adalet.az header logo
  • Bakı 7°C
26 Dekabr 2014 09:44
68613
GÜNDƏM
A- A+

YENİ AVTOBUSLAR GƏTİRİLİB


Gündən-günə respublikamızda nəqliyyat sektorunun gücləndirilməsi və müasir tələblərə cavab verməsi üçün böyük tədbirlər həyata keçirilir. İlk növbədə Nəqliyyat Nazirliyi ona önəm yetirir ki, əhaliyə yüksək səviyyəli xidmət göstərilsin. Əlbəttə, sərnişinlər mənzil başına daha komfortlu və rahat avtobuslarla getmək istəyirlər. Bu mənada Nəqliyyat Nazirliyinin həyata keçirdiyi böyük layihələri alqışlayır və onu dəstəkləyirik. Çünki bütün hallarda nəqliyyat sektorunda yaxşılığa doğru atılan addımlar sərnişinlərin rahatlığı üçün hesablanıb.
İndiki avtobuslar isə daha müasir və komfortludur. Bu avtobuslardan 25-i artıq 65 saylı marşurut üzrə xəttə buraxılıb. Avtobusların hər birinin dəyəri 150 min avro məbləğindədir. Lizinq yolu ilə alınmış sərnişin avtobusları xəttə buraxılıbsa, deməli, ilk növbədə bütün mövcud problemlər öz həllini tapır. Birincisi, həmin avtobusları idarə edən sürücülərin hər birinin "D" kateqoriyası var. Üstəlik də, həmin sürücülər bir müddət kurs keçiblər. Və bu kurs da onunla bağlıdır ki, onların sərnişinlərlə münasibəti daha yüksək mədəni səviyyədə qurulsun.
Sevindirici haldır ki, 65 saylı marşrut Bakı şəhərində ən nümunəvi marşrutlardan sayılır. 9-cu mikrorayon və Azneft dairəsi istiqamətində hərəkət edən 65 saylı marşrut demək olar ki, elə əvvəldən digər marşrutlardan seçilib. Ən azından avtobusların təmizliyi və sürücülərin sərnişinlərlə yüksək mədəni səviyyədə rəftarı diqqət mərkəzində saxlanılıb. Təbii ki, müasir avtobusları təmiz saxlamaq və ondan daha səmərəli istifadə etmək lazımdır. Eyni zamanda avtobuslardan istifadə edən sərnişinlər də oturacaqlarda əyləşərkən səliqə-səhmana əməl etməli, salonu çirkləndirməməli, oturacaqları və söykənəcəkləri kəsici alətlərlə doğramamalıdırlar. Çünki sirr deyil ki, əvvəllər gətirilən təzə avtobusların bir çoxunun salonunda oturacaqların arxa hissəsi kəsici alətlərlə kəsilir, hətta ora kimlərsə öz şəxsi mobil telefon nömrələrini və adlarını da yazıblar.
Digər 25 avtobus isə 61 saylı marşrut üzrə istismara buraxılacaq. Şəhərin mərkəzində istismara buraxılacaq bu avtobuslar ilk növbədə yerli sakinlərin və əcnəbilərin diqqətini cəlb edir. Aydındır ki, avtobus nə qədər səliqəli və təmiz olsa da sürücünün sərnişinlə adi bir kobud rəftarı hər şeyin üstündən xətt çəkə bilər. Amma nə yaxşı ki, öncədən hər iki marşrutda avtobusları idarə edəcək sürücülər təlimatlandırılıb və onlara sahkibkarlar tərəfindən tövsiyələr verilib. Məhz bu tövsiyələr əsasında da sürücü-sərnişin münasibətləri zamanın tələbinə uyğun olaraq tənzimlənəcək.
Yeni avtobusların xəttə buraxılması ilə əlaqədar olaraq qiymətlərin qalxacağı ilə bağlı söz-söhbətlər də yaranıb. Əgər deyilən şayiələrə inansaq, qiymətlərin qalxması ilə sahibkarlar Tarif Şurasına müraciət ediblər. Ancaq Tarif Şurasının məsul şəxsləri isə bildiriblər ki, Bakıda "Sərnişinnəqliyyat"da avtobusların təzə və köhnə olmasından asılı olmayaraq qiymətlər qalxmayacaq.
Təbii ki, bu açıqlamanı eşidəndən sonra Bakı sakinlərinin və eləcə də yeni avtobuslardan istifadə edən sərnişinlərin əsəbləri sakitləşib. Yəni Yeni il qabağı avtobuslarda gedişhaqqı qaldırılmayacaq və sərnişinlərin qanı qaralmayacaq.