adalet.az header logo
  • Bakı 19°C

NÖVBƏ MÜTTƏFİQLƏRƏ ÇATDIMI?..

BABƏK YUSİFOĞLU
32601 | 2014-12-25 02:29
Maraqlıdırg Azərbaycanın da sıx əlaqə saxladığı - işğalçı Ermənistan istisna olmaqla - MDB ölkələrindən bəziləri son vaxtlar Moskvanın iradəsindən kənar davranışlar sərgiləməyə başlayıblar. Ən azı cərəyan edən proseslər bunu aydın şəkildə göstərir. İlk növbədə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Kremlin təsis etdiyi Gömrük İttifaqındakı samitində rəsmi Bakının Ermənistanın "Dağlıq Qarabağsız" üzvlük məsələsi ilə bağlı bildirdiyi tələblərə anlayışla qarşılıq verməsi həmin dövrdə müxtəlif cür şərh edilmişdi.
Lakin bəzi ekspertlərsə bununla bağlı şərhlərində Qazaxıstanın müstəqil mövqe sərgilədiyini bildirdilər. Əslində bu qənaət o zaman çox inandırıcı görünməsə də hər halda "müstəqil mövqe" iddiaları yüksək tribundan elan edilirdi. Çünki fakt belə idi. Və bu əslində Bakının nüfuzunun nümayişiydi. Ardınca Minskin də Yerevanın İttifaq üzvlüyü haqqında müəyyən prosedürlərin tələblərindən danışması çox şey demək idi.
Məlumdur ki, Putin artıq Ermənistanla bağlı öz müsbət niyyətlərini reallaşdrmaq üçün addımlarını atıb. Amma ardınca bir çox ekspertlərin gözlənilməz hesab etdiyi proseslər də özünü çox gözlətmədi. Belə ki, Gömrük İttifaqının əlamətdar günləri hesab edilən bu ərəfədə kifayət qədər qəribə siyasi hadisələr baş verməkdədir. Ukrayna ilə müharibə vəziyyətində olan Rusiyadan fərqli olaraq Belorusiya ilə Qazaxıstan Kiyevə qarşı kifayət qədər isti münasibət göstərməyə qalxıblar.
Bir neçə gün öncə Ukrayna prezidenti Peter Poroşenkoyla görüşən Lukaşenko ilə Nazarbayev sülhün əldə edilməsi üçün Kiyevə dəstək verməyə, xüsusən də Ukraynanın iqtisadi böhrandan qurtarmaq istiqamətində hər çür köməklik göstərməyə hazır olduqlarını bildiriblər. Aleksandr Lukaşenko:
"Mən çox istəyirəm ki, Ukrayna üçün yaxşı olsun. Bir çoxları bunu hansısa oyun kimi anlayacaq, lakin mən əminəm ki, siz bunları belə qiymətləndirmirsiniz. Siz prezidentsiniz və sizin üçün çox ağrılıdır. Mənə də ağırdı. Və mən bütün bunlardan çıxış edirəm. Bunları sizə əvvəllər də bildirmişəm, əgər Belorusiyadan bir şey lazımdırsa söyləyin. Sizin istədiklərinizi biz bir sutka içərisində yerinə yetirərik. Ukrayna prezidenti nə xahiş edibsə - hamı eşitsin deyə söyləyirəm - biz onları həmişə yerinə yetirmişik. Və bundan sonra da belə olacaq".
Əlbəttə, kim nə deyirsə desin, Rusiyanın ən yaxın müttəfiqlərinin Ukraynanın ünvanına belə səmimi sözlər söyləməsi həqiqətən də bir qədər qəribə görünür. Hətta bir sıra rus nəşrləri bunu Rusiyaya xəbərdarlıq kimi dəyərləndirməkdən də çəkinmədilər. Əlbəttə, diqqətlə baxsaq ən müxtəlif istiqamətlərdən şərhlər edildi. Və bu şərhlərin hər birini hansı məqamına görəsə haqlı hesab etmək mümkündü.
Lakin mənə elə gəlir ki, həm Nursultan Nazarbayev, həm də Aleksandr Lukaşenko nəinki Qərbin, az qala dünya ölkələrinin çoxunun Kremlin davranışlarına qarşı çıxdığının ciddi fərqindədirlər. Onlar da anlayırlar ki, iqtisadi sanksiyalar üzündən vəziyyəti mürəkkəbləşən Rusiya özünü xilas etmək üçün Qazaxıstanla Belorusiyanı da öz ardınca çəkə bilər. Məhz bir neçə gün əvvəl Lukaşenkonun Belorusiya ilə Rusiya arasında bütün maliyyə hesablaşmalarının yalnız dollar və avro ilə aparılması haqqında göstəriş verməsi belə bir qənaətin doğruluğuna dəlalət edir.
Hər iki respublika Moskvanın xətalarının qurbanlarına çevrilmək istəmirlər. Bundan başqa, Qazaxıstan, ən çox da Belorusiya lideri Qərbin gözündə diktator imicini sınırmaq şansını da sınaqdan çıxarmaq istəyir. Göründüyü kimi, Qərbə açıq şəkildə mesaj ötürürlər ki, biz də sizin kimi Ukraynanın yanındayıq, Kremlin hərəkətlərini qınayırıq.
Əslində tanınmış politoloq Aleksey Maleşenko və proseslərə daha obyektiv yanaşan digər şərhçilər də bu qənaətləri bölüşürlər. A. Malaşenko: "Get-gedə Rusiya daha da təcrid olunmuş vəziyyətə düşür. Hətta tədricən müttəfiqləri də ondan aralanırlar. Son bir neçə ayda bunu (N. Nazarbayevlə A. Lukoşenkonun sərgilədiyi mövqeyi nəzərdə tutur - B.Y.) ən ağrılı zərbə kimi dəyərləndirmək olar. Onlar gözəl anlayırlar ki, Rusiya rəhbərliyi səhvələrə yol verir. Baxın, onlardan kimsə Krımı Rusiyanın bir hissəsi kimi tanımayıb. Əlbəttə, ümid vardı ki, bir qədər sonra vəziyyət sakitləşər. Amma bu baş vermədi. İndi Belorusiya və Qazaxıstan rəhbərləri daha çox öz milli maraqlarına görə hərəkət edirlər ki, həmin maraqlar da Rusiyanın ambisiyalarına uyğun gəlmir".
Və burada daha bir real nüansı nəzərdən qaçırmaq olmaz. Yeni qurulmuş dövlətin müstəqil şəkildə yaşaya, siyasət yürüdə və inkişaf edə bilməsi çətinliklərini aşa bilməyəcəklərindən ehtiyatlanan ölkələr indi doğrunu rahatlıqla görə bilirlər. Çünki irəlidə gerçək müstəqillik bir örnək kimi gözlər önündədir: Azərbaycan. Rusiyanın qoltuğunun altına girib daha etibarlı dövlət olmaq istəyən həmin ölkələr bu gün görürlər ki, Azərbaycan hansısa "böyüyə" sığınmadan, yalnız və yalnız öz milli maraqlarına uyğun gələn müstəqil siyasət yeritməklə həmin ölkələrdən belə irəlidədir. Elə isə digərləri "böyük qardaş"ın xətalarını niyə bölüşsünlər? Və mənə elə gəlir ki, bu proses hələ davam edəcəkdir...g

TƏQVİM / ARXİV