibəyov, Rövşən Almuradlı kimi yaxşı rejissorlarımız var. Amma yenə də fikrimdə qalaraq vurğulayıram ki, o dövrdə rejissor sənəti daha yüksək və daha mükəmməl idi.
-Bəs daha gənc rejissorlarla iş prossesi necədir?
-Bilirsinizmi rejissor gənc olmamalıdi. Rejissor mütləq müəyyən bir həyat yolu keçməlidir. Rejissorluq elə sənətdir ki, bu təkcə istedadla savadla həll olunmur. Rejissorun mütləq dünyaya baxışı, insanlara, hadisələrə özünün münasibəti olmalıdı. Rejissor sənəti aktyor sənətindən qat-qat yüksək sənətdir. Bunun üçün də mütləq müəyyən həyat təcrübəsi olmalıdr. Bu qaçılmazdır. Mən bunu həm də bilirsiniz nədən bilirəm. O vaxtı Rasim Ocaqov məni "Ad günü" filminə çəkəndə mənim 33 yaşım vardı. Mən onunla işlədiyim vaxtı elə bilirdim ki, Rasim Ocaqov məndən 20-25 yaş böyükdü. Sonra məlum oldu ki, bizim aramızdakı fərq cəmi on ildi. Sonralar bu barədə çox fikirləşdim ki, niyə mən Rasim müəllimi bu qədər yaşlı hesab etmişəm? Çünki onun peşəkarlığı, həyat təcrübəsi, cəmiyyətdə tutduğu yer və bütün bunlar cəm halında məndə həmin hissiyyatı yaratmışdı. Əsl rejissor məhz elə olmalıdı ki, aktyor da ona inanıb ardınca gedə bilsin.
-Səhnədən ayrı qalmaq qorxusu yəqin ki, sizdə də olur...
-Səhnədən ayrı qalmaq aktyor üçün çox çətindir. Mən səhnədən ayrı düşən aktyorların çox yaşadıqlarını xatırlamıram. Onlar heç biri uzun ömürlü olmayıblar. Çünki aktyoru yaşadan sənət və səhnə olub. Mənim aləmimdə teatrdan aktyor o zaman gedə bilər ki, yeriyə bilməsin, danışa bilməsin. Yəni sırf fiziki qüsurları yaranarsa, onu teatrdan ayırmaq olar. Təbii ki, yaşlı aktyorların da səhnədə oynamaq qabiliyyətləri olur. Amma bu çox az aktyorlara xas haldır. Yadıma düşür Ağasadıq Gəraybəylinin 90 yaşı vardı. Biz onun əlindən tutub səhnəyə çıxardırdıq. Amma o, səhnədə elə rol ifa edirdi ki, məəttəl qalırdıq. Səhnə bu baxımdan çox ecazkardı. Nə özümə, nə heç bir aktyora səhnədən vaxtsız getməyi arzulamıram.
-Aktyor kimi maddi durumunuz necə olub? Çətinlikləriniz çox olub, ya əksinə?
-Bilirsinizmi, tək mən yox, o vaxtı mənimlə birgə sənətə gələn dostlarımın da maddi durumu yaxşı olmayıb. İnanın ki, yaxşı olmayıb. İndiki gənclərə mən hərdən məəttəl qalıram. Çox gileylənirlər ki, maaşımız azdı, pulumuz yoxdu. İnanın, mənim elə vaxtım olub ki, cibimdə on qəpik pulum olmayıb ki, avtobusa minib evə gedim. Və yaxud da qış vaxtı əynimdə qalın paltom, başımda isti papağım olmayıb. Amma bunlar məni işimdən sənətimdən heç vaxt aralaşdırmayıb, soyutmayıb. O vaxtı bizim də maaşımız yüksək deyildi. Sadəcə olaraq onda bizə dublyaj, televiziya tamaşaları, filmlər kömək edirdi ki, pis vəziyyətdən çıxaq. İndi o dörvə baxanda aktyorlara qayğı daha çoxdur. Gənclərə də məsləhətim budur ki, səbrli olsunlar. Əsas işlərini sevsinlər. Çünki gələcək də onlarındı, teatrda.
-Gənclərdən söz düşmüşkən, bu gün istedadlı gənclər yetişir?
-Əlbəttə istedad həmişə olub. İndi də var. Amma istedadın da parıldaması üçün şərait yaranmalıdı. Mən hərdən deyirəm ki, bizim nəsil bəxti gətirmiş nəsildi. Bayaq qeyd etdiyim kimi biz teatrda işləyə-işləyə dublyaja gedirdik, filmlərə, televiziya tamaşalarına çəkilirdik. İndiki gənc nəslə də teatrdan əlavə imkanlar yaradılmalıdı. İndi şükür ki, seriallar çəkilir. Mən cavan aktyorların çoxunu həmin seriallarda görəndə sevinirəm. Yəqin ki, kinolarımızın da sayı çoxalacaq. Bilirsinizmi, birdən-birə hər şeyi yaratmaq mümkün deyil. Səbirli olmaq lazımdı.

(ardı növbəti sayımızda)

TƏQVİM / ARXİV