adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Sakit Don

SAMİRƏ ƏŞRƏF
30628 | 2014-12-25 10:30
İnsanlar arasında yaranan, dərin uçurumlara səbəb olan maneələrdən biri də səmimiyyət çatışmamazlığıdır. Səmimi olmamağın ucbatından hamı bir-birini aldadır, yalan danışır, incidir. Halbuki baş verən xeyli pisliklərin qarşısını bircə vasitə ilə almaq mümkün olardı. Bu vasitə isə yalnız və yalnız səmimi olmaqdan ibarət idi. Lakin, verdiyim bu nəsihətə baxmayaraq artıq mən özüm də istər həyatımda, istərsə də mətnlərimdə ifrat səmimi olmamağa qərar vermişəm. Gözəl olan və ya olmayan duyğuların, müqəddəs arzuların yaratdığı əhvalı bir neçə kəlməlik sözlə mətnə çevirmək sonra necə gəldi, hara gəldi səpələmək içində daşıdığımız hisslərə, həmin hisslərin yaradıcılarına birbaşa xəyanətdir. Bu cür xəyanətlə məşğul olan insanlar onsuz da zamanla əriyib yoxa çıxırlar. Onlardan geriyə böyük boşluq və mənasızlıq qalır.
Baxırsan ki, yaşı xeyli ötmüş, müdrik görüntülü, dünyagörmüş adamdı. Ümid edirsən ki, onda nəsə bir həqiqət qığılcımı var. Amma həmin adam ağzını açıb bir-iki kəlmə danışan kimi məlum olur ki, o, gözlə görünənlər bir tərəfə, ürəyində olanların da hamısını utanmazcasına xərcləyib qurtarıb. Geriyə mənasız yerə döyünən ürək, bir də səfil ruh qalıb.
Bəzən həyatın elə bir mərhələsi gəlib yetişir ki, insan öz iradəsindən kənar dayanıb baş verə biləcək hadisələri, fırtına kimi qopan anları seyr etməyə məcbur olur. Elə qərarlar qəbul etmək məcburiyyəti yaranır ki, bunları ertələməyin artıq qeyri-mümkün olduğunu əzabla dərk edirsən. Bu cür ağır mərhələlərdə illərin sınağından çıxmış kitabların, əsərlərin köməkliyi çox vacib şərtdi ki, özünü qayalardan aşağı yuvarlanmaqdan qorumağı bacarasan.
İnsan şüurunun, bəsirət gözünün açılmasına xidmət edən əsələrdən biri də "Sakit Don" əsəridi. Dünya ədəbiyyatında Mixail Şoloxov qədər insan əzablarını dərindən anlayan, onların ürək sancılarını və bu sancıların yaratdığı ən kiçik məqamları belə həssaslıqla hiss edən yazıçı çox azdır.
"Sakit Don" başdan-ayağa məhəbbəti, ayrılığı, həsrəti, müharibəni xatırladan bir əsərdi. Əsərin bütün qəhrəmanlarının özünə görə dərdi-səri, yaşayış tərzi, həyat hekayəsi var.
Əsər boyu öz xarakterləri və taleləri ilə məni dəhşətli dərəcədə kədərləndirən, ağrıdan iki qadın obrazı vardır. Aksinya və Nataliya. Bu iki qadını bir-birinə eyni kişiyə olan məhəbbət birləşdirir. Həmin məhəbbət həm də onları bir-birinə nifrət etməyə məcbur edir. Onlar hər ikisi Qriqorini bir-birilərindən çox sevdiklərini fikirləşirlər. Aksinya xəyanətkar, ehtiraslı və ömürlük Qriqorini sevməyə məhkum olunmuşdur. Nataliya isə hələ gənc yaşlarından Qriqorinin uğursuz sevgisinə tuş gəlmiş və xəstəlik kimi canına hopan məhəbbətə boyun əyməyə məcburdu. Biri məşuqə, o biri isə nikahlı qadın. Lakin bu qadınların heç biri öz məhəbbətlərinə tam şəkildə sahib çıxa bilmirlər. Müharibə, ailə dəyərləri, kazak elinin adətləri hər addımda bu üç insanın başı üzərindən domokl qılıncı kimi asılıb qalır. Bunlarla yanaşı baş verən hadisələr bu iki qadının məhəbbətinə toxuna bilmir. Qriqori ölən günə qədər Aksinyanın ehtiraslı, təmənnasız məhəbbətniə sadiq qalır. Lakin Nataliyanı da uşaqlarının anası, arvadı nəhayət köməksiz bir qurban kimi sevir. Görünür bu səbəbdənir ki, Melexovlar ailəsinə soxulan ölümlərin içərisində Qriqori üçün ən sarsıdıcı və gözlənilməz ölüm də Nataliyanın ölümü olur. Bu itki onu dərindən yaralayır. Sonralar atasının, anasının, hətta balaca qızının ölümü belə onu Nataliyanın ölümü qədər ağrıtmır. O, peşmançılıq çəkir. Bir insanın ölümündə böyük payı olduğunu, taleyin ona amansız oyun oynadığını dərk edib, ömürlük vicdan ağrısına məhkum olur. Elə əsərin ən təsirli hissələrindən biri də məhz Nataliyanın ölümü ilə başlanıb, bitən hissələrdi.
Şoloxov "Sakit Don" əsərində müharibənin insan həyatına vurduğu zərbələri, xalqların başına gətirilən zülmləri ustalıqla qələmə almışdır. Vaxtilə öz kəndində cavanlıq edən, sevib, sevilən, təhlükələrdən qorxmayan Qriqori Melexov müharibədə keçirdiyi yeddi il nəticəsində evinə saç-saqqalı ağarmış, beli bükülmüş, ona əziz və doğma olan hər kəsi itirmiş heybətli bir varlıq kimi qayıdır. Yorğunluqdan və mənəvi ağrılardan ağlını itirməməkdən özünü güclə saxlayan Qriqori üçün sevdiyi qadının ölümü artıq son olur. O, Aksinyanı dəfn etdikdən sonra yazıçının təbirincə desək, anlayır ki, onun həyatında bundan dəhşətli heç nə ola bilməz. Və nə baş verməliydisə, artıq baş verib. Şoloxovun qəhrəmanı mənən ölüb, məhv olur.
Əsərdəki hadisələrin ardıcıllığı, qəhrəmanların həyatında baş verənlər, müharibə xronologiyasının təsvirindəki yazıçı dəqiqliyi insanı sadəcə olaraq heyrətə salır. Əslində bu cür ağır və dərk olunması çətin əsər haqqında bir yazıda uzun-uzadı sözlər izhar etmək fikrimcə lazım da deyil. Bir vacib məsələni də qeyd edib yazıma son vermək istəyirəm. "Sakit Don" əsərini kitabla, kağızla maraqlanan hər insanın oxuması çox vacibdir. Çünki bu və bu qəbildən olan əsərlərin var olması insan qəlbinə yığılmış çirkin, pasın təmizlənməsinə xidmət edir.

TƏQVİM / ARXİV