BU DÜNYADAN SARA GETDİ

VAQİF YUSİFLİ
48594 | 2014-12-25 09:36
(Yazıçı-sənətşünas Sara Oğuzun 70 yaşı tamam oldu)

Amansız xəstəlik olmasaydı, bu il dekabrın 29-da tanınmış yazıçı-sənətşünas Sara Oğuz (Nəzirova) öz yetmiş yaşını görəcəkdi. Amma heyf, Süleymana qalmayan dünya Sara Oğuza da qalmadı. Bircə təsəllimiz var ki, Sara xanımın yadigarları - yazdığı hekayələr, povestlər, incəsənətin müxtəlif sahələrinə aid qələmə aldığı məqalələri və bir də onu sevən, heç vaxt unutmayan dostlarının Saralı xatirələri durur.
Deyirlər ki, Allah ağıl və gözəlliyi paylayanda hər adamdan birini əsirgəyir, kimdənsə gözəl camalı, kimdənsə ağlı... Yalnız yüzdən bir adama bunların hər ikisini bağışlayır. Sara xanım bu yüzdən bir xanımlardan idi. Cavan ikən onu Nefertitiyə bənzədirdilər, elə yaşa dolanda da gözəlliyini itirmədi. Amma biz onu daha çox ağlına, kamalına və istedadına görə sevirdik.
Sara Mollaçı qızı Nəzirova Oğuz diyarında (keçmiş Vartaşen) dünyaya göz açmışdı. APİ-nin İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsini bitirmişdi. Özü deyirdi ki, orta məktəbi bitirəndən sonra ADU-nun filologiya fakültəsinə daxil olmaq istəyirdim. Amma yüksək bal toplaya bilmədim və yığdığım balla məni APİ-yə göndərdilər. Oxumaq istəmirdim, lakin atam təkid elədi. Oxudum, özü də əla, amma ürəyimcə deyildi. Elə tələbəlik illərində meylimi Axundov kitabxanasına saldım, dünya təsviri sənətiylə bağlı qalın-qalın kitablar oxudum, Bakıda nümayiş etdirilən bütün sərgilərdən ayağım kəsilmədi.
İnstitutu bitirəndən sonra Sara xanım İncəsənət Muzeyində işə girdi, ömrünün iyirmi iki ilini burada keçirdi, adi baxıcılıqdan şöbə müdirliyinə qədər yüksəldi. Elə ilk elmi-publisistik və bədii yazılarını da burada qələmə aldı.
O, incəsənət aşiqi idi. Sənətin əksər janrları haqqında fikir və mülahizələrini oxucularla bölüşürdü, tanınmış sənət bilicisiydi. Onun belə bir sözü vardı: "Mən xoşbəxtliyi yox, gözəlliyi seçmişəm, çünki xaliq öz sifətini gözəllikdə göstərir". Sara xanımın xoşbəxtliyi də elə bu gözəllik axtarışlarındaydı. Onun bu axtarışları sənətşünaslıq aləminə bir sıra töhfələr bəxş etmişdi: "Gözəlləmə", "Ocaqlarımızın bərəkəti", "Çin süsləməsi", "Keçmişimiz və mədəniyyətimiz", "Şəki xan sarayı və bərpaçı", "Söz sənəti və miniatür", həmçinin rəssamlıq sənəti ilə bağlı məqalələri adi yazılar deyildi, elmi təfəkkürün məhsuluydu. Bircə bu sətirlərə diqqət yetirin: "XX əsrin qurtaraqurtarında Bakının küçələrində hələ də tirmə şal örtmüş nəcib nənələrə rast gəlmək olur. Aqilə o dəqiqə əyan olur ki, sünbülündən su daman bu ahıllar əsil-nəcabətli ailələrdən qalanlardı. Əyalına tirməşal almaq hər kişinin hünəri deyildi. Tirməşal nazik yundan elə zərif toxunub süslənərdi ki, üzük qaşından sıyırıb çıxarmaq olardı. Tirmənin elə növləri vardı ki, tərəzinin bir gözünə o qoyulardı, digər gözünə alan bəxtəvər qızıl pulları bir-bir buraxardı. Qızılın ağırlığı tirmənin vəzninə tən gələndə müştəri şalı götürüb "Allah xeyir versin" deyə, satanla halallaşıb yola düzələrdi. Tirmə kübar malıdı, bahalıqda da, ağayana-göz çıxartmayan rəngləriylə də. Bəyzadələr tirmədən arxalıq, şəbgülah-gecə papaqları geyərdilər".
Sara xanım etnoqraf idi. Bizim milli-mənəvi varlığımızın bərəsi olan adət-ənələrə yaxşı bələd idi, Şərq və Azərbaycan xalçaçılıq sənətinə, rəssamlığa, musiqiyə aid yazıları da bunu sübut edir. Bu mənada onu məşhur yazıçımız Əzizə xanım Cəfərzadə ilə müqayisə etmək olar. Bir dəfə ona sual verdim ki, bu etnoqrafiya meyl sizə hardan gəlir. Dedi ki, o çeşmənin mənbəyi əsl, canlı muzey olan mənim əziz Çiçək nənəmdən, yumaq nənəmdən gəlir. Çiçək nənəmin qoxusu gələn evimizdə, rəfin altında ərəb əlifbası ilə yazılmış qara, ağır kitablar yığılmışdı. Xoşuma gəldiyindən şəkillərini cırmışdım. Nənəmin sözləri indi də qulağımdadır: "Ay çiçəyi burnunda gedəsən, adam da kitabı cırarmı? Günahdı, bala, Qurandı!" Get-gedə yaşa doldum və dərk etdim ki, kitab müqəddəs şeydir, ona toxunmaq olmaz, ancaq oxumaq olar və meylimi kitablara saldım. Anam Telli də başqa bir aləm idi. Əsərlərimdə o təsvirlərin çoxu nənəmdən, Telli anamdan öyrəndiklərimdi, həmçinin kitablardan oxuduqlarım, həyatda gördüyüm və müşahidə etdiklərimdi. Sara xanımın nəsr əsərlərində də bu xüsusiyyət özünü göstərməkdədir. Onun demək olar ki, bütün bədii əsərlərində milli mənəviyyatımızın göstəriciləri olan ilkin əlamətlər: adət-ənənələrimiz, folklordan gələn işıq bol-bol təsvir və təbliğ edilir. Sara xanımın əsərləri bu mənada zəngin informasiya doğurur və əminəm ki, xaricdə yaşayan bir oxucu bu əsərlərlə tanış olsa, Azərbaycan haqqında-onun adət-ənənələri, geyimləri, xörəkləri barədə xeyli təsəvvürü olacaq. Bu oxucu biləcək ki, analarımızın necə çeşidli oxşamaları var, cavan qızlarımız güzgü qabağında necə xəyala dalır, bəzənib-düzənir. Bu qədər çiçək, qılınc, meyvə, ot, dərman və s. əşyaların adlarını yadda saxlamaq, ağılara, laylalara, oxşamalara heyran kəsilmək, az qala bütün atalar sözləri və məsəlləri sinədəftər eləmək təkcə yazıçı qüdrəti, etnoqraf hünəri deyil, həm də bir vətənpərvərlik missiyasıdır.
Sənətşünas Sara Oğuzun bədii yaradıcılığa meyli də təsadüfi deyildi. O deyirdi ki, mənim üçün incəsənətlər arasında fərq ancaq materialda və kompozisiyanın necə qurulmağındadır. İllər boyu böyük həvəslə öyrəndiyim rəsm əsərləri, memarlıq nümunələri, kino, teatr tamaşaları təkcə göz doğurmaq üçün olmayıb. Onsuz da ölənəcən göz doymur, hər yeni sənət əsəri ilə üzləşəndə heyrətin bir daha artır. Mən də bu heyrət dolu təəssüratlarımı Sözə çevirdim. Əvvəlcə elmi-publisistik yazılar, sonra da hekayələr qələmə aldım.
Sara xanım ədəbiyyata bir qədər gec, yetmişinci illərin sonlarında gəlib. İlk hekayələrini "Azərbaycan" jurnalında çap etdirib. Qələmə aldığı hekayə və povestlərdə əsas mövzu mənəvi azadlıqdı. Onun təsvir etdiyi qəhrəmanlar yaşadıqları boğucu mühitin havasına dözmür, "çərçivəyə" sığmırlar. Etirazçı əhval-ruhiyyə, fərdi-mənəvi azadlığa meyl, eyni zamanda gözəllik qarşısında heyrət, özünüdərkə-özünüidraka çağırış bu qəhrəmanların həyat idealını müəyyənləşdirir. Onun "Ümid ulduzu", "Savab yiyəsi", "Tale damğası" povestləri, "Bayat oxşaması", "Yevlaxdan keçən yollar", "Ölü dərdi", "Köhnə kişi" və s. hekayələrində biz həyatı, insanların psixologiyasını dərindən öyrənən bir yazıçını görürük.
Sara xanımla vaxtilə (1996-cı ildə) bir müsahibə aparmışdım. Ondan soruşmuşdum ki, bu dünyaya, ədəbi aləmə, oxuculara demədiyi sözü qalıbmı? Onda dedi ki, bu yazdıqlarım mənim sənət ömrüm üçün bir başlanğıcdır. O sənət ömrümün sonunda mən hələ yazmadığım beş kitabımı görmək istərdim. Birincisi-məhəbbət haqqında olacaq. İstərdim ki, bu əsərimdə qadınlarımızın səmimi, insani məhəbbətini qələmə alım. Bir az romantik, bir az realist səpgidə. Füzulidən sonra məhəbbət dünyasının dərin qatlarına biz hələ enə bilməmişik. İkinci kitab repressiyaya uğrayan qadınlarımız haqqında, onların fədakarlığı barədə olacaq. Demək olar ki, bu sahədə böyük bir boşluq var. Üçüncü kitab "Uşaqlığımın itirilmiş dünyası" olacaq. O dünya ki, onun səmasında ulduzlar gül açırdı, o dünya mənim uşaqlıq dünyamdı. Mən bu uşaqlıq dünyamla bugünüm arasında keçdiyim yollara boylanmaq istərdim. Dördüncü kitab əsrimizin ictimai-siyasi mənzərələri ilə bağlı olacaq. Hər bir sənət adamı siyasətdə iştirak edib-etməməyindən asılı olmayaraq baş verən hadisələrə öz münasibətini bildirməlidir. Beşinci kitabım XX əsr Azərbaycan rəssamlarının yaradıcılığı ilə bağlı sənədli-bədii kitab olacaq.
Amma çox təəssüf ki, Sara Oğuz bu arzularını gerçəkləşdirə bilmədi. Həyati qayğılar və bir də xəstəlik ona imkan vermədi ki, o kitabları yazsın.
Amma biz onu unutmuruq.

TƏQVİM / ARXİV