GƏNCƏDƏ BİR ÇİNAR VAR

VAQİF YUSİFLİ
49373 | 2014-12-26 02:50
"Qədim Gəncədə - bu dahilər və çinarlar şəhərində bir yazıçı yaşayır. O torpaqda boz toxumun, çəlimsiz çiliyin, cansız tingin əlindən torpağa düşən kimi yaşıl fəvvarəyə çevrildiyi kimə məlum deyil? O yazıçı dostumuz ömrünün 60-cı baharına qədəm qoyur. Və əgər torpağın, ağacın, axar suyun insana bənzədiyini qəbul eləsək, Gəncənin göylərə baş alan hansısa bir çinarının o yazıçıya oxşarlığını görərik. Ömrü boyu öz əlinin-qələminin zəhməti ilə yaşamış, Gəncədən çox-çox uzaqlarda tanınmış Qərib Mehdi yaradıcılığı ilə o çinarlar arasında bir qəribə oxşarlığı hələ neçə il əvvəl sezə bilmişəm".
Görkəmli nasirimiz Qərib Mehdiyə həsr olunan bu yazını on səkkiz il əvvəl qələmə almışdım. İndi Qərib Mehdi yetmiş səkkiz yaşındadır və o çinar - insan bir az da ucalıb, kökü bir az da dərinlikliklərə gedib. Qərib Mehdi bu on səkkiz il ərzində yaradıcılıqdan, ona ömrü boyu baş ucalığı gətirən, oxucuların sevimlisinə çevrilən sənət dünyasından ayrılmayıb.
Ancaq, nə gizlədim, Qərib Mehdi ilə çoxdandı görüşmürük. Bunun mənə xeyli ziyanı dəyib. Birincisi; sevdiyim bir yazıçı ilə söhbət eləmək, onun adi məişət qayğılarından tutmuş yaradıcılıq aləminin olaylarına qədər söhbətlərinə qəribsəmişəm. İkincisi; əgər tez-tez görüşsəydik, bir-birimizin necə yaşa dolduğunu da hiss etməzdik. Amma buna baxmayaraq, mən Qərib Mehdini tez-tez "görürəm", onun "Azərbaycan" jurnalında dərc edilmiş povestlərini, hekayələrini oxuyuram, bir dost sədaqəti ilə mənə göndərdiyi kitabları vərəqləyirəm.
Son illərdə o, tez-tez yazır və bu yaşda özünə fiziki cəhətdən zülm eləsə də, elə bilirəm bu, yaradıcılıqda məlum səbəblərdən biridir. Yazmamaq olmur.
Həmişə onu düşünəndə vaxtilə anasına həsr etdiyi "Qərib hey" hekayəsindəki o harayı xatırlayıram. "Bəzən bir könül sındırmaq istəyirəm, bəzən birisinə yuxarıdan baxmaq istəyirəm; bəzən birisinin vəzifəsində gözüm olur, ona quyu qazmaq istəyirəm, anamın səsi gəlir; "Qərib hey!"
Təbii ki, Qərib Mehdinin-yazıçılıqla, qələmlə dolanan bir insanın belə açıq ürəkliliyi, içindən gələn səsləri boğa bilməməsi onun nəsrində də təcəssüm edir. O, bütün ömrü boyu həqiqəti, həyatda gördüklərini qələmə alıb, yalan danışmayıb. Bu həqiqət hissi onun bədii təxəyyülünə də təsirsiz qalmayıb. Onlarla obrazları həyatdan, gerçəklikdən yaranan obrazlardır. Biz onları tanıyırıq. Amma Qərib bu obrazları elə ümumiləşdirib ki, burada ancaq yazıçı məharətinin şahidi olursan.
Mən öncə Qərib Mehdinin "Evin küçəyə baxan üzü" kitabında təqdim etdiyi iki xatirə yazısından söz açmaq istəyirəm. O, Azərbaycan nəsrinin yükünü öz çiyinlərində daşımış görkəmli nasirlərdən biri-Sabir Əhmədli və yazıçı-dramaturq, Gəncədə yaşasa da, Azərbaycan ədəbi mühitində kifayət qədər tanınan və sevilən Altay Məmmədov haqqında düşündüklərini, birbaşa ünsiyyətini, bu yazıçılarla görüşlərini qələmə alıb. Belə yazılar çox lazımdır. Ona görə ki, o yazıçılar artıq həyatda yoxdur, xatirələr isə onları unutmağa qoymur. Xoşbəxtlikdən mən də hər iki yazıçını tanıyırdım. Sabir Əhmədli ilə tez-tez olmasa da, hərdən görüşürdük. Qardaşı, Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədov haqqında televiziya üçün bir veriliş də hazırlamışdım. Sabir müəllimin romanlarından isə dəfələrlə söz açmışam, yaradıcılığı haqqında istər sağlığında, istərsə də vəfatından sonra portret yazılar dərc etdirmişəm. Çox ciddi insan idi. Qərib Mehdi onu ustad bir nasir və istedadın qədrini bilən, ona kömək və qayğısını əsirgəməyən bir insan kimi təqdim edir. "Mən onu bir ustad kimi çox oxuyur, çox öyrənirdim. Sən demə, o da bütövlükdə mənim şagird yaradıcılığımı izləyirmiş. Yeri gələndə fikir söyləyir, istiqamət verir, ədəbi səmaya tuşlanmış qanadlarımı bərkidir, uçarlıq qabiliyyətini artırırdı". Səmimi etirafdır. Çox mətləblər çözələnir bu xatirədə.
Altay müəllimlə çox az görüşmüşəm. Amma həm 60, həm də 70 illiyində haqqında məqalələr yazmışam. Ona həm məsafəcə, həm də ünsiyyət baxımından Qərib Mehdi daha yaxın olub. Və o xatirədə Altay müəllimin mürəkkəb təbiəti, amma bir yazıçı-dramaturq kimi ustalığı incə detallarla açıqlanır. 67 yaşlı Vaqif Yusiflinin 78 yaşlı Qərib Mehdiyə məsləhət verməyə ixtiyarı çatmır, amma istərdim ki, Qərib müəllim tanıdığı belə şəxsiyyətlər haqqında tez-tez yazılar yazsın. İndi isə keçirəm Qərib Mehdidən son zamanlar oxuduğum əsərlər barədə söz deməyə...g
"Skripka üçün mi simi" povesti zənnimcə, Qərib Mehdinin son illərdə yazdığı ən uğurlu əsəridir. Bu əsəri oxuyub qurtarandan sonra istər-istəməz Qəribin yetmişinci illərdə yazdığı "Rast" povestini də xatırlamalı oldum. Bu əsərlərin biri sovet dönəmində, biri isə müstəqillik illərində yazılıb. Amma ictimai quruluşlar, sistemlər dəyişilsə də, insanların xasiyyəti və xarakterində, əməl və hərəkətlərində oxşarlıqlar itməyib. İnsan öz keçmişindən necə ayrıla bilər, xasiyyət də, xarakter də bəzən əsrlər boyu dəyişmir. "Rast"da da, "Skripka üçün mi simi"ndə də Qərib Mehdi insan mənəviyyatının saflığını, əqidə təmizliyini, humanizmi təbliğ edir. Əgər cəmiyyətdə, yaşadığımız mühitdə mənəvi iqlim korlanırsa, ilk növbədə, yazıçılar bu mühiti dəyişmək barədə fikirləşirlər. Təbii ki, onlar inqilabçı deyillər, amma bədii sözün qüdrəti hər şeyə qadirdir.
"Rast" povestində Cəmil və Sərdar Ağabəyli konflikti ilə şərtlənən həyat materialı təkcə o uzaq illəri bizə xatırlatmır. O tipli konfliktlər indi də davam edir. Nə olsun, quruluş dəyişib, insanların içindən ki o pislik, yamanlıq, Şərin kökləri qeybə çəkilməyib. "Skripka üçün mi simi"ndə də Sərdar Ağabəyli tipini əvəz edən qüvvətli bir obraz nəzərə çarpmasa da, sanki onun "törəmələri" saflığın qarşısında bir sədd kimi ucalırlar. Doğrudur, dövran dəyişib, artıq müstəqillik illərində yaşayırıq. Qarabağ müharibəsinin şıdırğı vaxtlarıydı, amma millətin bu kor bağırsaqları hələ də irin verməkdə davam edirlər. İndi pullu Faiqlər meydan sulayır. Vaxtilə sevdiyi qadına indi o, evinin bəzəkli bir əşyası kimi baxır. Namuslu insanlar-Əhliman kişilər isə əzab çəkirlər. 400 dolları çatmır ki, musiqi istedadı olan sevimli nəvəsi üçün skripka alsın. Axır ki, dövrəsində olan adamların köməyi ilə skripka alınır. Amma uşağın ad günündə skripkanın mi simini qırır.
Povest lirik planda qələmə alınıb. Ümumiyyətlə, Qərib Mehdinin nəsri üslubi baxımından iki qola ayrılır. Vaxtilə "Rast" və "Qərib hey" kimi sırf lirik üslubda qələmini sınayan Qərib Mehdinin satik üsluba meyl etməsi mənə də təəccüblü görünürdü. Amma onun satirik, daha çox yumorostik planda olan hekayələrini oxuyanda hiss elədim ki, istedadlı bir yazıçı üçün üslubi müxtəlifliyin elə bir əhəmiyyəti yox imiş.
Qayıdıram mətləbə. "Skripka üçün mi simi" povestində Qərib Mehdi yeni dövrün həqiqətlərini əks etdirir. Zaman dəyişib və bu dəyişilən Zaman insanların psixologiyasında, həyata münasibətində də təbəddülatlar yaradıb. Müəllif dörd obrazı diqqət mərkəzinə çəkir. Əhliman kihi öz təmizliyi və mənəvi bakirəliyilə bizə keçmiş illərin nəsr əsərlərindəki kommunist obrazlarını xatırladır. Amma fərqi budur ki, onun mübarizə üsulu "dağıdıcı" xarakter daşımır, o, inqilabçı deyil. Dərdlər və xəstəliklər içində çabalayır. Amma sonadək kişi qürurunu hifz edir, bir kimsənin qarşısında əyilmir. Gəlini Humay xanım itkin düşən ərini gözləməyib ərə gedir, amma biz onu da qınamırıq. Bu tipli gözəl qadınların "fəlsəfəsi" bizə yaxşı tanışdır. Hansı şorgöz müdirinsə məşuqəsi olmaqdansa, ərə getmək daha yaxşıdır. Nəvə-Nicat isə gözlərimiz qarşısında böyüyür, yaşa dolur, anasının yanında yaşasa da, babasının tərbiyəsilə kamilləşir. Faiqə gəlincə, dövran onların olsa da, cılız mənəviyyatları belələrini mənəvi uçuruma sürükləyir. Təbii ki, povestdə Qəribə məxsus şirin təhkiyə tərzi, hər bir hadisənin mahiyyətinə varmaq cəhdi və ən əsası lirik-psixoloji incələmələr, ana dilimizin şəhdi-şəkəri povestin məziyyətləri sayılmalıdır. Özü də maraqlıdır ki, müqayisə etdiyim bu iki povestdə Qərib Mehdinin qəhrəmanları musiqi ilə nəfəs alan insanlardır. Ancaq deyim ki, birinci povestdə-sonda RASTın qalibiyyətli sədalarını eşidiriksə, ikinci povest sanki BAYATI ŞİRAZ üstə köklənib, qəmlidir, amma sonu nikbinlik doğurur.
Qərib Mehdinin "İç-içə üç povest" və "Evin küçəyə baxan üzü" kitablarındakı povestləri ilə də tanış oldum. Qəribin yumora, ondan daha kəskin satiraya meyl etməsini, öncə qeyd etdiyim kimi indi təəccüblə qarşılamıram. Doğrudan da, bu gün satira elə bil dincliyə qovuşub. Mirzə Cəlil, Sabir, Haqverdiyev, Sabit Rəhman, Mir Cəlal qələminə məxsus tənqid pafosunu davam etdirənlərin sayı çox azdır. Qərib Mehdinin "Xəstə", "Prezentasiya", "Qarğa", "Eşato", "Seçim" povestləri Azərbaycan gülüşünün yeni nümunələrini bizə təqdim edir. Bu povestlər həm gülüş mədəniyyətinin indiki səviyyəsi, həm də Qərib Mehdinin satirik-yumoristik istedadı haqda müəyyən təsəvvür yaradır.
Qərib Mehdi həyatın neqativ cəhətlərini, cəmiyyətdə, yaşadığı mühitdə baş verən mənfi halları ümumiləşdirməyi qarşısına məqsəd qoyub. Onun təsvir etdiyi neqativ aləmə daxil olarkən sanki Haqverdiyevin vaxtilə ifşa hədəfinə çevirdiyi "marallar"ın yeni, müasir tipləri ilə qarşılaşırsan. Təbii ki, zaman dəyişib, indi mollaları, baqqalları, tacirləri, qoçuları deyil, alim olmaq xəyalına düşən bisavadları, istedadsız jurnalistləri, bacarıqsız müğənniləri, harın biznesmenləri, bir sözlə, mənəviyyatsız adamları tənqid hədəfinə tuş etmək, onların böyük iddiaları ilə cılız varlıqları arasındakı təzadları canlandırmaq vacibdir. Qərib Mehdinin mühahidə "teleskopu" əsasən daha çox bələd olduğu jurnalistika və elm aləminin, evlər idarəsinin, redaksiyaların üzərinə tuşlanır və yazıçı öz "marallar"nın qolundan tutub bircə-bircə onları bizə tanıdır. Kimdir bunlar? İstedadsız bir insan-Çıraq müəllim. Özünü hamıdan yuxarıda görmək arzusu ilə yaşayan bu adam "Mıx-mismar müəssisəsinin tarixi" haqqında "əsər" yazır. Göründüyündən ifrat dərəcədə artıq görünmək arzuları puça çıxır, çünki içində onu böyüdəcək mənəvi bir təpər yoxdur. O, hətta yaxşı baxmadığı anasının vəfatından da öz cılız məqsədi üçün yararlanmağa çalışır. Burda da uğursuzluğa düçar olur. Fikrimizcə, Qərib müəllim bu obraza həddindən artıq karikatura cizgiləri bəxş edib. Onsuz da bu tipli mənfilər ruhən də, daxilən də, hərəkət və əməl baxımından da eybəcərdirlər, onları daha da eybəcərləşdirmək, ifşanı ifrat qrotesk səviyyəsinə çatdırmaq o qədər də effektli görünmür. Amma bu da Qərib Mehdinin priyomudur. Eyni priyomu biz "Prezentasiya" povestində də görürük. "Mən!.." kitabını özünə həsr edən Samur Salamat da Çıraq müəllimin başqa bir tayıdır. Amma bir məqamı qeyd edim: bu tipli "xəstələr" ədəbiyyat və elm aləmində az deyillər. Və özü də onların mühiti də var- iddialı "Mən"lərin öz tərifçiləri və havadarları olur. Sizə də yaxşı məlumdur ki, müstəqillik insanlara söz azadlığı verdi və bundan xeyli feyziyab olan bir qrup ədəbiyyat xəstəsi cild-cild "əsərlər" yazmağa başladılar. "Prezentasiyalar"ın sayı günbəgün artdı. Məncə, "Qarğa" povestində-Səftər Sinədəftərin kimliyilə bağlı bu "xasiyyətnamə" Qərib Mehdinin hər üç povestindəki tiplərini və onları ruhlandıran bazar iqtisadiyyatını səciyyələndirə bilər: "Səftər Sinədəftər işini bilən, ayıq adam idi. Bu adamın işə başlaması üçün nə günəşin xəbərdarlığına, nə saatın zınqrovuna, nə də ilham pərisinin nəvazişli çağırışına ehtiyacı vardı. O, çoxdan, hələ günəş qaranlığı əyməzdən əvvəl yazı masasının arxasına keçmişdi. Səftərin vaxt öldürməyə, bəhanə tapsa belə ixtiyarı yoxuydu.gBazar iqtisadiyyatı bütün sahələri qanadı altına almışdı. Hətta sənəti də. Səftər Sinədəftər mövqe seçmək ustalığına yiyələnmişdi. gPul qazanmaq, ad-san sahibi olmaq üçün ancaq işləmək, işləmək lazımıydı".
Qərib Mehdi dəyişilən dövranın havasını, mənəvi iqlimini bəsirət gözü ilə yaxşı müşahidə edir. "Humanist" povestində belə bir cümlə ilə rastlaşırıq: "Bir həyətdə dörd ailə yaşayırdı. Dolanışıqlarının maddi çəkisinə, nüfuzlarının əhatə dairəsinə görə bir-birindən fərqlənirdilər. Yəni, qapıları bir həyətə açılan bu dörd ailə dördmərtəbəli evə bənzəyirdi". Qərib Mehdi dövrün bu təzadlarını ustalıqla təsvir etməyə çalışır və əksərən buna nail olur. Lirik ruhlu Qərib Mehdini satiraya sövq edən də elə bu fərqli "mərtəbələrdir".
Yazmamaq olmur, Qərib müəllim! Yaz! Onları bizə tanıt! Yeni əsərlərinin intizarındayıq...

TƏQVİM / ARXİV